Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

15.03.2021 13:28
  • A-
  • A
  • A+

Zəngilan rayonunun təbiət və meşələrinə dəymiş zərərin monitorinqi aparılıb

Zəngilan rayonunun təbiət və meşələrinə dəymiş zərərin monitorinqi aparılıb

Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə birgə işğaldan azad olunan Zəngilan rayonunun təbiət və meşələrinə dəymiş zərərin monitorinqi məqsədilə əraziyə baxış  keçirib, vizual müşahidələrə əsasən bitki örtüyü təhlil edilməklə bölgənin monitorinqini aparıb.

Ermənistan tərəfindən ərazilərimizin işğal edilməsi nəticəsində Azərbaycanın ekologiyasına və təbii sərvətlərinə vurulmuş zərərin miqdarı böyükdür. Qarabağın təbii sərvətləri, xüsusən bitki ehtiyatları ermənilər tərəfindən amansızcasına talan edilib. 30 il ərzində işğal altında qalan torpaqlarımızdan çıxarılan qızıldan sonra ən çox talan edilən meşələrimizdir.

Zəngilan rayonu coğrafi mövqeyinə, torpaq və iqlim xüsusiyyətinə görə, füsunkar gözəlliyə sahibdir. O cümlədən zəngin təbiətə malik olmaqla, təbii iqlim şəraitinə və münbit torpağına görə, zəngin meşələrlə və hər növ bitki örtüyü ilə xarakterikdir. Ərazisi şabalıdı, boz-qəhvəyi, çimli-çəmən torpaqlardan ibarətdir. Bitki örtüyündə bozqır formasiyası geniş yer tutur.

Misilsiz gözəlliyi ilə insanlığı məftun edən, dünyada analoqu olmayan təbiət abidələrindən biri də Kiçik Qafqazın cənubunda, Zəngilan rayonu ərazisində yerləşən 117 hektar əraziyə malik təbii çinar meşəsidir. Onun 107 hektarı 1974-cü ildə Bəsitçay Dövlət Təbiət Qoruğuna verilib. Burada yaşı 100-200 il, diametri 80-120 santimetr, hündürlüyü 25-30 metr olan çox miqdarda nümunələr var. Çinar meşəsinin bir hissəsində ağaclar qırılıb məhv edilib. Zəngin biomüxtəlifliyə malik Azərbaycan təbiətinin bir parçası olan Zəngilan rayonunda yerləşən Bəsitçay Dövlət  Təbiət Qoruğunda isə ətraf mühitə vurulan ziyanın məbləği ölçüyə gəlməz dərəcədədir. Ümumi sahəsi 107 hektar olan qoruq ermənilər tərəfindən talan edilməklə əhatəsindəki bitki örtüyünün tamamilə məhv olmaq təhlükəsi yaranıb. Qırmızı palıd ağacları kökündən çıxarılaraq doğranılıb, mebel istehsal edilib və çox hissəsi isə xarici ölkələrə satılıb. Bütün bunlar ermənilərin təbiətə, təbiət abidələrinə, bütövlükdə ekologiyaya vurduğu terror zərəridir.

Araşdırmalar zamanı  burada yayılmış Şərq çinarı, giləmeyvə, qaraçöhrə, ayı fındığı, Araz palıdı, yalan qoz, dağdağan, saqqızağacı kimi relikt növlərlə yanaşı, adi nar, meşə üzümü, Buase armudu, pirkal, şümşə, Eldar şamı, adi xurma, söyüdyarpaq armud kimi nadir növlər, çox güman mənfur ermənilərin iyrənc əməlləri nəticəsində məhv olmaq təhlükəsində olduğu müəyyənləşdirilib.

Bəsitçay vadisindəki çinar meşəsi təkcə Azərbaycana deyil, bütün Avropa təbiətinə məxsus olan nadir incidir. Lakin azğınlaşmış düşmənin törətdiyi vəhşilik ərazidə pasportlaşdırılmış Şərq çinarlarını məhv edilmə təhlükəsi ilə üz-üzə qoyub.

Monitorinq nəticəsində ərazinin dağlıq hissəsinin meşə örtüyündə iberiya palıdı (Quercus iberica) və Qafqaz vələsi (Carpinus caucasica), ardıcın 2 növünə - ağıriyli ardıc (J.foetidissima), alçaqboylu ardıc (Juniperus depressa Stev.) və kütyarpaq saqqızağacına (Pistacia mutica), qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq, yemişan, itburnu, murdarça, quru-bozqır, dağ kserofil bitkiləri, kolluqlar, qaratikan və s. rast gəlinib.

Quru daşlı yamaclarda Araz palıdı (Q.araxina), Qafqaz dağdağanı (Celtis caucasica Willd), Şərq vələsi (C.orientalis), Kütyarpaq saqqızağacı (P.mutica), iberiya ağcaqayını (Acer iberica), Araz qarağacı (Ulmus araxina.), söyüdyarpaq armud (Pyrus salicifolia) ardıc ilə seyrək meşəliklər yaradır. Bu meşəliklərdə kserofit kollardan: tikanlı dəvəqıran (Atraphaxis spinosa), iberiya doqquzdonu (Lonicera iberica), xırdameyvə albalı (Cerasus microcarpa), ortaboy acılıq (Ephedra intermedia Schrenk. Et. C.A.Mey.), kol jasmini (Jasminum fruticans), pallas murdarçası (Rhamnus pallasii) və qaratikan (Paliurus spina-christi) təbii halda yayılıb.

800 m-dən 1400 m yüksəklərdə, Sürtün massivində dağ badamı (Amygdalus fenzliana), nairi badamı (amygdalis narica) kütyarpaq saqqızağac (P.mutica), iberiya ağcaqayını (A.iberica), ağıriyli ardıca (J.foetidissima) və çoxmeyvəli ardıc (J.polycarpos) ilə qarışıq ağaclıqlar təbii halda yayılıb. Çox yerdə meşəaltı kimi topulqa (Spiraea sp.) üstünlük təşkil edir. Qaratikan (Paliurus spina-christij), tamkənaryarpaq dovşanalması (Cotoneaster integerrimus), Qarameyvəli dovşanalması (Cotoneaster melanocarpus), pallas murdarçası (Rhamnus pallasii), ağıriyli ardıca (J.foetidissima), Sıxçiçək zirinc (Berberis densiflora.), itburnu (Rosa sp.) cinsinə aid bir çox növlərə rast gəlinir. Meşənin ot örtüyü əsasən yovşan (Artemisia sp.), daşdayan (Andropogon sp.), məryəmnoxudu (Teucrium sp.), kəklikotu (Thymus sp.), solmazçiçəyi (Xeranthemum sp.), qaratikan, çaytikanı, itburnu, dovşanalması, həmçinin cincilim (Stellaria media), qırtıc (Poaannua) ətirşah (Geranium molle), gicitkan (Urtica dioica), qəndalaş (Sambucus ebulus), zəncirotu (Taraxacum vulgare) və adi nar (Punica granatum) cinsinə aid növlər təbii halda yayılıb.

Bəsitçay Dövlət Təbiət Qoruğunda əsasən Şərq çinarı (Platanus orientalis) üstünlük təşkil edir. Ərazidə çinar ağacı adi qozla (Juglans regia) qarışıq ağaclıq yaradır. Bu iki ağac növü meşəliyin I yarusunu tutur. II yarusda dağdağan (Celtis sp.), çay kənarında isə qovağ (Populus sp.), qarağac (Ulmus sp.), uzunsaplaq palıd (Q.longipes) növünə rast gəlinir.

Ərazidə iqlim dəişkənliyi və antropogen amillər bitki örtüyünun qismən dəyişməsinə səbəb olub. Qoruğun mövcud vəziyyətinin qiymətləndirilməsi üçün monitorinq qrupunun gəldiyi ümumi nəticəyə görə, burada Şərq çinarı ağacları kəsilib, qırılan ağacların köklərinin itirilməsi üçün müxtəlif partladıcı maddələrdən istifadə edilib, ərazidə yanğınlar törədilib ki, bu da qoruğun dağıdılmasına səbəb olub. Belə faktlar isə ekoloji terrordan başqa bir şey deyil.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: