Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

07.01.2022 09:54
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutu ilə Ukrayna MEA-nın Kibernetika İnstitutu arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İdarəetmə Sistemləri İnstitutu ilə Ukrayna MEA-nın Kibernetika İnstitutu arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Ukraynanın Kiyev şəhərində ezamiyyətdə olub.

Ezamiyyətin əsas məqsədi AMEA-nın İdarəetmə Sistemləri İnstitutu ilə Ukrayna Milli Elmlər Akademiyasının V.M.Qluşkov adına Kibernetika İnstitutu arasında 20 iyul 2021-ci il tarixində imzalanmış əməkdaşlıq müqaviləsinin icrası ilə bağlı bir sıra elmi-təşkilati məsələlərin həlli, aparılan birgə tədqiqatların nəticələrinin müzakirəsi, həmçinin birgə elmi-tədqiqat layihəsinin hazırlanması olub.

Səfər çərçivəsində Ukrayna MEA-nın vitse-prezidenti, akademik Vyaçeslav Boqdanovla görüşən Ə.Sadıqov işğal altında olan torpaqlarımızın azad edilməsi, ordumuzun yüksək hazırlıq səviyyəsi, onun müasir texnologiyalara əsaslanan silahlara və döyüş texnikasına malik olması, elmin və alimlərin ordu quruculuğundakı rolu, son illər Azərbaycan Milli Elmlər Akademiyasında, o cümlədən AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda həyata keçirilmiş islahatlar və əldə olunmuş nailiyyətlər, habelə AMEA-nın beynəlxalq əlaqələrinin genişləndirilməsi, Azərbaycan elminin dünya elminə inteqrasiyası üçün atılan konkret addımlar barədə ətraflı məlumat verib.

Görüş zamanı Ukrayna MEA-da aparılan elmi tədqiqatların əsas istiqamətləri, tətbiq olunan maliyyələşdirmə mexanizmləri, innovasiya fəaliyyəti, kadr hazırlığı və beynəlxalq əlaqələr kimi vacib məsələlərə toxunan akademik V.Boqdanov Azərbaycan-Ukrayna elmi əlaqələrinin inkişaf etdirilməsinin zəruri olduğunu qeyd edib.

Daha sonra Ə.Sadıqov Ukrayna MEA Rəyasət Heyətinin üzvü, Ukrayna MEA-nın İnformatika Bölməsinin akademik-katibi, V.M.Qluşkov adına Kibernetika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Aleksandr Ximiçlə görüşüb. Görüşdə Kibernetika İnstitutunun elmi katibi, fizika-riyaziyyat elmləri doktoru Sergey Yerşov və İdarəetmə Sistemləri İnstitutu ilə Kibernetika İnstitutu arasında əməkdaşlıq müqaviləsinin icrası ilə bağlı təyin olunmuş əlaqələndirici şəxs, institutun şöbə müdiri, fizika-riyaziyyat elmləri doktoru Pyotr Stesyuk da iştirak ediblər.

Görüş zamanı müəssisələr arasında mövcud elmi əlaqələrin inkişaf etdirilməsi və daha da genişləndirilməsi məqsədilə idarəetmə, sistemli analiz, riyazi modelləşdirmə, optimallaşdırma və süni intellektin ümumi nəzəriyyəsinin və metodlarının işlənib hazırlanması, həmçinin müxtəlif səviyyəli və məqsədli intellektual idarəetmə sistemlərinin qurulması üçün üsul və vasitələrin işlənməsi sahəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Bundan başqa, bir sıra elmi və elmi-təşkilati məsələlər, o cümlədən birgə tədqiqatların aparılması, kadr hazırlığı, elmi layihələrin hazırlanması və yerinə yetirilməsi, elmi konfransların təşkili və keçirilməsi, habelə elmi jurnalların reytinqinin yüksəldilməsi, elmi ədəbiyyat mübadiləsi, gənc tədqiqatçıların qısa və uzunmüddətli təcrübə keçməyə qəbul edilməsi və s. kimi məsələlər müzakirə olunub.

Akademik A.Ximiç Azərbaycan-Ukrayna elmi əlaqələrindən, o cümlədən Kibernetika İnstitutu ilə İdarəetmə Sistemləri İnstitutu arasındakı əməkdaşlığın tarixindən bəhs edərək bu əməkdaşlığa böyük əhəmiyyət verdiklərini qeyd edib. O, institutun elmi jurnallarının redaksiya heyətlərində azərbaycanlı alimlərin təmsil olunduğunu, xeyli sayda məqalələrin dərc edildiyini, onların, həmçinin rəyçi qismində çıxış etdiklərini xüsusilə vurğulayıb. Eyni zamanda beynəlxaq layihələrdə kollaborasiyanın qənaətbəxş olmadığını və ona görə də bu sahəyə diqqətin artırılmasının vacibliyini söyləyib.  

İnstitutun elmi katibi, fizika-riyaziyyat elmləri doktoru Sergey Yerşov əməkdaşlıq müqaviləsinin icrası ilə bağlı bütün elmi-təşkilati məsələlərin müntəzəm olaraq tərəflərlə razılaşdırıldığını və həll edildiyini bildirib. İnstitutun şöbə müdiri, fizika-riyaziyyat elmləri doktoru Pyotr Stesyuk isə əməkdaşlıq müqaviləsinin icrası ilə bağlı tədbirlər planının hazırlandığını və ardıcıl olaraq yerinə yetirildiyini diqqətə çatdırıb.

Ə.Sadıqov daha sonra Kibernetika İnstitutunun şöbələrində aparılan tədqiqatlarla tanış olub və Avropa Komissiyasının elan etdiyi “Horizon Avropa” müsabiqəsinə təqdim etmək üçün birgə elmi tədqiqat layihəsinin hazırlanması barədə ilkin razılıq əldə edilib. Ə.Sadıqov, həmçinin Ukrayna MEA-nın “SKİT” superkompüter kompleksindən kollektiv istifadə mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: