Özünün iqlim və landşaft müxtəlifliyi ilə seçilən Qarabağ zonası flora və fauna müxtəlifliyinin zənginliyi, yeraltı və yerüstü sərvətləri, bərəkətli torpaqları, kəhriz və müalicəvi bulaqları, şəfalı suları ilə həmişə seçilmişdir. Burada çoxsaylı, o cümlədən Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmiş qiymətli bitki və heyvan növləri, qoruq və yasaqlıqlar mövcud olmuş, mədəni bitkilərin Azərbaycan xalqı tərəfindən yaradılmış seleksiya nümunələri geniş şəkildə becərilmişdir.
Bu ərazilərdə 2500-ə qədər bitki, o cümlədən 460 növdən çox yabanı ağac və kol bitkisi bitir. Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının I nəşrinə (1989) daxil edilmiş 140 adda nadir və nəslikəsilmək təhlükəsində olan bitkinin bir çoxu Qarabağdan təsvir edilmişdir. Burada 21 növ Azərbaycan, 82 növ Qafqaz üçün endemdir. Qarabağ güləvəri, Zəngilan gəvəni, Sağsağan gülxətmisi, Daş səhləbi (xarı bülbül), Şuşa gəvəni, qaraçöhrə, Qarabağ dağlaləsi, məryəm noxudu, Şuşa xaşası, azad ağacı, ştrenbergiya kimi təbiət incilərimiz Qarabağa həmişə şöhrət gətirmişdir. “Qırmızı Kitab”ın II nəsrində (2013) 8 Qarabağ endemi haqqında məlumat verilmişdir.
İşğala qədər Qarabağ və ətraf ərazilərin meşə fondu 280 min hektardan çox (13197,5 hektarı qiymətli ağac növləri) olmuşdur. Azərbaycan meşələrində yayılmış 460 növdən çox yabanı ağac və kol növlərindən 95 ağac (Azərbaycanda 107 növ), 290 kol və 19 yarımkol növü Kiçik Qafqazın mərkəzi və cənubunda yerləşən Dağlıq Qarabağ və ona bitişik ərazilərdə olan meşələrdə yayılmışdır. Burada Şərq çinarı, Giləmeyvə, Qaraçöhrə, Ayı fındığı, Araz palıdı, Yalan qoz, Dağdağan, Saqqızağacı kimi relikt növlərlə yanaşı, nadir Adi nar, meşə üzümü, Buase armudu, Pirkal, Şümşə, Eldar şamı, Adi xurma, Söyüdyarpaq armud kimi nadir növlər yayılmışdır. İşğal edilmiş ərazilərdə hündürlüyü 45, diametri 6-8 metr, yaşı 120 ildən 2600 ilədək olan 145 Şərq çinarı, 3 dağdağan, 1 azad ağacı, 1 armud, 1 palıd və 3 saqqız ağacı təbiət abidəsi kimi qorunub saxlanılırdı. Son məlumata görə, Ağdam şəhərində yaşı 150-250 il olan 6, Şelli, Seyidli, Sarıhacılı, Əliağa kəndləri ərazisində yaşı 100-250 il olan 8, Böyük Bəhmənli kəndi ətrafında yaşı 400 il olan 7 ədəd şərq çinarı məhv edilmişdir.
Misilsiz gözəlliyi ilə insanlığı məftun edən, dünyada analoqu olmayan təbiət abidələrindən biri də Kiçik Qafqazın cənubunda Zəngilan rayonu ərazisində, Bəsitçayın dərəsində yerləşən 117 ha ərazisi olan Avropada yeganə təbii çinar meşəsidir (Bəsitçay Dövlət Təbiət Qoruğunda). Burada yaşı 100-200 il, diametri 80-120 sm, hündürlüyü 25-30 m olan çox miqdarda nümunələri var. Bu çinar meşəsinin bir hissəsi ağaclardan təmizlənərək ermənilərin hərbi hissəsi yerləşdirilmişdir. Zəngilanın Rəzdərə və Muğanlı kəndləri ətrafındakı meşələrdə ağac emalı zavodları tikilmiş, çinar, qırmızı palıd ağacları kökündən çıxarılaraq doğranmış, mebel istehsalı edilmiş və çox hissəsi isə yarımfabrikant şəklində xarici ölkələrə satılmışdır.
Qaragöl Dövlət Təbiət Qoruğu Laçın rayonunun yüksəkdağlıq ərazilərini əhatə edir. Burada işğaldan öncə 100-dən artıq bitki qorunurdu. Yasaqlıqlardan ən yaddaqalanı qırmızı (qızılı) palıdın mühafizə olunduğu Laçının Hacışamlı meşəsidir. Qubadlı və Laçın ərazisində yaradılmış digər qorunan ərazi isə qırmızı palıdın, qoz ağaclarının, vələs, ağcaqayın, yemişan, ardıc və s. bitdiyi Qubadlı Dövlət Təbiət Yasaqlığıdır.
Qarabağ zonasında təsadüf edilən 15 heyvan növü Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının II nəşrinə (2013) daxil edilmişdir. Qarabağ və onun ətraf rayonları çox zəngin onurğasız heyvanlar aləminə malikdir. Burada işğala qədər yayılmış növlər (4500-5000 növ) Azərbaycan üzrə ümumi buğumayaqlıların 20%-ə qədərini təşkil etmişdir. İşğal olunmuş ərazilərdə həşəratlar faunasının 56 növü nadir, endemik və nəsli kəsilmək təhlükəsindədir. Dağlıq Qarabağ və onun ətraf rayonları ərazilərində faydalı cücülərdən brakonidlər, xalsidlər, ixnevmonidlər və arıkimilər geniş yayılmışdır. Azərbaycanın bu ərazilərində təsadüf edilən döşüdişli uzunbığ, Alp rozaliyası, Qafqaz ilbizyeyən fişqırdanı, qəşəng böcək, yarpaqyeyən böcək, ağnöqtəli andrena, tamara alacası, şəfəqsaçan, Alp sarıcası, Qafqaz sarıcası, kəlləşəkilli haf, anaxoreta sovkası, yaşıl Alp sovkası, gəşəng yaşıl sovka, məlikə ayıca, kaya ayıcası növləri “Qırmızı Kitab”ın II nəşrinə daxil edilmişdir. Qarabağın daxili su hövzələrində 12 növ balıq yayılmışdır ki, onlardan 7-si isə “Qırmızı Kitab”ın II nəşri ilə yanaşı, Beynəlxalq Təbiəti Mühafizə Təşkilatının (IUSN) qırmızı siyahısına da daxil edilmişdir. Sürünən növlərinin və yarımnövlərinin əksəriyyəti (herpetofaunanın 54,7%-i) burada cəmləşmişdir. İşğala qədər Qarabağ ərazisində 4 növ amfibi, 28 növ reptili (Azərbaycanda 11 növ amfibi və 63 növ reptili) yayılmışdır. Sürünənlərdən 6 növ Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın II nəşrinə daxil edilmişdir. Qarabağ ərazisində reptililər üzrə tısbağalardan 3, kərtənkələlərdən 17, ilanlardan 15 növ yayılmışdır. Sürünənlərdən 6 növ “Qırmızı Kitabı”n II nəşrinə daxil edilmişdir. Kiçik Qafqazda quşlar faunası çox zəngin olmuşdur. 1993-cü ilə qədər Qarabağ ərazisində 16 dəstəyə, 57 fəsiləyə daxil olan 288 növ (Azərbaycan ərazisində 19 dəstəyə, 65 fəsiləyə mənsub 407 quş) qeydə alınmışdır. Bunlardan 50 növ “Qırmızı Kitab”ın II nəşrinə daxil edilmişdir. Dağlıq Qarabağ ərazisində Həşəratyeyənlər dəstəsinin 8, Yarasalar dəstəsinin 20, Dovşankimilər dəstəsinin 2, Gəmiricilər dəstəsinin 19, Yırtıcılar dəstəsinin 11, Cütdırnaqlılar dəstəsinin 4 növü məskunlaşmışdır. Qarabağ ərazisində işğala qədər 6 dəstəyə mənsub 63 məməli növü qeydə alınmışdır. Burada “Qırmızı Kitab”a daxil edilmiş Safsar, Çay samuru, Qonur ayı, Zolaqlı kaftar, Qamışlıq pişiyi, Çöl pişiyi, Vaşaq, Qafqaz bəbiri, Nəcib maral, Cüyür, Bezoar keçisi kimi nəsli tükənmək təhlükəsində olan orta və iri ölçülü nadir məməlilər də az deyil. Bunlardan bəziləri Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına (İUSN) da daxil edilmişdir. Qarabağın mağaraları, xüsusən Azıx mağarası BMT-nin Ətraf Mühit Proqramı Miqrasiya edən Heyvanların Konvensiyası çərçivəsində EUROBATS (Avropa Yarasa Populyasiyalarının Mühafizəsi) Razılaşması ilə beynəlxalq statusla mühafizə olunan nadir yarasa növlərinin sığınacağıdır.
1970-ci illərdə AMEA Biologiya Bölməsinin müvafiq institutları tərəfindən hazırlanmış layihə əsasında Kəlbəcər rayonunun Sarıyeri adlanan ərazisində çəmən-bataqlıq bitkiləri üçün 30 min hektar sahə ayrılmışdı ki, burada nadir və nəsli kəsilməkdə olan alp, su-bataqlıq bitkilərinin çoxaldılması istiqamətində böyük işlər aparılırdı.
Kiçik Qafqazın böyük ərazisinin Ermənistan tərəfindən işğalı, burada aparılan hərbi əməliyyatlar və işğalçıların qadağan edilmiş silahlardan istifadəsi nəticəsində meşə ərazilərində qiymətli fıstıq, cökə, vələs, palıd ağacları (xüsusən nadir ayıfındığı və qırmızı palıd ağacları mebel, sonuncu həmçinin spirt istehsalı, çinar və s. tikinti materialı, yüngül, daşınması asan və daha çox istilik verən tozağacı meşələri yanacaq məqsədilə) talan edilərək Ermənistana daşınmış, təbii bitkiliklər meşə və bağ sahələri dəfələrlə yandırılmışdır. Tozağacı meşələrinin qırılması nəticəsində buranın sakinləri olan endemik növlər – Qafqaz tetrası və Xəzər uları yaşayış yerlərindən məhrum olmuşlar.
Torpaqlar, su mənbələri, o cümlədən kəhrizlər və suvarma sistemləri düşmən tərəfindən dağıdılmış, bilərəkdən zəhərli maddələrlə çirkləndirilmişdir. Zəbt olunan sahələrdə yanğınlar torpağın üst münbit qatının sıradan çıxmasından əlavə, burada məskunlaşan heyvanların yanmasına, quş yumurtalarının, balalarının tələfatına, növlərin və ya onların fərd sayının kəskin azalmasına gətirib çıxarmışdır. Yarasaların və digər canlıların toplandığı mağaralar silah anbarlarına çevrilmişdir. İşğal altında olan ərazilərdə iri heyvanlar minaya düşərək şikəst olmuş və ya ölmüşdür. İşğal, həmçinin Avropadan Afrika və Asiyaya və əks istiqamətdə quşların vacib transqafqaz miqrasiya yollarına da mənfi təsir etmişdir. İşğal dövründə meşələrin qırılması və daşınması, eləcə də hərbi məqsədlərlə ağır texnikadan istifadə olunması da biomüxtəlifliyə ziyan vurmuş, torpaq eroziyasını gücləndirmişdir. Cəbhə xəttindən kənarda yerləşən rayonların mütəmadi artilleriya atəşinə tutulması nəticəsində, hətta Ağgöl və Göygöl Milli parkları kimi qorunan ərazilərə və oranın canlı aləminə ciddi ziyan dəymişdir.
İşğal nəticəsində ümumən kənd təsərrüfatı sisteminə və eləcə də regionda aparılan aqrar tədqiqatlara ciddi ziyan dəymişdir. İşğaldan əvvəl Dağlıq Qarabağı əhatə edən 7 rayon üzrə torpaqların ümumi sahəsi 791432 ha, o cümlədən kənd təsərrüfatına yararlı sahə 344357 ha olmuşdur. Bundan 88060 ha birillik və ikiillik, 30757 ha çoxillik (bağlar) əkinlər üçün, 13577 ha biçənək kimi istifadə olunmuşdur. Həyətyanı sahələr 3154 ha-dan çox sahə (Ağdam və Füzuli rayonlarını istisna etməklə) tutmuşdur. Bildiyimiz kimi, Kiçik Qafqazın dağ landşaftlarının bir hissəsi, xüsusən Qarabağ vulkanik yaylası da daxil olmaqla subalp və alp çəmənlikləri tarixən heyvandarlıqda (əsasən, qoyunçuluqda) yay otlaqları kimi istifadə olunurdu. Burada yay otlaqlarının təqribi sahəsi 145591 ha olmuşdur. Həmin rayonlar üzrə meşə sahələri 97936 ha, digər ərazilər 294716 ha təşkil etmişdir. Göründüyü kimi, uzun illər işğal altında olmuş rayonlarımız torpaq ehtiyatlarının zənginliyi və müxtəlifliyi ilə seçilmişdir.
Qarabağ su ehtiyatlarının (xüsusən yeraltı suların) böyük potensialı ilə də fərqlənmişdir. Məsələn, Azərbaycanda rəsmi dövlət qeydiyyatında olan 623 kəhrizdən 332-si işğal altında qalmışdı. Bu kəhrizlərin əksəriyyəti dağıdılmış, su quyuları qəsdən çirkləndirilmiş və ya torpaqla doldurulmuşdur. Regionda böyük potensiala malik olan yeraltı sular elmi cəhətdən düzgün istifadə edilərsə, yüksək səmərə verə bilər. Hesablamalara görə, işğaldan azad olmuş ərazilərdə kəhrizlər vasitəsi ilə 58-60 mln. kubmetr su əldə etmək mümkündür. Tək Cəbrayıl rayonu ərazisində olan 111 kəhrizin il ərzində verdiyi suyun həcmi 34,7 mln. kubmetrə bərabərdir.
Regonda yüzilliklər ərzində xalq tərəfindən yaradılmış ənənəvi bitki sortlarının əksəriyyəti işğal nəticəsində məhv olmuş, bir qismi isə ermənilər tərəfindən özününküləşdirilmişdir. Eyni sözləri yerli qoyun, keçi və ev quşları cinsləri haqqında da demək olar. 1950-1989-cu illərdə Ağdərə bölgəsində AMEA Genetik Ehtiyatlar İnstitutunun 1694 hektar torpaq sahəsi olan Qarabağ Elmi Tədqiqat Bazası mövcud olmuşdur. Burada mədəni bitkilərin və kənd təsərrüfatı heyvanlarının region üçün səciyyəvi genetik ehtiyatlarının toplanması, öyrənilməsi, seleksiyada istifadəsi, yeni bitki sortları və heyvan cinslərinin ilkin toxumçuluğunun və damazlıq işinin təşkili və yayılması həyata keçirilirdi. Bu baza 1989-ci ilin iyulunda ermənilər tərəfindən zəbt edilmiş, orada olan torpaq sahələri, binalar, toxumtəmizləmə zavodu, anbarlar, ferma, artezian quyuları, transformator stansiyaları, kənd təsərrüfatı texnikası, cins mal-qara sürüləri (200 baş iribuynuzlu cins heyvan, camış hibridləri, 500 baş cins qoyun), meyvə, üzüm, subtropik bitkilərin genofond bağları (500 meyvə sortu), dənli bitkilərin dünya və yerli kolleksiya nümunələri, 200 mindən artıq çox qiymətli seleksiya materialı və s. zəbt edilərək mənimsənilmişdir.
İradə HÜSEYNOVA, AMEA-nın vitse-prezidenti, akademik
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.