Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

Результаты азербайджанских ученых - в одном ряду с работами Колмогорова и Арнольда
19.05.2025 10:46
  • A-
  • A
  • A+

Результаты азербайджанских ученых - в одном ряду с работами Колмогорова и Арнольда

“Biz öz işimizdə Kolmoqorov, Arnold, Namiq Quliyev və Vüqar İsmayılovun fikirlərinə əsaslanırıq”.

Bu sözləri V.A.Eskin, A.O.Malkhanov və M.E.Smorkalov nüfuzlu “Journal of Computational Physics” jurnalında 2025-ci ilin may ayında çap etdirdikləri “Are Two Hidden Layers Still Enough for the Physics-Informed Neural Networks?” məqaləsində söyləyiblər.(https://doi.org/10.1016/j.jcp.2025.114085).

Məqalə Kolmoqorov-Arnold superpozisiya teoreminə, eyni zamanda Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları - Funksiyalar nəzəriyyəsi şöbəsinin müdiri professor Vüqar İsmayılovun və Funksional analiz şöbəsinin aparıcı elmi işçisi fizika-riyaziyyat elmləri namizədi Namiq Quliyevin 2018-ci ildə Neurocomputing jurnalında çap etdirdikləri nəticəyə əsaslanır. Belə ki, Kolmoqorov və Arnold hələ keçən əsrin 50-ci illərində ixtiyari kəsilməz çoxdəyişənli funksiyanın birdəyişənli funksiyaların kompozisiyaları və cəmləri vasitəsilə dəqiq göstərilməsi üçün düstur almışdırlar. Namiq Quliyev və Vüqar İsmayılov isə isbat etmişlər ki, həmin düsturda olan bütün birdəyişənli funksiyaları qeyd olunmuş yeganə birdəyişənli funksiya ilə əvəz etməklə iki gizli laylı neyron şəbəkə modeli almaq olar və bu modelin vasitəsi ilə ixtiyari kəsilməz çoxdəyişənli funksiyanı istənilən dəqiqliklə approksimasiya etmək olar. Bundan əlavə sözü gedən qeyd olunmuş funksiya da alqoritmik qurulmuşdur (https://doi.org/10.1016/j.neucom.2018.07.075).

Nüfuzlu beynəlxalq jurnalda institut əməkdaşlarının adlarının Kolmoqorov və Arnold kimi dahi alimlərlə yanaşı çəkilməsi onların aldıqları nəticənin vacibliyindən xəbər verir. Bu istinad və elmi nəticənin beynəlxalq səviyyədə tanınması, Azərbaycan elminin yüksək səviyyədə təmsil olunduğunu və riyaziyyatın nəzəri aspektlərinin süni intellekt və neyron şəbəkələr kimi müasir sahələrə tətbiqində əhəmiyyətli rol oynadığını bir daha göstərir.

Qeyd edək ki, indiyə qədər Namiq Quliyev və Vüqar İsmayılovun həmin nəticəsinə müxtəlif xarici mütəxəssislərin 100-ə yaxın istinadları olmuşdur.

İstinadlarla buradan tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: