Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

“Xarıbülbül” musiqi festivalı xalqımızın Böyük Qayıdışının təntənəsidir
16.05.2021 15:55
  • A-
  • A
  • A+

“Xarıbülbül” musiqi festivalı xalqımızın Böyük Qayıdışının təntənəsidir

Azərbaycanın əldə etdiyi uğurların tərənnümü olan “Xarıbülbül” musiqi festivalı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın incisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın Ermənistanın işğalından azad olunmasından sonra ilk dəfədir ki, keçirilir.

1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə ilk dəfə baş tutmuş,  Şuşanın rəmzi hesab olunan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı 32 ildən sonra Cıdır düzündə Heydər Əliyev Fondu tərəfindən və şəxsən Fondun Prezidenti Mehriban Əliyevanın böyük səyi və zəhməti nəticəsində təşkil olundu.

Tarixi əhəmiyyəti olduqca böyük olan bu festival sənətin və sənətkarların musiqi bayramı, xalqımızın mənəvi zənginliyinin bütün dünyaya növbəti nümayişi olmaqla yanaşı, Şuşanın Cıdır düzündən beynəlxalq aləmə xalqımızın haqq-ədalət savaşında tarixi qələbəsinin təntənəsi, Azərbaycan xalqının milli birlik və həmrəyliyinin təcəssümü idi.

Ulu öndərimiz Heydər Əliyev daim Şuşanın tarixi görkəminin qorunmasına və bərpasına, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin beynəlxalq aləmdə təbliğinə diqqət göstərmişdir.

Düşmən işğal altında saxladığı müddətdə nə qədər çalışsa da, nə qədər abidələrimizi dağıdaraq doğma Şuşamızın tarixini silmək istəsə də, bunu bacarmadı, çünki Şuşa tarix boyu Azərbaycan xalqının mədəniyyət beşiyi olub. Artıq Şuşanın əsl sahibləri geri dönüb və uzun illər düşmən tərəfindən dağıdılan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir. Şuşanın əvvəlki şöhrətinin qaytarılmasında yeni dövr başlayır.

“Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”, – deyən Müzəffər Ali Baş Komandan İlham Əliyev hər birimizdə Şuşanın və doğma Qarabağımızın bütün dilbər guşələrinin dirçəldiləcəyinə, eləcə də həmin torpaqlarda Azərbaycan xalqının əbədi yaşayacağına tam əminlik yaradıb.

Tarixi Qələbənin qazanılmasından sonra dövlətimiz tərəfindən qəbul edilən strateji qərarlar, həyata keçirilən düşünülmüş, ardıcıl və sistemli tədbirlər ölkəmizin bölgədə formalaşmış yeni siyasi mənzərədəki mövqeyini davamlı olaraq gücləndirməkdədir. Qısa zaman ərzində Şuşada həyata keçirilən abadlıq-quruculuq işləri şəhərin mədəni imicinin özünə qaytarılmasına, orada həyatın canlanmasına səbəb oldu.

“Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir. Bu, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamıdır. Festivalın açılışında Prezident İlham Əliyev “Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir” fikirlərini səsləndirdi. Dövlətimizin başçısı bununla da şəhidlərimizin qanının yerdə qalmadığını, Şuşamızın başı üzərində dalğalanan bayrağımızın daim ucalarda olacağını bəyan etmiş oldu.

Festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələrinin də çıxış etməsi təsadüfi deyil, bu, ölkəmizdəki milli həmrəyliyi nümayiş etdirdi. Azərbaycan dünyada çoxkonfessiyalı, multikultural dəyərlərə sadiq, digər xalqların nümayəndələrinin də daim firavan, sülh, birlik və harmoniya şəraitində yaşadığı nadir ölkələrdəndir.

Qeyd edək ki, festival Azərbaycanın bir sıra görkəmli mədəniyyət və incəsənət nümayəndələrini, bir çox ziyalıları o cümlədən media mənsublarını və Şuşa sakinlərini bir araya gətirmişdir. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının da iştirak etməsi bütün AMEA əməkdaşlarını qürurlandırmışdır.

Uzun fasilədən sonra yenidən doğma Şuşamızda, Cıdır düzündə təşkil edilən bu tədbir Azərbaycanın gücünü dünyaya göstərdi. “Xarıbülbül” festivalı sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına, Böyük Qayıdışın təntənəsinə çevrildi.

Nərgiz QƏHRƏMANOVA

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: