AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Elm gününə həsr olunan onlayn sessiya keçirilib.
Tədbiri rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq Elm Gününün təsis edilməsinin əhəmiyyətini vurğulayıb, bu təşəbbüsün məhz Azərbaycanın elm məbədi olan AMEA-nın yaranması günündə qeyd edilməsinin ölkə rəhbərliyinin elmə və elm adamlarına göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib.
Daha sonra rəsədxananın əməkdaşları f-r.ü.f.d. Ədalət Ətayi “Günəş sisteminin planetləri”, prof. Nəriman İsmayılov “Cavan ulduzlar”, f-r.ü.f.d. Bayram Rüstəmov “Ulduzların yaranması”, f-r.ü.f.d. Canməmməd Rüstəmov “Horizon 2020 çərçivəsində Massiv ulduzların tədqiqi”, elmi işçi Fazil İsmayılov “Kosmik monitorinq: Metodika və praktiki nəticələr”, f.ü.f.d. Xıdır Mikayılov “Teleskoplar” və elmi işçi Aynurə Məsimova “Astronomiyanın təbliği” mövzularında elmi-populyar məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, Şamaxı Astrofizika Rəsədxanasında bir müddət öncə Elm günü ilə əlaqədar onlayn sərgi də təşkil edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.