Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

16.12.2020 15:15
  • A-
  • A
  • A+

Folklor İnstitutu hesabat verib

Folklor İnstitutu hesabat verib

AMEA-nın Folklor İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib.

İclası giriş sözü ilə institutun direktoru, akademik Muxtar İmanov açaraq gündəlikdəki əsas məsələnin müəssisənin 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabat olduğunu bildirib.

Sonra qurumun elmi katibi, fil.ü.f.d., dosent Elçin Abbasov hesabatı təqdim edib. Hesabatda əvvəlcə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarları və dövlət proqramlarının icrası barədə məlumat verilib. E.Abbasov qeyd edib ki, Folklor İnstitutu 2020-ci ildə dövlət başçısı İlham Əliyevin fərman və sərəncamlarının, eləcə də dövlət proqramlarının icrası istiqamətində fəal iş aparıb. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı olaraq müəssisənin saytında çoxsaylı materiallar iki dildə olmaqla yayımlanıb.

O vurğulayıb ki, “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasının icrası sahəsində institut qeyri-maddi mədəni irsin qorunması və təbliği ilə bağlı müddəalara uyğun olaraq səmərəli fəaliyyət göstərib. Azərbaycan folklorunun və ümumilikdə, qeyri-maddi mədəni irs nümunələrinin toplanması, sistemləşdirilməsi, qorunması və nəşri sahəsində işlər davam etdirilib. Bölgələrdən material toplanıb, sistemləşdirilib və arxivə təhvil verilib.

Ölkə Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş və 2013-2020-ci illəri nəzərdə tutan “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı işlər görülüb. Azərbaycan Respublikası Prezidentinin “Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinin qeyd edilməsi haqqında” 31 yanvar 2020-ci il tarixli Sərancamının icrası ilə əlaqədar Folklor İnstitutunda “Əbdürrəhim bəy Haqverdiyev – 150. Folklordan yazılı ədəbiyyata: gülüş və kədər” mövzusunda onlayn elmi konfrans keçirilib.

Sonra “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”nın icrası ilə bağlı fəaliyyət diqqətə çatdırılıb. İnstitutda proqramın müddəalarına uyğun olaraq Azərbaycançılıq ideologiyasının folklor qaynaqları ilə öyrənilməsi istiqamətində tədqiqatların davam etdirildiyi qeyd olunub. Bildirilib ki, bu qəbildən “Ədəbiyyat və incəsənət: milli kimlik və mənəvi zənginlik” elmi araşdırmalar toplusunun II cildi çapa hazırlanıb.

Elmi-tədqiqat işlərinin icra vəziyyəti ilə bağlı qeyd olunub ki, 2020-ci ildə institutda “Azərbaycan xalq yaradıcılığının qaynaqları, təşəkkülü, inkişaf qanunauyğunluqları və əlaqələri” istiqamətində 4 problem, 7 mövzu, 50 iş əsasında tədqiqatlar aparılıb. Onlardan plana uyğun olaraq, 25-i ilin sonunda tamamlanıb.

Sonra elmi-tədqiqat proqramları, beynəlxalq əlaqələr, keçirilən tədbirlər, təltiflər və s. barədə məlumat verilib.

İclasda iştirak edən AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Folklor İnstitutunun 2020-ci il üçün elmi-təşkilati fəaliyyəti barədə hesabatı yüksək dəyərləndirib. O, pandemiya şəraitinə baxmayaraq, müəssisənin məhsuldar işlər gördüyünü vurğulayıb.

Sonda institutun hesabatı yekdilliklə qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: