AMEA-nın Geologiya və Geofizika İnstitutunun Seysmologiya və geomaqnetizm şöbəsinin müdiri, yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayevin məqaləsi “Springer” nəşriyyatının çap etdiyi kitabda fəsil formatında dərc olunub.
“Qafqazda və digər orogen bölgələrdə geoloji təhlükələrin qiymətləndirilməsi və idarə olunması üçün bilik bazasının yaradılması” adlı bu kitabda (“Building Knowledge for Geohazard Assessment and Management in the Caucasus and other Orogenic Regions”) Q.Babayevin məqaləsi müvafiq elmi sahədə tədqiqat aparan beynəlxalq auditoriya tərəfindən maraqla qarşılanıb.
Alimin “Azərbaycan hüdudlarında Böyük Qafqazın cənub yamacı boyu geoloji təhlükələrin qiymətləndirilməsi” adlı məqaləsində geoloji təhlükələri səciyyələndirən müasir riyazi statistik modelləşmə üsullarının tətbiqi nəticəsində Böyük Qafqazın cənub yamacınıın seysmik və geodinamik rejiminin dərəcələrinə görə fərqlənən müxtəlif ərazilərin seysmogeoloji qiymətləndirilməsi aparılıb.
Sözügedən məqalədə, həmçinin müxtəlif seysmik inteqrə üsulları vasitəsilə alınan nəticələrin bir-biri ilə korrelyasiya olunaraq, tədqiqat ərazisinə daxil olan seysmoaktiv zonalarda zəlzələlərin müxtəlif vahidlərdə təsir effekti müəyyənləşdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.