Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri hesab edilən Kəlbəcər rayonu qayaüstü rəsmləri, tarixi abidələri ilə zəngindir.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi şurasının üzvü, tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadə ömrünün 20 ildən çoxunu Kəlbəcərin Alagöl, Zalxagöl və Qaragölün sahillərində, həmçinin Pəriçınqılı, Ayıçınqılı, Lülpər sahələrində qayaüstü təsvirlərin aşkarlanmasına həsr edib. Azərbaycanın belə yüksək dağlıq zonasında 8000-ə qədər qayaüstü rəsmləri üzə çıxaran alim mövzu və bədii dolğunluq baxımından Kəlbəcər təsvirlərinin tayı-bərabəri olmadığını deyir.
Onun sözlərinə görə, Kəlbəcərin qayaüstü təsvirlərində ailə-məişət,təsərrüfat işləri və yerli tayfaların səma cisimləri ilə bağlı dünyagörüşü əks olunub. Bu təsvirlərdən ən qədiminin tarixi e.ə. IV-III minilliyə təsadüf edir.
Arxeoloq alim Kəlbəcər rəsmlərini Qobustan qayaüstü təsvirləri ilə müqayisə edərək, abidələrin oxşar və fərqli xüsusiyyətlərini də diqqətə çatdırıb.
Alimin sözlərinə görə sözügedən qayaüstü təsvirlərin yenidən tədqiq olunaraq ən qədim insan məskənlərindən biri olan Qobustanın “əkizi” kimi dünya səviyyəsində tanıdılmalıdır.
Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.