Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

Azərbaycan dili milli sərvətimizdir
19.02.2021 10:36
  • A-
  • A
  • A+

Azərbaycan dili milli sərvətimizdir

Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən, azərbaycançılıq məfkurəsinin əsasında duran mühüm amillərdəndir.

Ana dili xalqın tarixi keçmişi və mədəniyyətini, zəngin söz xəzinəsini, inanc və ənənələrini əsrlərdən-əsrlərə çatdıran əvəzsiz milli sərvətdir.

Müstəqillik illərində ulu öndər Heydər Əliyevin apardığı dövlət quruculuğu məsələlərində dil siyasəti həmişə aparıcı rol oynayıb. Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinə, ədəbiyyatına, mədəniyyətinə böyük qayğı göstərirdi. Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə İmadəddin Nəsiminin 600 illik yubileyi beynəlxalq miqyasda qeyd edilib. Məhz o vaxtdan etibarən Nəsimi yaradıcılığı Azərbaycan və dünya mədəniyyəti miqyasında bir daha tanıdılıb.

Ulu öndərin 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. 

Dövlət müstəqilliyimizin başlıca rəmzlərindən olan Azərbayca dilinə qayğı Prezident İlham Əliyevin imzaladığı bir sıra sərəncamlarda öz ifadəsini tapıb.

Prezident İlham Əliyevin  9 aprel 2013-cü il tarixili Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbələrinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin hərtərəfli inkişafı və tətbiqi baxımından böyük əhəmiyyət daşıyır.

Məlum olduğu kimi, 17 iyul 2018-ci ildə Prezident İlham Əliyev “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu Sərəncam Azərbaycan dilinin tətbiqi ilə bağlı sərəncamlar içərisində əsas sənədlərdən biridir.  Elektorn məkan Azərbaycan dilinin istifadəsini  gündəmə gətirir, aktuallaşdırır, yazılı nitqimizin işləkliyini artırır.

Azərbaycan dili dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın şəkildə ifadə etmək qüdrətinə malikdir. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı Dövlət Dil Komissiyasının yanında Monitorinq Mərkəzinin yaradılması” Sərəncamı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.

Bu gün Azərbaycan dilinin saflığının qorunması vacib addımlardan biridir. Azərbaycan elmi, mədəniyyəti inkişaf etdikcə Azərbaycan dili daha zənginləşir, analitik düşüncənin dilinə çevrilir.

Dil elə bir ictimai varlıqdır ki, orada xalqın mədəniyyəti, ədəbiyyatı, məişəti, dünyagörüşü, bir sözlə, bütün göstəriciləri öz əksini tapır. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, onu  inkişaf etdirən ən mühüm və güclü vasitədir.

Vətən müharibəsinin qələbəsindən sonra dilimizin bir sıra sahələrinin öyrənilməsi bu gün aktuallıq kəsb edir. Biz torpaqlarımızı işğaldan azad etməklə həm də milli mədəniyyət abidələrimizi işğaldan azad etmişik.

Məlumdurr ki, işğal dövründə Qarabağda xalqımıza məxsus 300-dən çox toponim dəyişdirilib. Toponimlərin təqiq edilməsi ən mühüm vəzifələrdəndir.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda yeni yaradılan “Toponimika sektoru”nda  Qarabağ toponimləri tədqiqata cəlb edilib. İşğaldan azad olunmuş toponimlər, oykonimlər, hidronimlər, oronimlər  sistemli şəkildə araşdırılır. Toponimlərin mənşəyi, orfoqrafiya məsələləri tədqiqatın əsas istiqamətlərindən biridir.

Bununla yanaşı, “Azərbaycan dialektologiya”sı şöbəsində Qarabağ dialektoloji atlası” çapa hazırlanır.

Qarabağ dialektinin, onlara aid şivələrin yenidən öyrənilməsi, dialektizmlərin toplanması, onların elektron atlaslar, xəritələr şəklində hazırlanması dilçilik elminin əsas vəzifələrindən biridir. Məlumdur ki, bu bölgələrdə yaşayan əhali öz dialektlərini yaradıblar, otuz ilə yaxındır ki, onu qoruyub saxlaya biliblər.

İşğaldan azad edilmiş ərazilərdə təbiət leksikasının öyrəniləməsi  də mühüm vəzifələrdən biridir. Burada olan nadir bitkilırin adları, etimologiyası sistemli tədqiq olunmalıdır. Çünki Qarabağda elə nadir bitki və ağac növlərinə rast gəlmək mümükündür ki, onların elmi cəhətdən araşdırılması məqsədəuyğundur.

Azərbaycan dövləti bu gün dilimizin cəmiyyətdə rolunun daha da möhkəmlənməsini təmin edir. Dilimizi sevək və saflığını qoruyaq.

Təranə ŞÜKÜRLÜ, AMEA Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: