Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

26.01.2021 10:37
  • A-
  • A
  • A+

Sənayenin Rəqabətqabiliyyətliliyi İndeksi üzrə tədqiqatlar aparılıb

Sənayenin Rəqabətqabiliyyətliliyi İndeksi üzrə tədqiqatlar aparılıb

AMEA-nın İqtisadiyyat İnstitutunda Sənayenin Rəqabətqabiliyyətliliyi İndeksinə həsr olunan elmi seminar keçirilib.

Tədbiri müəssisənin direktoru, professor Nazim İmanov açaraq seminarın gündəliyi barədə iştirakçılara məlumat verib.

Sonra institutun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Şahin Sadıqovun “Sənayenin Rəqabətqabiliyyətliliyi İndeksinin (SRİ) təhlili və Azərbaycanın bu indeksdə mövqeyinin yaxşılaşdırılması istiqamətləri” mövzusunda məruzəsi dinlənilib. Tədqiqatçı SRİ-nin mahiyyəti, onun müəyyən edilməsi metodologiyası və bu indeks üzrə beynəlxalq reytinqdə Azərbaycanın mövqeyi barədə məlumat verib. Qeyd edib ki, SRİ sözügedən sektorun ölkənin inkişafına hansı səviyyədə töhfə verməsinin göstəricisidir. Onun sözlərinə görə, bu indeks ölkə sənayesinin istehsalda və istehsal edilmiş məhsulların daxili və xarici bazarda satışında hansı səviyyədə müvəffəqiyyətli olduğunu və nəticədə struktur dəyişikliyinə və inkişafına hansı dərəcədə töhfə verdiyini əks etdirir: “SRİ özünə hər biri iki göstərici (subindeks) daxil olmaqla üç sahəni əhatə edir. Bu sahələrə - istehsal gücü və ixrac imkanları (bu sahəyə iki göstərici daxildir: adambaşına yaradılmış əlavə dəyər, adambaşına düşən ixrac), texnoloji dərinləşmə və təkmilləşmə (bura sənayeləşmənin intensivliyi və ixracın keyfiyyəti göstəriciləri daxildir) və beynəlxalq təsirlər (bura ölkə sənayesinin dünya üzrə yaradılmış əlavə dəyərə təsiri və ölkə sənayesinin dünya üzrə məhsul ixracının həcminə təsiri göstəricləri daxildir) aiddir.

Alim tədqiqatlar zamanı dünyanın aparıcı dövlətlərinin sənayesinin durumu haqqında statistik məlumatlara baxıldığını, Sənayenin Rəqabətqabiliyyətliliyi İndeksi üzrə beynəlxalq sıralanmadakı vəziyyətlə bağlı və subindekslər üzrə ölkələrarası, o cümlədən Azərbaycanın mövqeyi üzrə müqayisəli təhlillər aparıldığını, respublikamızın SRİ-dəki vəziyyətinin yaxşılaşdırılması istiqamətində təkliflər irəli sürüldüyünü söyləyib.

Məruzəçi qeyd edib ki, dünya sənaye məhsulunun 60 faizi, sənaye məhsulu ilə ticarətin 44 faizi ABŞ, Çin, Yaponiya, Almaniya, Cənubi Koreya və Hindistanın payına düşür. Dünyanın ilk 10 aparıcı dövlətinin dünya ÜDM-də payı 67 faiz, 20 aparıcı dövlətin isə bu göstəricidə payı 81 faizdir. Qalan 172 ölkə birlikdə dünya ÜDM-in 1/5 hissəsini verir. 2016-ci ildə ÜDM həcminə görə dünyada 1-ci olan ABŞ dünya sənaye məhsulunun 10,39 faizini verməklə 2-ci yerdədir. Çin isə dünya iqtisadiyyatında 2-ci aparıcı dövlət olmaqla istehsal və ticarət mərkəzinə çevrilib, dünya sənaye məhsulunun 25 faizini istehsal etməklə 1-ci yerdədir. Yaponiya dünya iqtisadiyyatında 3-cü olmaqla daxili tələbatın zəif olması və yüksək dövlət borcu ilə xarakterizə edilir. Sonrakı yerləri Almaniya, Böyük Britaniya, Hindistan, Fransa, Brazilya, İtaliya, Kanada, Cənubi Koreya, Rusiya və s. dövlətlər tutur.

Ş.Sadıqovun sözlərinə görə, Sənayenin Rəqabətqabiliyyətlilik İndeksində Almaniya 1-ci yerdədir. Yaponiya, Çin və ABŞ sonrakı yerlərdə sıralanıb. Azərbaycan 2015-ci ildə 115, 2016-cı ildə 107, 2017-ci ildə 115, 2018-ci ildə 107-ci yerdə olub. Sənayenin Rəqabətqabiliyyətliliyi Subindekslərinə gəldikdə isə 2018-ci ildə respublikamız istehsal gücü və ixrac subindeksinə görə 109-cu, texnoloji dərinləşmə və təkmilləşmə subindeksinə görə 137-ci, dünya təsiri subindeksinə görə isə 100-cü yerdədir. Sonuncu subindeksinə görə respublikamız Gürcüstan və Ermənistandan ön sıralarda qərarlaşıb ki, bu da neft və qaz ixracı ilə bağlıdır. Son illər Azərbaycanda qeyri-neft sektorunda, qeyri-neft sənayesində artım meyilləri müşahidə olunur və bu sahədə aparılan islahatlar, stimullaşdırıcı tədbirlər, yerli istehsalın və ixracın dəstəklənməsi ölkənin ixrac potensialının artırılması məqsədlərinə xidmət edir.

Sonra məruzəçi sualları cavablandırıb, mövzu ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: