Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

18.01.2021 21:23
  • A-
  • A
  • A+

AMEA-da struktur islahatlarına həsr olunan mətbuat konfransı keçirilib

AMEA-da struktur islahatlarına həsr olunan mətbuat konfransı keçirilib

Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-nın akademik-katibi, akademik Adil Qəribovun mətbuat konfransı keçirilib.

Tədbir son aylarda Akademiyada aparılan strukturun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılmasına həsr edilib.

Mətbuat konfransında çıxış edən akademik Adil Qəribov bildirib ki, son illərdə Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə çox yüksək səviyyədə inkişaf əldə olunub. Azərbaycanın kiçik dövlət olmasına baxmayaraq, ən müasir texnologiyalarla təchiz olunduğunu deyən akademik bunun öz bəhrəsini 44 günlük Vətən müharibəsində verdiyini söyləyib. Qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi altında elmtutumlu yüksək texnologiyalara əsaslanan hərbi texnika ilə təchiz olunmuş Azərbaycan ordusu tarixi torpaqlarımızı işğaldan azad etdi və xalqımızın qalib statusunu özünə qaytardı.

Akademik Adil Qəribov Azərbaycan xalqının elmə və texnologiyaya əsrlər boyu diqqət yetirdiyini, hətta klassiklərimizin əsərlərində bunun öz əksini tapdığını vurğulayıb.

75 il bundan öncə yaranmış AMEA-nın çox sürətli inkişaf yolu keçdiyini xatırladan akademik-katib Azərbaycan elminin bu müddət ərzində görkəmli alimlər yetişdirdiyini, həmin alimlərin keçmiş sovet dövründə SSRİ miqyaslı bir çox layihələrə rəhbərlik etdiklərini bildirib. Onun sözlərinə görə, həmin illərdə Azərbaycan EA-nın Fizika, Neft-Kimya Prosesləri və Riyaziyyat və Mexanika institutları SSRİ-nin aparıcı elmi qurumları sırasında yer alırdı. Azərbaycan alimlərinin sözügedən uğurlarının əldə olunmasında ulu öndər Heydər Əliyevin mühüm xidmətləri olduğunu deyən A.Qəribov diqqətə çatdırıb ki, məhz ümummilli liderin təşəbbüsü ilə SSRİ EA-nın prezidenti dəfələrlə Azərbaycana səfər edib, eləcə də Bakıda fizika və digər sahələrdə önəmli tədbirlər keçirilib.

Akademik Adil Qəribov müstəqilliyimizin ilk illərində AMEA-nın yeni dövrə qədəm qoyduğunu, maliyyə çatışmazlığına görə bir sıra alimlərin xaricə üz tutduqlarını söyləyib. Ulu öndərin yenidən hakimiyyətə gəlişi ilə ölkəmizdə elmə, texnologiyaya göstərilən diqqətin artdığını bildirən A.Qəribov ümummilli liderin ilk görüşünü məhz akademiyada alimlərlə keçirdiyini, növbəti illərdə də onların qayğısına qaldığını vurğulayıb.

AMEA rəsmisi bu siyasətin Prezident İlham Əliyev tərəfindən də davam etdirildiyini, ölkə başçısının akademiyanın 70 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı Azərbaycan elmi qarşısında mühüm vəzifələr qoyduğunu deyib.

Görkəmli siyasi xadim, peşəkar təşkilatçı və tanınmış alim akademik Ramiz Mehdiyevin 2019-cu ilin oktyabr ayından etibarən AMEA-ya rəhbərlik etdiyini xatırladan akademik Adil Qəribov həmin ilin dekabrında R.Mehdiyevin təşəbbüsü ilə AMEA-nın Ümumi yığıncağının keçirildiyini və “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”nın qəbul olunduğunu bildirib.

“Ötən illər ərzində dövlət büdcəsindən AMEA-ya ayrılan vəsaitlər artırılsa da, akademiya özü qazanc əldə etməyib. Rusiya Elmlər Akademiyasına (REA) dövlət büdcəsindən 1,5 faiz həcmində maliyyə ayrılır və bunun əvəzində rusiyalı alimlər ölkə ÜDM-nin 1 faizi həcmində büdcəyə geri ödəniş edirlər. Hazırda REA rəhbərliyi geri ödənişlərin həcminin artırılması istiqamətində daha çox səy göstərilməsinin tərəfdarıdır. Belarus Elmlər Akademiyasının 60 faizi özü tərəfindən, 40 faizi isə dövlət büdcəsindən maliyyələşir. Özbəkistan Elmlər Akademiyasında isə bu göstərici yarı-yarıyadır”, - deyə akademik Adil Qəribov diqqətə çatdırıb.

Azərbaycanda elmə ayrılan vəsaitin 81-82 faizinin əməkhaqlarının ödənişinə sərf olunduğunu deyən natiq qalan vəsaitin isə müəssisələrin gündəlik tələbatlarına xərcləndiyini deyib. Bundan əlavə, Elmin İnkişafı Fondu və SOCAR-ın Elm Fondundan qazanılan qrantlar hesabına alınan cihazların səmərəli istifadə göstəricisinin 20 faizi ötmədiyini vurğulayıb: “Son illərin təhlili göstərir ki, bir neçə institut xaricində heç bir əməli işlər aparılmayıb. AMEA-da yeni, gənc kadrların yetişdirilməsinə ehtiyac var. İnstitutlarda gənclərin sayı 10-20 faizdən çox deyil. Akademiyada fundamental sahə yetəri qədər inkişaf etməyib”.

Alim elmin inkişafının və aparılan tədqiqatların Azərbaycanın ümdə ehtiyacları ilə uyğunlaşdırılmasının, idarəetmənin optimallaşdırılmasının, elmlə təhsilin inteqrasiyasının vacibliyinə toxunub.

Elmin təşkili üzrə müəyyən boşluqların olduğunu deyən A.Qəribov bu məqsədlə akademiyada bir sıra islahatlar aparıldığını söyləyib. Bildirib ki, institutlarda Avropa təcrübəsi əsasında baş (ümumi işlər) və icraçı direktor (elmi işlər) vəzifəsi yaradılıb: “Akademiyada aparılan islahatlar hələlik başlanğıcdır. İslahatlar tamamlandıqdan sonra normativ hüquqi aktların və AMEA-nın Nizamnaməsinin yenidən işlənməsi istiqamətində tədbirlər həyata keçiriləcək”.

Alim islahatların davamı olaraq hazırda Akademiyanın qurumlarında daxili yoxlamaların aparıldığını diqqətə çatdırıb. Bildirib ki, yoxlama ilkin olaraq Fizika İnstitutunda aparılıb və nöqsanlar aşkar edilərək müəyyən qərar qəbul olunub.

Akademik Adil Qəribov AMEA-nın ictimaiyyətlə əlaqələrə və KİV nümayəndələri ilə münasibətlərə daim önəm verdiyini deyib və bu cür görüşlərin mütəmadi keçirilməsinin vacibliyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: