Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВАЖНЫЕ СОБЫТИЯ

23.11.2020 17:16
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxananın yeni direktoru kollektivə təqdim edilib

Mərkəzi Elmi Kitabxananın yeni direktoru kollektivə təqdim edilib

Noyabrın 23-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) yeni direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev kollektivə təqdim olunub.

Tədbiri AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov açaraq bildirib ki, MEK 95 ildən artıq fəaliyyəti dövründə ölkəmizin ən iri kitabxana-informasiya müəssisələrindən birinə çevrilərək Azərbaycan elminin inkişafında, elmi kadrların yetişdirilməsində əvəzsiz rol oynayıb. Qeyd edib ki, ötən illər ərzində əsaslı inkişaf yolu keçən Mərkəzi Elmi Kitabxanaya ölkə rəhbərliyi tərəfindən daim diqqət göstərilib, yeni inzibati binası tikilərək istifadəyə verilib və nəticədə burada beynəlxalq standartlara uyğun səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb.

Daha sonra çıxış edən MEK-in yeni direktoru, professor Məmməd Əliyev kollektivi salamlayıb, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə təyinatı ilə bağlı minnətdarlığını bildirib. Diqqətə çatdırıb ki, müasir avadanlıqlarla təchiz olunan Mərkəzi Elmi Kitabxana milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malikdir. O, hədəflərə çatmaq və nümunəvi kitabxana xidmətini formalaşdırmaq məqsədilə MEK-in strukturunda islahatların aparılmasının, elmi şuraların və elmi-tədqiqat labaratoriyalarının yaradılmasının vacibliyini söyləyib. 

M.Əliyev, həmçinin 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan böyük qələbə münasibətilə kollektivi təbrik edib. O, kitabxana əməkdaşlarının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü, müdrik diplomatik siyasəti ətrafında bundan sonra da sıx birləşəcəklərini diqqətə çatdırıb.

Tədbirin sonunda kollektiv adından çıxış edən MEK-in kitabxana xidmət üzrə direktor müavini Xuraman İsmayılova yeni təyin olunan direktora işində uğurlar arzulayıb, illərlə formalaşan tarixi ənənəyə malik kitabxanada bundan sonra da uğurlu iş fəaliyyətinin davam edəcəyinə əminliyini bildirib.

Qeyd edək ki, professor Məmməd Əliyev AMEA Rəyasət Heyətinin noyabrın 20-də keçirilən iclasında MEK-in yeni direktoru təyin olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: