AMEA-nın 70 illik yubileyində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev çıxışında Akademiyaya etdiyi tövsiyə “məqalə çap etdirmək xatirinə işləmək deyil, elmi tədqiqatları ölkənin iqtisadiyyatına, hərbi qüdrətinə və digər sahələrə yönəltmək lazımdır” çağırışından sonra son illərdə bu sahələrdə xeyli irəliləyişlər olmuşdur. Bu istiqamətdə görüləcək əsas yüklərin böyük hissəsi, xüsusilə nəzəri fizikanın dominantlıq təşkil etdiyi təbiət elmlərinin üzərinə düşür. Azərbaycan Respublikasının Sovet Sosialist Respublikaları İttifaqı tərkibinə daxil olduğu illərdə yetişmiş nəzəriyyəçi fiziklər, akademiklər Nəriman Quliyev, Firudin Həşimzadə, Bəhram Əsgərov, Təyyar Cəfərov, AMEA-nın müxbir üzvləri Yuhənnas Seyidov, Abdulla Muxtarov, Sabir Hacıyev, İsmət Nəcəfov, İsgəndər Cəfərov, Rauf Hüseynov, elmlər doktorları Hafiz Paşayev, Faiq Sadıxov, Yılmaz Verdiyev, Natiq Atakişiyev, Rəsul Muradov, Şakir Nağıyev və digərləri ilə yanaşı, nəzəriyyəçi kimi müstəqillik illərində formalaşan, bu sətirlərin müəlliflərindən biri (akademik Ənvər Nəhmədov), AMEA-nın müxbir üzvü Vəli Hüseynov və digərləri arasında öz təkrarolunmaz parlaq dəst-xətti ilə seçilən nəzəriyyəçi fiziklərdən biri də Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun baş elmi işçisi, nəzəri fizika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Rauf Qədir oğlu Cəfərovdur.
Bu günlərdə 60 yaşı tamam olacaq Rauf Cəfərov 10 fevral 1961-ci ildə qədim Azərbaycan şəhəri olan İrəvanın Gedərçay məhəlləsində müəllim ailəsində dünyaya göz açmışdır. O, 1968-ci ildə, əsası şuşalı Haşım bəy Nərimanbəyov tərəfindən qoyulmuş İrəvan gimnaziyasının (sonralar Kirov adına Azərbaycan məktəbi) xələfi, M.F. Axundovun adına İrəvan şəhər Azərbaycan orta təhsil məktəbinin birinci sinfinə getmiş, 1972-ci ildə erməni milliyyətçiliyinin şiddətlənməsi dövrlərində ailəlikcə Bakıya köçmüş və Bakı şəhəri Kirov rayonu (indiki Binəqədi rayonu) 248 saylı məktəbdə orta təhsilini davam etdirərək oranı ilk azərbaycanlı kimi qızıl medalla bitirmişdir. R.Q.Cəfərov 1978-ci ildə Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti - BDU) fizika fakültəsinə daxil olub, orada müvəffəqiyyətlə oxumuş, AMEA-nın Fizika İnstitutunun Nüvə Fizikası laboratoriyasında diplom işi yazıb universiteti bitirdikdən sonra, BDU fizika fakültəsinin maddə quruluşu kafedrasında nəzəri və riyazi fizika ixtisası üzrə qiyabi aspiranturaya qəbul edilərək təyinat ilə 1987-ci ilədək Moskvanın Tətbiqi Fizika İnstitutunun Bakı filialında (sonralar Fotoelektronika İnstitutu) mühəndis vəzifəsində işləmişdir.
Rauf Cəfərov 1987-ci ildən bu günlərimizədək BDU-nun fizika fakültəsində (2005-ci ildən paralel olaraq BDU-nun Fizika Problemləri İnstitutunda) əmək fəaliyyətini davam etdirərək, baş elmi işçi və professor vəzifələrinədək yüksəlmişdir. O, aspiranturada və doktoranturada əsası keçən əsrin 20-30-cu illərində D.Hartri və böyük sovet və rus nəzəriyyəçi-fiziki, akademik V.A.Fok tərəfindən qoyulan və müasir kvant nəzəriyyəsinin korifeyləri olan Hans Bete, Edvin Salpeter, SSRİ Elmlər Akademiyasının həqiqi üzvləri, Nobel mükafatçısı İ.E.Tamm, A.A.Loqunov, V.Q.Kadışevski, professor B.A.Arbuzov və digər nəzəriyyəçi-fiziklər tərəfindən inkişaf etdirilən substrukturlu relyativistik sistemlərin rabitəli hallarını öyrənən, qeyri-perturbativ kvant sahə nəzəriyyəsi metodlarına həsr olunan Bete-Salpeter tənliklərinin və onların daha mükəmməl variasiyalarının tədqiqi ilə düz 35 il məşğul olaraq, əvvəlcə 1988-ci ildə “Skalyar, spinor və Yanq-Mills nəzəriyyələrində səpilmə amplitudunun tədqiqi” adlı namizədlik (fəlsəfə doktoru) və 2007-ci ildə “Çoxzərrəcikli tənliklər nəzəriyyəsi metodları ilə kvant sahəsinin Qrin funksiyalarının və fiziki müşahidə olunan kəmiyyətlərin tədqiqi” mövzularında dissertasiyalar müdafiə etmiş, uyğun olaraq fizika-riyaziyyat elmləri namizədi və fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələri almışdır. Onun dissertasiya işləri haqqında klassik nəzəriyyəçi fiziklərdən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin D.V.Skobeltsın adına Nüvə Fizikası ETİ-dən professor B.A.Arbuzov, Braziliyanın San-Paulo Universitetinin Fizika İnstitutunun keçmiş direktoru və nüvə fizikası fakültəsinin keçmiş dekanı, Rusiya EA-nın P.N.Lebedev adına REA-nın Fizika İnstitutunun baş elmi işçisi, Rusiyanın Tomsk Dövlət Universitetinin Kvant intensiv sahələr laboratoriyasının banisi professor D.M.Gitman, Moskva Dövlət Universitetinin nəzəri fizika kafedrasının professoru V.Ç.Jukovski, Gürcüstan Dövlət Universitetinin Yüksək Enerjilər Fizikası İnstitutunun baş elmi işçisi, Gürcüstan EA-nın müxbir üzvü A.A.Xelaşvili, Gürcüstan EA-nın Fizika İnstitutunun Plazma Fizikası şöbəsinin müdiri, professor V.İ.Berejiani, Nyu-York Universitetinin professoru, Almaniyanın Münix M.Plank İnstitutunun direktoru Giy Dvali, Yaponiyanın Hiroşimo Universitetinin professoru Tomohiro İnagaki, Azərbaycanın görkəmli nəzəriyyəçı-fizikləri İ.H.Cəfərov və V.A.Hüseynov və digərləri yüksək fikirlər söyləmişlər.
Rauf Cəfərov 1993-1994-cü illərdə Rusiya EA-nın P.N.Lebedev adına Fizika İnstitutunun İ.Y.Tamm adına nəzəri fizika şöbəsinin elementar zərrəciklər fizikası sektorunda elmi işçi vəzifəsində işləyərək, zamandan asılı ikinci növ əlaqəli sistemlərin kvantlanması metodunu hazırlamışdır. O, 1992-1993-cü illərdə fasilələrlə İtaliyanın Triyest şəhərindəki Nobel mükafatçısı Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzində, 2010-cu ildə Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda, 2000-2007-ci illərədək Rusiya “Kurçatov İnstitutu” akademik A.A.Loqunov adına Protvino Yüksək Enerjilər Fizikası İnstitutunda, 2014-cü ildə Türkiyə Kocaeli Universitetində elmi təcrübə keçərək elmi tədqiqat işləri aparıb “O redjevskoy asimptotike amplitudı rasseəniə skalərnıx çastiü na proizvolğnıe uqlı”, “Fermion-Bozon scattering in ladder approximation”, “On quantization of time-dependent systems with constraints”, “Mean-field expansion and meson effects in chiral condensate of analytically regularized Nambu-Jona-Lasinio model”, “Two-regularizations as two different model of Nambu - Jona-Lasinio”, “Calculation of multiquark functions in effective models of strong interactions” adlı məqalələrini nüfuzlu İnternational Journal of Modern Physics Letters, Journal of Physics, Central-Europian Physics Journal, Journal Physics of Atomic Nuclei, Russian Physics Journal kimi elmi jurnallarda dərc etdirmişdir. O, elmdə ilk dəfə olaraq böyük impulslarda və sıfırdan fərqli bucaqlar altında səpilmə hallarında Bete-Salpeter tipli inteqral tənliklərin müxtəlif nəzəriyyələrdə analitik həllərini və uyğun olaraq qeyri-fiziki Landau polyusunun dəf edilməsi probleminin rəqəmsal üsulla həlli yolunu tapmışdır. 70-dən artıq elmi məqalənin, “Teoriə mnoqoçastiçnıx uravneniy v primenenii v fizike adronov“ adlı monoqrafiyanın, “Quantum Mechanics-lectures notes” və “Kvant mexanikası” adlı iki dərsliyin müəllifi olan Rauf Cəfərovun elmi nəticələri beynəlxalq aləmdə yüksək qiymətləndirilərək adron və nüvələrin subzərrəciklər olan kvarkların rabitəli halı və plazma effektli kvant-fiziki modellərə həsr olunmuş “Mean-Field Expansion, Regularization İssue, and Multi-Quark Functions in Nambu-Jona-Lasinio Model” adlı ümumiləşmiş əsəri, mənzil qərargahı İsveçrənin Bazel şəhərində yerləşən Multidisciplinary Digital Publishing İnstitute Co-də dərc olunan SYMMETRY mötəbər elmi jurnalında çap edilmişdir.
Professor Rauf Cəfərov ABŞ, Braziliya, Yaponiya, Çin, Rusiya, İran kimi ölkələrlə geniş beynəlxalq əlaqələrə malikdir. O, Gürcüstan Akademiyasının Georgian Scienific Journal of Physics, Rusiya ali məktəblərinin orqanı olan İzvestiə Vuzov. Fizika (Russian Physics Journal), Baku Engineering University Journal of Physics kimi dərgilərin Redaktorlar Heyətinə daxildir. Onun Rusiyanın, Gürcüstanın, Türkiyənin, İranın bir sıra şəhərlərində keçirilən elmi konfranslarda plenar məruzələri böyük maraqla qarşılanmışdır. Bundan əlavə, o, ulu öndər Heydər Əlirza oğlu Əliyevin 80 illik yubileyinə həsr olunmuş “Nəzəri və riyazi fizikanın tərs məsələləri” Beynəlxalq konfransın (2003, Sumqayıt Dövlət Universiteti), “Modern Trends in Physics”, “Contemprorary Problems of Physics and Mathematics with Application” requlyar Beynəlxalq konfransların əsas təşkilatçılarından biridir.
Püxtələşmə illərini yaşayan alim hazırda böyük yaradıcılıq həvəsi və enerjisi ilə fizikanın müxtəlif sahələrində elmi tədqiqatlarını davam etdirərək gənc nəsil fiziklərin yetişdirilməsində də fəaldır. Biz Rauf müəllimə Azərbaycanda elmin inkişaf dövrünün bu məsul illərində yaradıcılıq uğurları və cansağlığı arzulayırıq.
Adil QƏRİBOV, AMEA-nın akademik-katibi, akademik
Kərim ALLAHVERDİYEV, Avropa Elmlər Akademiyasının həqiqi üzvü
Ənvər NƏHMƏDOV, akademik
"Respublika" qəzeti