Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

16.03.2021 14:32
  • A-
  • A
  • A+

Muzeydə Elm gününə həsr olunan seminar keçirilib

Muzeydə Elm gününə həsr olunan seminar keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi  Muzeyində (MATM)  27 Mart - Elm gününə həsr olunan seminar təşkil edilib.

MATM-nin direktoru, akademik Nailə Vəlixanlı tədbiri açaraq, Elm günü münasibətilə muzey əməkdaşlarını təbrik edib. Qeyd edib ki, muzey tariximizin güzgüsüdür. O, 44 günlük Vətən müharibəsinin təbliğinin muzeydə uğurla həyata keçirildiyini, bu mövzuda toplama işinin davam etdiyini vurğulayıb.

Muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d., dos. Nərgiz Əliyeva "Azərbaycanın elm və mədəniyyətinin təbliğində sərgilərin rolu" mövzusunda məruzə ilə çıxış edib. N.Əliyeva bildirib ki, muzey eksponatlarının nadir olması,  kolleksiyanın tam olması, onların elmi dövriyyəyə buraxılması qürur mənbəyi olaraq  muzeyin kamilliyinin göstəricisidir. Lakin tək ona görə muzey yaşamır və yaşamamalıdır. Bəşər sivilizasiyasının mədəni irsinin bir parçası kimi muzey kolleksiyasının sosial əhəmiyyəti tarixi proseslərin gedişində birləşdirici həlqə kimi dominant rolunu oynayır. Burada isə əsas rolu muzey predmetinin əsas xüsusiyyəti olan elmi informasiya vermək, tipik və unikal, mənalı, təsirli olanı nümayiş etdirmək bacarığı oynayır. Elmi ekspozisiya ilə yanaşı sərgilər də bu rolu yerinə yetirir. Ekspozisiyadan fərqli olaraq sərgilər tək bir məkanda deyil, müxtəlif məkanda elmi informasiya vermək  səlahiyyətini özündə saxlayır.

N.Əliyeva qeyd edib ki, Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyət göstərdiyi dövr ərzində müxtəlif mövzuda  və müxtəlif məkanlarda çoxlu sayda sərgilər qurulub. Bunlar məzmun və mövzularına görə fərqləndiyi kimi təşkil olunduqları məkana görə də fərqləniblər. Əgər Sovet hakimiyyəti illərində qurulan sərgilər əsasən sosialist cəmiyyətinin uğurlarını tərənnüm edirdisə, müstəqillik yolu ilə irəliləyən müasir Azərbaycanın təqdim etdiyi sərgilər əsasən yaranmış yeni şəraitə uyğun olaraq tariximizin mühüm məqamlarını əks etdirir. Azərbaycanın zəngin mədəniyyətini ölkədə və xaricdə nümayiş etdirmək işində muzey əməkdaşları böyük səy göstəriblər. Həmçinin Azərbaycanın elm və mədəniyyətini  təbliğ edən sərgilərin nümayişinə uşaqların da cəlb olunması əhəmiyyət kəsb edir.

Alim bildirib ki,bu günlərdə Milli Azərbaycan Tarixi Muzeyinin saytının təqdimatı keçirilib. Əvvəlki saytdan fərqli olaraq məlumatlar üç dildə, Azərbaycan, ingilis və rus dillərində təqdim olunacaq. Önəmli olanlardan biri də budur ki, iri həcmi olan kataloq, kitab-albom, toplu və elmi əsərlər təqdim oluna biləcək. Yeni sayt Azərbaycan elm və mədəniyyətinin təbliğ olunması üçün daha geniş imkanlar açmaqla bərabər, Muzey əməkdaşlarının üzərinə  də daha böyük məsuliyyət düşür. Onlardan  daha  zəngin yaradıcı işləmələri tələb olunur. Hazırda muzey iki ən vacib məsəni yerinə yetirir, həm ekspozisiyanın yenidən qurulması və “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgi üzərində iş gedir.

44 günlük Vətən müharibəsinin təbliğində yüksək vətənpərvərlik hissi nümayiş etdirən bütün muzey əməkdaşları çox fəal iştirak ediblər. Muzeyin Qadınlar Şurası da bu münasibətlə iki qadın əməkdaşımızın bu sahədəki işini mükafatlandırıb.  Muzeyin əməkdaşları - Aygün Quliyevaya və Mehriban Mehdiyevaya, elmi və ictimai uğurlarına görə AMEA İctimai Elmlər Bölməsi tərəfindən  verilmiş Fəxri Fərmanlar dos. Nərgiz Əliyeva tərəfindən əməkdaşlara təqdim edilib.

Muzeyin əməkdaşı Aygün Quliyeva "44 günlük  müharibənin acı xatirəsi" mövzusunda çıxış edib, şəhid və qazilərə məxsus materialların toplama işi barədə məlumat verib.

Muzeyin direktor müavini, dos. Məhfuzə Zeynalova çıxış edərək yeni yaradılmış Vətən Müharibəsi Fondu və şəhid, qazi materiallarının  toplama işi barədə danışıb.

Sonda akademik Nailə Vəlixanlı muzey əməkdaşlarını Elm günü və Novruz bayramı münasibətilə bir daha təbrik edib, elm və muzey işində uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: