AMEA Aqrar Elmlər Bölməsinin elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Tubuxanım Qasımzadə may ayının 26-dan 29-na kimi Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş “XXI əsrdə torpaqşünaslıqda elmi nailiyyətlərin təbliğatının problemləri” mövzusunda Beynəlxalq konfransda iştirak edib. Tədbir Rusiyanın Elmi Təşkilatların Federal Agentliyinin V.V.Dokuçayev adına Mərkəzi Torpaqşünaslıq Muzeyinin 110 illik yubileyinə həsr edilib.
O, konfransda “Torpaqşünaslığın populyarlaşmasında tədqiqat məlumatlarının istifadəsi” mövzusunda məruzə ilə çıxış edib. T.Qasımzadə muzeyin fondunda Azərbaycanın torpaq nümunələrinin az miqdarda təmsil olunması ilə bağlı məqama da toxunub: “Halbuki, muzeydə digər qonşu ölkələrin torpaq nümunələrinə aid kifayət qədər materiallar vardır”. T.Qasımzadə tarixi baxımdan bu məsələnin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Bu məlumatlara əsasən AMEA Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədovun təşəbbüsü ilə müvafiq birgə tədqiqatların aparılması və gələcəkdə Azərbaycanın təmsil olunması üçün nümunələrin götürülməsi işinin birgə həyata keçirilməsi müzakirə olunub, müvafiq təkliflər hazırlanıb. Yaxın gələcəkdə nəzərdə tutulan bu işlərin rəsmiləşdirilməsi və muzey üçün Azərbaycanın müvafiq torpaq nümunələrinin götürülməsi (monolit formalarında) nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.