Martın 4-də AMEA-nın Rəyasət Heyətində tanınmış riyaziyyatçı alim, riyaziyyat elmləri doktoru, professor Kamal Soltanovla görüş keçirilib.
Görüşdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, Milli Məclisin deputatı Səbinə Salmanova, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, Rəyasət Heyəti aparatının məsul şəxsləri, ETN Riyaziyyat və Mexanika İnstitutunun, eləcə də Bakı Dövlət Universitetinin əməkdaşları, media nümayəndələri və aidiyyəti şəxslər iştirak ediblər.
Görüşdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbirin keçirilməsində məqsədin tanınmış riyaziyyatçı alim, professor Kamal Soltanovun uzun illərdir həll edilməyən Navier-Stokes tənlikləri ilə bağlı əldə etdiyi yeniliklərlə tanış olmaq və onu cəmiyyətimizə tanıtmaq olduğunu bildirib. Qeyd edib ki, professor Kamal Soltanovun həlli istiqamətində çalışdığı məsələ dünya miqyasında olan problemlərdəndir və onun bu iddiası olduqca mühüm məsələdir.
Azərbaycan alimlərinin dünya miqyasında elmi məsələlərin həllinə çox az hallarda iddia etdiklərini, bir növ onlarda özlərinə inamsızlıq yarandığını, bundan irəli gələrək ötən müddət ərzində Nobel mükafatına Azərbaycandan yalnız 4 müraciətin qeydə alındığını deyən akademik İsa Həbibbəyli bu mifi sındırmaq, onların düşüncəsini dəyişmək və özlərinə inam aşılamaq məqsədilə AMEA-da “Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransın keçirildiyini xatırladıb. Bildirib ki, Azərbaycan bəşəriyyətə görkəmli şəxsiyyətlər, dahi şair və yazıçılar, elm xadimləri bəxş edib və alimlərimiz, ziyalılarımız bu gün dünyada gedən böyük elmi problemlərin həllinə iddia etməkdən çəkinməməlidirlər. Akademik İsa Həbibbəyli uzun illər Türkiyədə çalışmış professor Kamal Soltanovun təşəbbüsünün bu gün dünyada geniş müzakirə edildiyini vurğulayıb.
Qeyd edib ki, bugünkü görüş alimin elmi nailiyyətlərini Azərbaycan cəmiyyətinə tanıtmaqla bərabər, alimlərimizi böyük elmi iddialara təşviq etmək üçün stimul verəcəkdir.
AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov isə çıxışında professor Kamal Soltanovun elmi fəaliyyəti barədə danışıb. Fariz İmranov professor Kamal Soltanovun Azərbaycan Dövlət Universitetində (indiki BDU) ali təhsil aldığını, sonra Moskva Dövlət Energetika İnstitutunun aspiranturasında oxuduğunu və daha sonra Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyət göstərdiyini və o vaxtdan bu problemin həlli ilə məşğul olduğunu söyləyib. Qeyd edib ki, alim 2003-cü ildən Türkiyənin Hacettepe Universitetinə dəvət alıb və fəaliyyətini uğurla davam etdirib, gənc kadrlar hazırlamaqla yanaşı, riyaziyyatın nəzəriyyəsi ilə də məşğul olub. Bu gün professor Kamal Soltanovun tədqiqatlarının nəticəsi geniş şəkildə tətbiq olunur.
Professor Kamal Soltanovun Navier-Stokes tənlikləri ilə bağlı mühüm nəticəsinin uzun illərdir müzakirə edildiyini deyən Fariz İmranov nəhayət alimin elmi nəticəsinin 2024-cü ildə məqalə şəklində çapa qəbul edilərək işıq üzü gördüyünü və bunun Azərbaycan elminin böyük uğuru olduğunu söyləyib.
Daha sonra çıxış edən professor Kamal Soltanov görüşün keçirilməsinə görə, Akademiya rəhbərliyinə minnətdarlığını bildirib və əldə etdiyi elmi yeniliyə dair təqdimatla çıxış edib. 40 ildən çox bir müddət ərzində Navier-Stokes tənlikləri üçün qoyulmuş Dirixle məsələsinin zəif həllərinin yeganəliyi üzərində işlədiyini deyən alim bildirib ki, bu tənliklər hidrodinamikanın əsas riyazi modelidir və həyatda axınlar hər yerdə olduğundan onun öyrənilməsi vacib məsələlərdən biridir. Qeyd edib ki, bu tənliklərlə bağlı problem ABŞ-ın Clay Riyaziyyat İnstitutunun qoyduğu milenium 7 problemdən biridir və bu problem dünyada çox tanınmış alimlər tərəfindən araşdırılmaqdadır.
Professor Kamal Soltanov diqqətə çatdırıb ki, Navier-Stokes tənlikləri üçün qoyulmuş Dirixle məsələsinin zəif həllərinin mövcudluğu 3 ölçülü durum üçün 1932-ci ildə Leray tərəfindən, daha sonra 1934-cü ildə Hopf-Leray tərəfindən göstərilmiş və həllər fəzası təyin edilmişdir. Amma həllərin təkliyi sualı cavabsız qalmış, ancaq 1959-cu ildə Lions-Prodi və sonra 1969-cu ildə Ladıjenskaya 2 ölçülü durum üçün həllərin yeganəliyini göstərmişlər.
“3 ölçülü durum üçün bu sual indiyə qədər açıq qalmışdı. 2015-ci ildə problemi həll etdiyimi anladım və əldə etdiyim nəticəyə əsaslanaraq məqalə hazırlayıb “arxiv.org” saytına yerləşdirdim. Bu problemi həll etmək üçün tamamilə fərqli bir metoddan istifadə etdim və yanaşmam, adətən yeganəliyin göstərilməsi üçün tətbiq olunan metodlardan köklü şəkildə fərqlənir. 2020-ci ildən məqaləni dünyada bu tənlikləri araşdıran bilinən alimlərin hamısına və reytinqi yüksək olan bütün jurnallara ardıcıl şəkildə göndərdim. 2023-cü ilin ortalarından başlayaraq, bəzi jurnallardan cavablar gəlməyə başladı və onların məqaləni çap etməkdən çəkindikləri anlaşıldı. Nəhayət, 2024-cü ilin payızında “Springer”də nüsxələnən “Russian Journal of Mathematical Physics” jurnalında dərc olundu”, - deyə o bildirib.
Həmçinin vurğulayıb ki, bu tənliklər real həyatda baş verən bir çox proseslərin, sinergetikada, meteorologiyada, turbolentliyin araşdırılmasında, ekologiyada və digər sahələrdəki proseslərin tədqiqində bir riyazi model olaraq mühüm rol oynayır.
Professor Kamal Soltanov çıxışından sonra akademik Arif Həşimovun, akademik Yusif Məmmədov və fizika-riyaziyyat elmləri doktoru Əbdürrəhim Quliyevin suallarını cavablandırıb.
Daha sonra AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev, Bakı Dövlət Universitetinin kafedra müdiri akademik Yusif Məmmədov, AMEA-nın akademik-katibi akademik Arif Həşimov və professor Kamal Soltanovun qardaşı dosent Rafael Soltanov çıxış edərək alimin bütün həyatını riyaziyyat elminin inkişafına həsr etdiyini, onun elmi tədqiqatlarının bir çoxun beynəlxalq miqyasda qəbul olunduğunu və tətbiq edildiyini bildiriblər. Qeyd olunub ki, professor Kamal Soltanovun Navier-Stokes tənlikləri ilə bağlı elmi nəticəsi alimin uzun illər apardığı gərgin elmi fəaliyyətinin nəticəsidir və yüksək qiymətləndirməyə layiqdir.
Sonda çıxış edən akademik İsa Həbibbəyli professor Kamal Soltanovun Navier-Stokes tənlikləri ilə bağlı iddiasının Azərbaycan riyaziyyat elmi sahəsində yeni ideyaları, baxışları, çağırışları üzə çıxaracağını söyləyib. Bildirib ki, zəngin tarixə malik olan Azərbaycan riyaziyyat elminin bugünkü tədqiqatçılarının əsərləri hələ də ölkə üzrə ən çox istinad edilən elm sahələrindən biridir.
“Professor Kamal Soltanovun özünəinam hissi Akademiyada həyata keçirilən islahatlarla səsləşir və onun Navier-Stokes tənlikləri ilə bağlı əldə etdiyi nəticələrin nüfuzlu elmi jurnalda çap edilməsi mühüm elmi əhəmiyyətə malikdir”, - deyən akademik İsa Həbibbəyli ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonda qonağa AMEA-da nəşr olunan kitablar hədiyyə təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.