Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

21.01.2021 16:20
  • A-
  • A
  • A+

Akademik İsmayıl Hacıyevə həsr olunan açıq dərs şagirdlərin marağına səbəb olub

Akademik İsmayıl Hacıyevə həsr olunan açıq dərs şagirdlərin marağına səbəb olub

AMEA-nın Naxçıvan Bölməsində muxtar respublika məktəbliləri üçün Akademik İsmayıl Hacıyev - 70 mövzusunda onlayn açıq dərs keçirilib.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli əvvəlcə akademik İsmayıl Hacıyevin 70 illik ömür yolu haqqında şagirdlərə məlumat verib. Ziyalı ailəsində dünyaya göz açan alimin tarix elminə marağının yaranmasında onun böyüyüb boya-başa çatdığı əzəmətli diyarın böyük rol oynadığını Naxçıvan məktəblilərinin diqqətinə çatdırıb.

Onun bir çox məziyyətlərindən bəhs edən alim bildirib ki, vətənini, millətini sevən İsmayıl Hacıyev Azərbaycanın tarix elminin zənginləşdirilməsi, gələcək nəsillərin tarixi köklərimiz, dövlətçilik ənənələrimiz haqqında məlumatlı olması üçün ömrünün böyük bir hissəsini elmi tədqiqatlara sərf edib. Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsində, Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvanın dövlətçilik ənənələrinin araşdırılmasında, müstəqilliyimizin bərpasından sonra Naxçıvan Muxtar Respublikasında əldə edilmiş irəliləyişlərin elmi nöqteyi-nəzərdən təhlil edilməsində akademik İsmayıl Hacıyevin böyük xidmətləri olub.

F.Səfərli alimin fəaliyyətinin müxtəlif dövrləri haqqında məlumat verərək şagirdləri onun ərsəyə gətirdiyi elmi əsərlərlə tanış edib. O bildirib ki, İ.Hacıyev hər zaman tarix elmimizin yeni faktlarla zənginləşdirilməsinə dəyərli töhfələr verib. Dərsdə bədnam qonşularımızın Naxçıvana qarşı irəli sürdüyü əsassız ərazi iddialarının bu gün də davam etdiyini diqqətə çatdıran alim söyləyib ki, İsmayıl Hacıyevin tarixboyu Naxçıvanda mövcud olmuş dövlətçilik ənənələrini dəqiq və sistemli şəkildə təhlil etməsi və tədqiqatların nəticələrinin müxtəlif əsərlərdə əks olunması həmin saxta iddiaların dəf olunmasında ən tutarlı əsasdır.

İsmayıl Hacıyevin müəllimlikdən akademikliyə qədər keçdiyi gərgin fəaliyyətindən danışan professor qeyd edib ki, insan elmin gücü ilə bütün hədəflərə çatmağa qadirdir. Bu günün savadlı məktəblisi sabahın ziyalısı, mütəxəssisi, ən əsası, vətəndaşı – xalqımızın gələcəyidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: