Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

02.02.2021 09:22
  • A-
  • A
  • A+

Güclü lider və onun qalib gəncləri

Güclü lider və onun qalib gəncləri

Azərbaycanda gənclərlə bağlı təşkilatlanmanın və davamlı inkişafı hədəfləyən sistemli strategiyanın formalaşma tarixi Ümummilli Liderin adı ilə, hakimiyyətdə olduğu dövrlə bağlıdır. “Gənclər günü”nün yaddaşını Ulu Öndərin qərarları ilə bərabər, yeni dünyanın siyasi fenomeni, eləcə də XXI əsrin qalib sərkərdəsi Prezident İlham Əliyevin dəmir iradəsi, zəfəri hədəfləyən siyasi manevrləri bəzəyir. 

Ölkə rəhbərinin fəaliyyətində  hər zaman gənclərə etimad, onların potensial bacarıqlarına xüsusi güvən durur. Azərbaycanın indiki və gələcək həyatını yenidən şəkilləndirən, həmçinin beynəlxalq platformalarda ölkəmizin siyasi və hərbi imici haqqında yeni müsbət fikirlər formalaşdıran son hadisələr bir növ gəncliyimizin sınağı, böyük etimada qarşı həssaslığımızın reaksiyası kimi də qiymətləndirilə bilər. Bu sınaqdan Azərbaycan gəncliyinin, o cümlədən müzəffər ordunun sıralarında tarixi düşmənlərimizə qarşı mərdliklə vuruşan əsgərlərimizin üzüağ çıxmasının bünövrəsində hər nə qədər mübarizlik ruhu və iradəsi həlledici rola malik olsa da, bir o qədər də Ali Baş Komandana inam, eləcə də etimad və məsuliyyət tandemi xüsusi əhəmiyyət kəsb etmişdir.

Vətən müharibəsində Azərbaycan gənclərinin torpağa bağlılığı, yurd sevgisi, gücü-qüvvəsi, nəyə qabil olduğu açıq şəkildə nümayiş olundu. Bu, xalqın sabahına doğru aydın yolun görüntüsüdür. Müharibənin aktiv fazası cəbhədə cərəyan etsə də, ondan kənarda baş verən proseslərin idarə olunmasına, zəfərə aparan digər siyasi və təşviqat-təbliğat yönümlu həmlələrin dəstəklənməsinə, nəticə etibarı ilə ölkə imicinə xeyir verən trendlərin formalaşmasına vəsilə olmaq, əslində, gəncliyimizin qarşısında duran ən məsuliyyətli vəzifə idi. Bütün Azərbaycan gəncləri, o cümlədən cəmiyyətimizin elmi-intellektual təbəqəsi həmin həssas dönəmləri məharətlə idarə edən Prezidentin tezis və cağırışlarına cavab olaraq, həm arxa cəbhədə, həm də sosial platformalarda xüsusi fəallıq göstərir, öz sözlərini deyirdilər. Düşmənə cəbhədə dəstək olan qüvvələr Azərbaycanın imicini ləkələmək, həmçinin bizi haqlı mübarizədən çəkindirmək yolu ilə erməniləri xilas etmək xəyalları ilə çırpınır, bunun üçün bütün imkanlarından istifadə edirdilər. Lideri ilə eyni hissləri bölüşən gənclik, ölkə rəhbərinin yerli televiziyalarda söylədiyi nitqləri, həmçinin dünyanın aparıcı media qurumlarına verdiyi qətiyyətli müsahibələri diqqətlə izləyərək daha sarsılmaz iradə ilə düşmənlərimizə qarşı müxtəlif dillərdə bütün sosial platformalarda mübarizə aparır, Azərbaycanın haqlı savaşından vaz keçməyəcəyini, hamılıqla yalnız qələbə üçün səfərbər olduğumuzu dünyaya bəyan edirdilər. Təbii ki, mübariz xalqın və uğurlu iqtidarın bu birliyi, nəinki ermənilərin, eləcə də anti-Azərbaycan  qüvvələrin tarixi məğlubiyyəti üçün lazımi platformanı təmin etmişdir. Azərbaycan Prezidenti xalqa müraciəti zamanı bu məqamı dəqiq ifadə edərək demişdi: “Bizim yolumuz ədalət yoludur və beynəlxalq hüquq yoludur. Biz beynəlxalq hüququn kənarında bir iş görməmişik. Ancaq demişəm ki, güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq və hazırlıq işləri gedirdi, bütün bu illər ərzində, həm iqtisadi sahədə, həm beynəlxalq münasibətlər sahəsində, ilk növbədə, ordu quruculuğu sahəsində. Bu gücü topladıq, lazım olan anda vurduq, əzdik düşmənin başını. Elə əzdik ki, onu əbədi yadda saxlayacaq, əbədi . O damğanı vurduq”.

Bütün sadalanan proseslər Azərbaycan xalqının tarixində misligörünməmiş qələbənin təntənəsi ilə bərabər, Prezidentə sonsuz inam üçün daha  böyük stimul formalaşdırdı.

Tarixdə həmişə birliyə nail ola bilən xalqlar, ölkələr qələbə qazanırlar. Biz Vətən müharibəsindəki milli birliyimizlə, vəhdətimizlə dövlət rəhbərimizin nadir siyasəti ətrafında birləşib dəmir yumruğa çevrildik. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, yaşından, dini inancından, təcrübəsindən asılı olmayaraq cəmiyyətimizin bütün üzvləri, xüsusilə gənclər bu yolda gücünü əsirgəmədi. Bu həm gücdür, həm birlikdir, həm də qüdrət və həmrəylikdir. Doğma Vətənin hər qarış torpağına yenilməz məhəbbətdir.

Əsrin qələbəsi kimi qiymətləndirilən zəfərimizin memarının adı xalqın qəlbində əbədi həkk olundu. Bəli, bu il qalib Azərbaycan gəncləri, həmişəkindən fərqli olaraq xüsusi hiss və qürurla öz “Gənclər günü”nü qeyd edir. Bu gəncliyin güclü Lideri var. Qalib gənclik öz Lliderinə, Azərbaycan Prezidenti İlham Əliyevə həmişə sadiq və minnətdardır!

Famin SALMANOV, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent

"Azərbaycan" qəzeti

  • Поделиться: