Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

16.04.2021 14:35
  • A-
  • A
  • A+

“Gəncənin IX-XV əsrlər şirli keramikası” adlı layihə öz işinə başlayıb

“Gəncənin IX-XV əsrlər şirli keramikası” adlı layihə öz işinə başlayıb

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda Azərbaycan və Özbəkistan mütəxəssislərinin iştirakı ilə “Gəncənin IX-XV əsrlər şirli keramikası” adlanan elmi layihə öz işinə başlayıb.  Həmin layihə Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunun (BMATİ) növbəti layihələrindən biridir.

Layihəyə muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı və UNESCO-nun İpək Yolu Onlayn Platform proqramının Azərbaycan üzrə əlaqələndiricisi və Beynəlxalq bürosunun vitse-prezidenti akademik Şahin Mustafayev rəhbərlik edir.

Aprelin 15-də layihənin Özbəkistan tərəfdən iştirakçılarından biri Özbəkistan EA Milli Arxeologiya Mərkəzinin Y.Qulamov adına Səmərqənd Arxeologiya İnstitutunun böyük elmi işçisi t.e.n. Alsulu İsgəndərova qədim Gəncənin şirli keramikası üzərində araşdırmalarını aparmaq üçün bir aylıq müddətə Azərbaycana gəlib. Akademik Nailə Vəlixanlı özbəkistanlı mütəxəssisi qəbul edərək, onunla fikir mübadiləsi aparıb.

Bu gündən Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri t.e.d. Tarix Dostiyev, Arxeologiya elmi fond şöbəsinin böyük laborantı Mircavid Ağalarov və özbəkistanlı mütəxəssisin iştirakı ilə elmi-tədqiqat işlərinə başlanılıb. İlkin mərhələdə qədim Gəncənin şirli keramikasının dövrlər üzrə qruplaşdırılması, təsvir və ölçülərinin götürülməsi və foto şəkillərinin çəkilməsi nəzərdə tutulub.

Sonrakı mərhələdə isə Alsulu İsgəndərovanın iştirakı ilə muzeyin Bərpa laboratoriyasında şirli keramikanın restavrasiyası və konservasiyası üzrə nəzəri və təcrübi məşğələ keçiriləcək.

Layihənin təşkilati işlərində Arxeologiya elmi fond şöbəsinin müdiri t.ü.f.d. Nasir Quluzadə də iştirak edir. Əldə olunan elmi nəticələr kitab şəklində çap olunacaq. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: