Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə Maks Plank Təkamül Antropologiyası İnstitutu arasında memorandum imzalanıb
06.09.2024 12:56
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə Maks Plank Təkamül Antropologiyası İnstitutu arasında memorandum imzalanıb

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə Almaniyanın Maks Plank Təkamül Antropologiyası İnstitutu arasında elmi əməkdaşlıq barədə rəsmi memorandum imzalanıb.

Memorandumu AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu tərəfindən institutun baş direktoru akademik İradə Hüseynova, Maks Plank İnstitutu tərəfindən isə institutun icraçı direktoru professor Johannes Kraus imzalayıblar.

Qeyd edək ki, Maks Plank Təkamül Antropologiyası İnstitutuna nəsli kəsilmiş homininlərin genomları və insan təkamülü ilə bağlı kəşflərinə görə 2022-ci ildə Fiziologiya və Tibb sahəsində Nobel mükafatı almış professor Paabo Svante rəhbərlik edir.

Memorandumun şərtlərinə görə, bu təşkilatlar arasında elmi əməkdaşlıq əlaqələri ilkin mərhələdə 5 il müddətinə nəzərdə tutulur və ehtiyac yaranarsa, bu müddətin daha 2 il uzadılması mümkün olacaqdır. Memorandumda əsasən, palegenetika, arxeologiya, DNT/RNT sekvensi, bioinformatika və digər biomolekulyar metodların mənimsənilməsi sahəsində treninqlər, həmçinin birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsini əhatə edən hərtərəfli akademik əməkdaşlıq nəzərdə tutulub. Birgə tədqiqat layihələri Azərbaycanın arxeoloji abidələrindən əldə olunan bioloji nümunələrin tarixi, təkamül və bioloji əhəmiyyətinin araşdırılmasına yönəldiləcəkdir. Bundan başqa, tərəflər arasında təcrübə mübadiləsini təmin etmək məqsədi ilə hər iki tərəfin üzvlərinin, tələbələrin layihələrin həyata keçirilməsi prosesində nümunələrin toplanması və laborator işlərə cəlb edilməsi, həmçinin hər iki tərəfdən uyğun mütəxəssislərin vaxtaşırı mühazirələrinin təşkili də memorandumun şərtləri sırasına daxildir. Memorandumda tərəflərin hüquq və mükələfiyyətləri, məsuliyyətləri, intellektual mülkiyyətin qorunması, əldə olunan nəticələrin konfidensiallığının müəyyən şərtlər daxilində, müəyyən vaxta qədər qorunması və s. kimi məsələlərə də toxunulub.

Qeyd edək ki, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Molekulyar biologiya ixtisası üzrə dissertantı, institutun Populyasiya genomiksi laboratoriyasının elmi işçisi Zərintac Rüstəmova 2022 və 2023-cü illərdə Maks Plank Təkamül Antropologiyası İnstitutunda elmi ezamiyyədə olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: