Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

12.11.2020 12:56
  • A-
  • A
  • A+

Azərbaycanın Qarabağ müharibəsində əldə etdiyi tarixi qələbə ilə bağlı onlayn toplantı keçirilib

Azərbaycanın Qarabağ müharibəsində əldə etdiyi tarixi qələbə ilə bağlı onlayn toplantı keçirilib

Qarabağ müharibəsinin başa çatması və atəşkəsin elan olunması ilə bağlı AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun onlayn toplantısı keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev Azərbaycan ordusunun 27 sentyabrdan başlayaraq işğal altında olan torpaqlarımızın azad olunması uğrunda həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan sonra Rusiya Federasiyasının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında 10 noyabr 2020-ci il tarixdə sülh müqaviləsinin imzalandığını, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu diqqətə çatdırıb. Alim Rəyasət Heyəti və institutun rəhbərliyi adından bütün kollektivi qələbə münasibətilə təbrik edib.

“Bu, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan ordusunun gücünün göstəricisidir”, - deyən alim müharibə başlayan ilk günlərdən etibarən xalqımızın bir yumruq kimi ölkə Prezidentinin ətrafında birləşərək ordumuza hərtərəfli dəstək göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanın müzəffər ordusu bütün dünyaya öz yenilməzliyi və qəhrəmanlığını nümayiş etdirərək 30 ilə yaxındır ki işğala məruz qalmış torpaqlarımızı azad edib. Bu gün Azərbaycan Respublikasının bayrağı xalqımız üçün qeyrət simvolu olan Şuşada dalğalanır.

“44 gün ərzində hər birimiz Azərbaycan ordusunun hərbi gücünə, əsgərlərimizin qəhrəmanlığına və böyük qələbəyə şahid olduğumuza görə çox xoşbəxtik”, - deyə bildirən alim institutun kollketivi adında vətən uğrunda canından keçərək şəhid olanlara Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyib. Onların Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacağına əminliyini ifadə edib.

İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək Ali Baş Komandanın qətiyyəti və Azərbaycanın müzəffər ordusunun əzmkarlığı sayəsində Ermənistanın həm hərb, həm də siyasət meydanında məğlub olduğunu bildirib. İmzalanmış atəşkəs müqaviləsinin Azərbaycanın siyasi maraqlarını təmin etdiyini vurğulayan alim 100 ildən sonra ölkəmizin Naxçıvanla quru əlaqəsinin bərpasının böyük tarixi əhəmiyyətə malik olduğunu söyləyib.

İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Məsumə Məmmədova öz çıxışında Azərbacan xalqını hər kəsin çoxdan gözlədiyi möhtəşəm qələbə münasibətilə təbrik edib. Qeyd edib ki, 30 il ərzində Azərbaycanın güclü generalları və zabitləri yetişib, vətənpərvər bir gənc nəsil formalaşıb. Azərbaycan üçün vətən müharibəsi hesab olunan Qarabağ müharibəsində əldə olunan nailiyyətlər bütün dünyaya Azərbaycanın siyasi və hərbi gücünü sübut edib. 

İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alquliyev 44 gün ərzində ordumuzun kiçik uğurlardan böyük uğurlara doğru getdiyini qeyd edərək qələbə gününün Azərbaycan millətinin qüruru və özünəinamının bərpası günü kimi qiymətləndirib. Ali Baş Komandanın adının böyük sərkərdələrlə eyni sıralarda dayandığını, tarixə həmişəlik qızıl hərflərlə yazıldığını bildirib.

Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev öz çıxışında ərazi bütövlüyümüzün bərpasının Azərbaycan xalqının tarixində ən böyük qələbələrdən biri olduğunu deyib. O, artıq Azərbaycan elminin üzərinə daha böyük vəzifələrin düşdüyünü bildirərək qeyd edib ki, alim və tədqiqatçılar bundan sonra daha da əzmlə çalışmalı, elmimizin inkişafına töhfələr verməlidir. 

Şöbə müdiri Səyyar Abdullayev əldə olunan qələbə ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə yanaşı, tarixi ədalətin də bərpa olunduğunu qeyd edib: “Belə qısa bir müddət ərzində Qarabağın Azərbaycanın ayrılmaz hissəsinə çevrilməsi dövlət başçısının ardıcıl siyasəti və rəşadətli ordumuzun sayəsində baş verdi. Bu, misli olmayan bir tarixdir”.

İnstitutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev öz çıxışında Azərbaycan ordusunun hər kənd, qəsəbə və rayonu azad etdiyində xalqın böyük sevinc və qürur hisləri keçirdiyini, bu qələbələrin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu dövlət siyasəti, müasir tələblərə uyğun ordu quruculuğu və çox düzgün diplomatik səylərinin nəticəsində mümkün olduğunu diqqətə çatdırıb.

İclada, həmçinin institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, baş mütəxəssis, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova, institutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, baş mütəxəssislər Əfruz Qurbanova, Kəmalə Qurbanova və digər əməkdaşlar çıxış edərək Azərbaycanın əldə etdiyi tarixi qələbə münasibətilə hər kəsi təbrik edib, şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: