AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin (HİEB) Elmi şurasının onlayn iclası keçirilib.
Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, Elmi şuranın sədri, akademik İsa Həbibbəyli, sədr müavini, akademik Nərgiz Axundova, şura üzvləri, elmi müəssisələrin rəhbərləri, eləcə də aidiyyəti üzrə alim və mütəxəssislər iştirak ediblər.
İclası Elmi şuranın sədri, akademik İsa Həbibbəyli açaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda aparılan mübarizədən, AMEA əməkdaşlarının silahlı qüvvələrimizə dəstəyindən danışıb. Akademik Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin alim və mütəxəssislərinin xalqımızın haqq döyüşündə böyük əzmkarlıq nümayiş etdirdiyini, arxa cəbhədə layiqincə mübarizə apardığını qeyd edib. Bildirib ki, Vətən müharibəsinin başladığı müddətdə Qarabağ problemi ilə bağlı alimlərin 10-dan artıq kitabı nəşr olunub, 2 film çəkilib, televiziya verilişlərində çıxışları, yerli mətbuatda məqalələri dərc edilib.
Akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyətinin 30 oktyabr 2020-ci il tarixli qərarına əsasən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işlərinin aparılması ilə bağlı humanitar və ictimai yönümlü elmi müəssisələrin qarşısında duran vəzifələr haqqında müvafiq tapşırıqlar verib.
Mövzu ətrafında akademiklər - Yaqub Mahmudov, Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvləri - Ərtegin Salamzadə, Musa Qasımlı və digərlərinin çıxışları dinlənilib.
Daha sonra akademik İsa Həbibbəyli iclasın gündəliyi ilə iştirakçıları tanış edib, müzakirə olunacaq bir sıra elmi təşkilati məsələlər haqqında məlumat verib. AR Nazirlər Kabinetinin 3 noyabr 2020-ci il tarixli qərarı ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda edilən dəyişikliklər, eləcə də yaxın günlərdə Azərbaycan dilinin orfoqrafiya lüğətinin yeni nəşri haqqında danışıb.
Alim Milli transliterasiya standartlarının hazırlanmasına dair görülən işlər haqqında da məlumat verib. Bildirib ki, Milli transliterasiya standartları ölkə başçısının 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın “Milli transliterasiya standartlarının hazırlanması” və “Azərbaycan əlifbasından digər əlifbalara transliterasiyanı həyata keçirən proqram təminatının həyata keçirilməsi”, həmçinin Nazirlər Kabinetinin 20 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı”nın “Milli transliterasiya standartlarının hazırlanmasının başa çatdırılması” bəndlərinin icrasını təmin etmək məqsədilə hazırlanıb. Bununla əlaqədar AMEA-nın Dilçilik İnstitutunda rus, ingilis, fransız, italyan, alman, ispan və fars (7 dildə) dillərinin əlifbaları arasında transliterasiya cədvəlləri tərtib edildiyini və həmin cədvəllər əsasında İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları tərəfindən “Transliterasiya” veb-portalı yaradıldığını, sentyabr ayında AMEA-nın Humanitar Elmlər Bölməsi və Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə “Milli Transliterasiya Sistemi”nin və “Transliterasiya” veb-portalının onlayn təqdimatının keçirildiyini xatırladıb. Milli transliterasiya standartlarının dövlət qeydiyyatına alınması üçün Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim edildiyini qeyd edib.
İclasın gündəliyində olan növbəti məsələ Nazirlər Kabinetinin 20 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı”nın 10-cu (“Milli Transliterasiya Standartı əsasında ölkəmizə aid coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron bazanın yaradılması") bəndinin icra vəziyyəti ilə əlaqədar olub. İ.Həbibbəyli Dilçilik İnstitutunda ölkəmizə aid coğrafi adların Azərbaycan əlifbasından rus və ingilis əlifbalarına transliterasiyası üzrə qaydaların hazırlandığını bildirib. O, bu qaydalara ölkəmizə aid coğrafi adların rus və ingilis dillərində yazılışını əks etdirən elektron bazanın yaradılması prosesində istinad ediləcəyini diqqətə çatdırıb və qeyd edib ki, bu qaydalara aidiyyəti üzrə dövlət təşkilatları tərəfindən baxılıb və icrası yekun ərəfəsindədir. Alim, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müraciətinə əsasən, dilçi alimlər tərəfindən tarixşünas və coğrafiyaşünas alimlərin rəyləri nəzərə alınmaqla respublikanın bütün şəhər və rayonları üzrə 4590 şəhər, rayon, qəsəbə, kənd və inzibati ərazi vahidinin adının rus və ingilis dillərinə transliterasiya edildiyini diqqətə çatdırıb və bu işin səmərəliliyini artırmaq məqsədilə Dilçilik, Coğrafiya və Tarix institutlarının mütəxəssislərindən ibarət İşçi Qrupun tərkibini təsdiq edib.
İclasın gündəliyindəki mühüm elmi təşkilati məsələrdən biri də Nazirlər Kabinetinin 25 avqust 2020-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar olub. Akademik bu sərəncamın birinci bəndində AMEA-ya Azərbaycan dilinin orfoepiya qaydalarının hazırlanmasının həvalə olunduğunu, bununla əlaqədar dilçi alimlər tərəfindən İşçi Qrupun yaradıldığını və Azərbaycan dilinin orqoepiya normaları layihəsinin hazırlandığını qeyd edib. O, layihənin aidiyyəti üzrə dövlət təşkilatlarına göndərildiyini və alınmış rəylər əsasında təkmilləşdirildiyini söyləyib.
Azərbaycanda dilçiliyin inkişafına dair məsələlərlə bağlı Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, müəssisənin elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli və şöbə müdiri, filologiya elmləri doktoru İlham Tahirli və b. çıxışları dinlənilib.
İclasda AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdində Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin, eləcə də institutda fəaliyyət göstərən iki şöbənin əsasında Biznes mühiti və innovativ sahibkarlıq şöbəsinin yaradılması, akademik Şahin Mustafayevin Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Səbinə Səlimovanın həmin qurumun elmi katibi vəzifəsinə təsdiq edilməsi ilə bağlı AMEA RH qarşısında vəsatət qaldırılması qərara alınıb. HİEB-in Elmi şurasının qərarı ilə Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının tərkibində qismən dəyişiklik edilib.
İclasda hüquq elmləri doktoru Mirağa Cəfərquliyevin 80 illik yubileyi münasibətilə İctimai Elmlər Bölməsinin Fəxri fərmanı ilə təltif olunması haqqında qərar qəbul edilib.
Bundan əlavə, HEB və İEB-in elmi müəssisələrində aparılan kadr islahatları, doktorantura və dissertanturada təhsil alan alimlərin problemləri və bəzi əməkdaşların sosial məzuniyyətinə dair məsələlərə də baxılıb.
Sonda bölmələrin elmi müəssisələrinə müvafiq tapşırıqlar verilib, iştirakçıların sualları cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.