AMEA-nın akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədovun “Ərəb dili” kitabı nəşr olunub.
Dərs vəsaiti 20 dərs, əksəriyyəti dini mövzulara aid 12 mətn və ərəbcə-azərbaycanca qısa lüğətdən ibarətdir. Mövzular sadədən mürəkkəbə, asandan çətinə semestrlər üzrə bölüşdürülüb. 20 dərsdə ərəb dilinin fonetikası, morfologiya və sintaksisi tələbələrdə lazımi söz ehtiyatını formalaşdıracaq nümunələr (sözlər və cümlələr) əsasında praktik şəkildə öyrədilir. Hər bir qrammatik mövzuya dair seçilmiş tapşırıqlar tələbələrdə praktik və nəzəri biliklərin möhkəmləndirilməsinə xidmət edir.
Kitabda qarşıya qoyulmuş başlıca məqsəd ərəb dili üzrə oxu, yazı və tərcümə bacarıqları formalaşdırmaq, tələbələrdə müasir ərəb dilinin lazımi səviyyədə mənimsənilməsini təmin edəcək məlumat bazası yaratmaqdır.
Nəşr Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları üzrə I-II kurs tələbələri, eləcə də ərəb dili ilə maraqlanan şəxslər üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.