Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

Naxçıvanın qədim mədəni-iqtisadi əlaqələrinə dair məqalə Türkiyədə dərc edilib
12.02.2021 10:42
  • A-
  • A
  • A+

Naxçıvanın qədim mədəni-iqtisadi əlaqələrinə dair məqalə Türkiyədə dərc edilib

Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin beynəlxalq elmi indeksə malik Türkiyə Elmlər Akademiyasının “Arxeoloji” dərgisində (TÜBA-AR) “Azərbaycanın Son Neolit və İlk Eneolit dövrü mədəniyyətlərinin Şimal-Qərbi İran ilə (İran Azərbaycanı) əlaqələri” adlı məqaləsi nəşr olunub.

Azərbaycan və Şimal-Qərbi İranın Son Neolit və Erkən Eneolit dövrü mədəniyyətlərinin araşdırılması Cənubi Qafqazın xammal yataqları ilə bağlı olaraq bu bölgələr arasında qarşılıqlı əlaqə yarandığını və bu əlaqələrin Dalma Təpə mədəniyyətinin formlaşması ilə nəticələndiyini göstərir. Naxçıvantəpənin Son Neolit təbəqəsindən götürülən bir kömür nümunəsi e.ə. 5209-4930-cu illəri, digər bir nümunə isə e.ə. 5038-4799-cu illəri göstərib. Bu faktlara əsasən, Dalma Təpə mədəniyyətinin e.ə. VI minilliyin sonu və V minilliyin erkən çağında formlaşması barədə fikir irəli sürülüb.

Tədqiqatçının fikrinə görə, Dalma Təpə mədəniyyəti Naxçıvan və Urmiya hövzəsini əhatə edən bir bölgədə formalaşmış və bu bölgədən cənuba doğru yayılıb. Naxçıvantəpə və Urmiya hövzəsinin cənub-şərqindəki Dalma Təpə bu mədəniyyətin ən önəmli mərkəzlərindən olub. Araşdırmalar göstərir ki, Naxçıvandan Salmas Ovalığına, oradan da güneyə doğru yönələn qədim kommunikasiya xətləri Cənubi Qafqaz, Azərbaycan və Urmiya hövzəsi arasındakı iqtisadi-mədəni əlaqələrin ən mühüm istiqamətlərindən biri olub. Böyük ehtimalla, bu yol Cənubi Qafqaz xammalının, xüsusilə obsidianın cənuba  daşınmasında əsas yer tutub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: