Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

10.11.2025 17:48
  • A-
  • A
  • A+

В Институте молекулярной биологии и биотехнологий отметили День Победы

В Институте молекулярной биологии и биотехнологий отметили День Победы

Azərbaycan xalqının qəhrəmanlıq tarixində əbədi iz qoymuş 8 Noyabr – Zəfər Günü Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda böyük ehtiram və qürur hissi ilə qeyd olunub. Öncə institutun həyətində əməkdaşların, Vətən müharibəsi qaziləri və onların ailə üzvlərinin, eləcə də məktəblilərin iştirakı ilə toplantı keçirilib. Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri institutun baş direktoru, akademik İradə Hüseynova açaraq iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib. İradə xanım Vətən müharibəsi qazilərinə dərin ehtiramını bildirib, onların fədakarlığını xalqımızın qəhrəmanlıq simvolu adlandırıb. Akademik tədbirdə iştirak edən qazi anası Nəsibə Abdullayevaya söz verib. Nəsibə xanım Vətən uğrunda döyüşən bütün oğullarımıza dua etdiyini, oğlu kimi minlərlə igidin sayəsində bu gün Azərbaycanın qalib ölkə kimi tanındığını bildirib. Vətən müharibəsi qazisi Ceyhun Abdullayev bu qələbənin hər bir azərbaycanlının qürur mənbəyi olduğunu qeyd edərək bildirib ki, bu günkü qalibiyyətimiz şəhidlərimizin qanı və qəhrəmanlığı sayəsində mümkün olub. Toplantıda məktəblilərin ifasında vətənpərvərlik nəğmələri səslənib, şeirlər oxunub.

Sonra tədbir institutun akt zalında davam etdirilib. Burada çıxış edən akademik İradə Hüseynova qeyd edib ki, 8 Noyabr – Zəfər Günü xalqımızın illərlə arzuladığı bir günün təntənəsidir. Bu Qələbə təkcə hərbi-siyasi uğur deyil, həm də xalqımızın milli qürurunun, dövlətinə və ordusuna inamının təcəssümüdür. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının iradəsini, qəhrəmanlığını və milli həmrəyliyini bir daha bütün dünyaya nümayiş etdirib. O vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, xalqın birliyi və ordumuzun rəşadəti sayəsində Azərbaycan 30 il davam edən işğala son qoyaraq tarixi ədaləti bərpa edib. Bu gün biz böyük qələbənin nəticələrini yaşayırıq. Qarabağda həyat yenidən canlanır, kəndlərimiz, şəhərlərimiz bərpa olunur. Bu, hər bir azərbaycanlının qürur mənbəyidir. İradə xanım şəhidlərimizin ruhuna dərin ehtiramını ifadə edib, qazilərimizə can sağlığı, xalqımıza isə firavan gələcək arzulayıb.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev, institutun Gənc Alim və Mütəxəssilər Şurasının sədri Aygün Sadiqova, 1-ci Qarabağ müharibəsi qazisi Şahvələd Məmmədov vurğulayıblar ki, 44 günlük Vətən müharibəsində xalqımızın birliyi, əsgərlərimizin igidliyi və şəhidlərimizin qanı ilə yazılan Böyük Zəfər Azərbaycan xalqının əzmini, ruh gücünü və məğrurluğunu bütün dünyaya göstərdi.

Daha sonra tədbirdə 8 Noyabr-Zəfər gününə həsr olunmuş video-çarx nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: