AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının 2021-ci ildə ilk onlayn iclası keçirilib.
İclasda şuranın üzvləri, institutun şöbə müdirləri ilə yanaşı, Türkiyədən Yaqub Dəliöməroğlu, Rusiya Federasiyasının Tatarıstan Respublikasından Daniya Zaqidullina və Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid də iştirak ediblər.
Elmi şuranı AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib. Sonra akademik İsa Həbibbəyli türk dünyası və Azərbaycanla ədəbi-mədəni əlaqələrin inkişafında verdiyi töhfələrə görə hər iki qonağın institut tərəfindən mükafatlandırıldığını bildirib. Bu mükafatların Azərbaycanın Zəfər ilində təqdim olunmasını xüsusi vurğulayıb. Bundan sonra əlaqələrimizin daha da güclənəcəyi və “Qardaş qələmlər” dərgisinin may nömrəsinin Azərbaycana həsr olunmasının əməkdaşlığa böyük töhfə verəcəyini əlavə edib. Tatarısanda Nizami Gəncəvinin təbliği sahəsində görülən işlərin miqyasının genişlənəcəyinə əminlik ifadə olunub.
Tatarıstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Daniya Zaqidullina türk dünyası ölkələrinin əlaqələrinin genişləndirilməsində və Azərbaycan ədəbiyyatının təbliğində gördüyü böyük işlərə görə İnstitutun “Fəxri doktoru” və Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Dəliöməroğlu isə Türkiyədə və ümumtürk dünyasında Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrə görə institutun “Fəxri dostu” adına layiq görülüb.
Fəxri qonaqlardan AYB-nin Gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid həm akademik Daniya Zaqidullinanı, həm də Yaqub Dəliöməroğlunu böyük uğurlarına görə təbrik edib və onlara verilən bu dəyəri vəfa borcu kimi qiymətləndirib. O əlavə edib ki, Yaqub Dəliöməroğlu AYB tərəfindən də təltif edilib. Avrasiya Yazarlar Birliyinin həyata keçirdiyi misilsiz işləri yüksək qiymətləndirən Rəşad Məcid Türkiyədə 200-dən çox azərbaycanlı müəllifin kitabının çap edilməsində Yaqub Dəliöməroğlunun xüsusi əməyi olduğunu diqqətə çatdırıb.
Qonaqlar göstərilən böyük etimada görə minnətdarlıqlarını bildiriblər. Yaqub Dəliöməroğlu onun hekayələr kitabının Türkiyədən öncə ilk dəfə Azərbaycanda çap olunduğunu qeyd edib. “Nizami Gəncəvi ili”ndə Nizami Gəncəvinin adını daşıyan bir elm ocağından belə bir təltifə layiq görülməsinin qürurverici olduğunu bildirib.
Sonra Ortaq başlanğıc və İntibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov 80 illik yubileyi ilə əlaqədar olaraq təbrik edilib və “Fəxri fərmanla” təltif olunub.
“İlin gənc alimi” - 2020 nominasiyasına Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi, Ədəbi tənqid şöbəsinin doktorantı Gülnar Səma (Qasımlı Gülnar Vaqif qızı) layiq görülüb.
Müəssisənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli institutunun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının elmi nəşrlərin beynəlxalq indeksləşdirmə bazası olan “Copernicus” sisteminə və Türkiyədə faəliyyət göstərən “ASOS indeks” sisteminə daxil edildiyi haqqında məlumat verib.
Gündəlikdəki digər məsələlərdən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında 5 yanvar 2021-ci il tarixli Sərəncamı və qarşıda duran vəzifələr, “Qarabağ ədəbi mühiti” monoqrafiyasının plan-prospektinin, müəlliflər heyətinin müəyyənləşdirilməsi, institutun 2021-ci il üçün elmi tədqiqat işlərinin əhatəli planının müzakirəsi və təsdiqi, çap məsələləri və s. müzakirə olunaraq təsdiq olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.