AMEA-nın Tarix İnstitutunun Azərbaycan Respublikasının tarixi şöbəsinin 2022 - ci il üçün hesabatı dinlənilib.
Hesabatı şöbənin müdiri, tarix elmləri doktoru, professor Mais Əmrahov təqdim edib. O bildirib ki, institutun 2021-2025-ci illər fəaliyyətinə dair iş planını rəhbər tutan Azərbaycan Respublikasının tarixi şöbəsi 2022-ci il ərzində çox ciddi elmi-tədqiqatlar üzərində işləyib. 15 cilddən ibarət Azərbaycan tarixi çoxcildliyinin “Azərbaycanın dövlət müstəqilliyinin bərpası və ilk dövrü (1991-1993)” (XII cild), “Azərbaycan Respublikasının Heydər Əliyev epoxası: (1993-2003)” (XIII cild), “Azərbaycan Respublikasının İlham Əliyev erası: 2003-cü ildən bizim günlərədək” (XIII cild), “Azərbaycan Respublikası II Qarabağ müharibəsi (və ya Vətən müharibəsi) dövründə” (XIV cild), “Azərbaycan Respublikası müharibədən sonrakı dövrdə” (XV cild) mövzuları üzrə müəyyənləşdirilmiş bölmələr üçün materialların toplanılması işi aparılıb, üç cilddən ibarət “Azərbaycan Respublikası tarixi” əsərinin 1 və 2-ci üzərində işlər başa çatdırılıb və çapa təqdim edilib. Həmçinin “Azərbaycanın tarixi coğrafiyası” toplusunun hazırlanması istiqamətində də zəruri işlər aparılıb, Azərbaycan Respublikasının tarixi coğrafiyasına dair materiallar hazırlanaraq təqdim edilib. 2022-ci ildə şöbə əməkdaşları respublikada və xarici ölkələrdə keçirilən 9 beynəlxalq (o cümlədən xarici ölkələrdə keçirilmiş 2 konfransda) və 6 respublika konfransında müvəffəqiyyətlə çıxış ediblər.
Hesabat dövründə şöbənin müdiri, tarix elmləri doktoru, professor M.Əmrahov “Məğlubiyyətdən Zəfərə (II Qarabağ - Vətən müharibəsinə aparan yol hərbi, siyasi, diplomatik və iqtisadi münasibətlərdə)” adlı monoqrafiyanı hazırlayaraq institutun 2022-ci il nəşr planına daxil edilmək üçün təqdim edib, şöbənin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru T.Kocayeva tərəfindən tərtib edilən Cahangir Zeynaloğlunun “Şirvanşahlar yurdu”, Rəxşəndə Babayevanın “Quba şəhərinin toy adətləri, “Джемиль Александрович-Насыфи. История литовских татар и древняя история Азербайджана. Избранные произведения” kitabları, həmçinin Tarix İnstitutunun tarixi (1920-1935-ci illər) monoqrafiyası, Alı Balayevin “Savalan” tarixi araşdırmalar ictimai-birliyinin xətti ilə “Azərbaycançılıq ideologiyası: təşəkkül tapması, tarixi inkişaf mərhələləri” adlı müştərək kitabı Azərbaycan və ingilis dillərində çap olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.