AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Muxtar Auezov həyatı və yaradıcılığı” kitabı çap olunub.
Müəssisənin Türk xalqları ədəbiyyatı şöbəsində hazırlanan kitab “Sənətkarın elmi pasportu” seriyasında işıq üzü görən on səkkizinci nəşrdir. Monoqrafiya AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Böyük vətəndaş yazıçı və görkəmli ictimai xadim” başlıqlı ön sözü ilə çap olunub.
Vəsaitin elmi redaktoru və “Muxtar Auezov və böyük çöl mədəniyyəti” adlı giriş hissənin müəllifi filologiya elmləri doktoru, professor Məmməd Əliyevdir. Rəyçiləri filologiya elmləri doktorları, professorlar Əsgər Rəsulov və Ramiz Əsgərdir. Məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayevadır.
Monoqrafiyada qazax ədəbiyyatının görkəmli nümayəndəsi Muxtar Auezovun (1897-1961) həyatı və yaradıcılığı elmi cəhətdən dəyərləndirilir. Ədibin ömür yolu, ictimai fəaliyyəti və yaradıcılığının əsas sahələri tədqiqat obyektinə çevrilib.
Dörd fəsildən ibarət kitabın birinci fəsli (Muxtar Auezov: Həyatı, ədəbi və ictimai mühiti) Xuraman Hümmətova, ikinci fəsli (Muxtar Auezovun hekayə və povestlərində qazax milli düşüncəsi) Nizami Tağısoy, üçüncü fəsli (Muxtar Auezovun roman yaradıcılığı) Teymur Turan, dördüncü fəsli isə (Muxtar Auezovun dramaturgiyası) Nizami Tağısoy tərəfindən yazılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.