Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

10.02.2021 12:05
  • A-
  • A
  • A+

“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda interaktiv dərs keçirilib

“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda interaktiv dərs keçirilib

AMEA-nın Naxçıvan Bölməsində muxtar respublika məktəbliləri üçün “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda interaktiv dərs keçirilib.

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 97-ci ildönümünə həsr olunan dərsdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli əvvəlcə Azərbaycanın dövlətçilik tarixinə qısa nəzər salıb. Bildirib ki, Naxçıvan Azərbaycan ərazisində yaranmış bir sıra böyük və kiçik dövlət qurumlarının mərkəzi, hətta Naxçıvanşahlıq, Azərbaycan Atabəyləri dövləti, Naxçıvan xanlığı və Araz-Türk Cümhuriyyətinin paytaxtı olub. Qeyd edib ki, bu dövlətçilik ənənələrinin davamı olaraq 9 fevral 1924-cü ildə yaradılmış Naxçıvan Muxtar Respublikasının da Azərbaycan dövlətçilik tarixində mühüm yeri var.

Naxçıvanın muxtariyyət statusunun çox mürəkkəb bir şəraitdə, xalqın görkəmli şəxsiyyətlərinin, xüsusilə Naxçıvan əhalisinin inadlı müqaviməti nəticəsində əldə olunduğunu diqqətə çatdıran H.Səfərli muxtariyyətin qazanılması ərəfəsində mövcud olan ağır ictimai və siyasi vəziyyət haqqında şagirdlərə məlumat verib. Alim mənfur ermənilər tərəfindən Bakıda, Naxçıvanda və ölkənin digər bölgələrində törədilən dəhşətli qırğınları xatırladaraq Azərbaycanın əzəli və əbədi torpaqlarına qarşı irəli sürülən ərazi iddialarından bəhs edib.

Dərsdə Naxçıvanın əlverişli coğrafi mövqeyini və strateji əhəmiyyətini məktəblilərin diqqətinə çatdıran natiq Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvana göstərilən yardımlar, Araz-Türk Respublikasının yaradılması kimi önəmli mövzulara da toxunub. Qeyd olunub ki, muxtariyyət məsələsi tarixi torpağımız olan Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvanın Azərbaycanın əsas hissəsindən ayrı salınmasından sonra zərurətə çevrilmişdir. İnteraktiv dərs zamanı erməni millətçiləri və onların havadarlarının daim bu statusun ləğvinə çalışmaları ilə bağlı bəzi faktlara diqqət çəkən alim muxtariyyət statusunun əhəmiyyətini şagirdlərə izah edib.

Məktəblilərə muxtariyyət statusunun verilməsində, qorunub saxlanılmasında müstəsna əhəmiyyəti olan Moskva və Qars müqavilələrinin rolundan danışan alim görkəmli dövlət xadimi Behbud ağa Şahtaxtinskinin Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ haqqında əsl həqiqətlərin sovet rəhbərliyinə çatdırılmasında və muxtariyyətin əldə olunmasındakı xidmətlərindən danışıb.

H.Səfərli dərs zamanı muxtar respublikanın keçdiyi 97 illik inkişafa nəzər salaraq qeyd edib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra onun prinsipiallığı və uzaqgörənliyi sayəsində Naxçıvan ağır siyasi vəziyyətdən xilas olaraq inkişafa qədəm qoydu. Qısa müddət ərzində muxtar respublikada sənaye, iqtisadiyyat, kənd təsərrüfatı, elm, təhsil, eləcə də inkişafın digər sahələrində müşahidə olunan yüksəliş məhz yorulmaz fəaliyyətin, yeridilən uzaqgörən siyasətin nəticəsidir. Son 25 ildə Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişafa nail olub, həyatın bütün sahələrində çox böyük dəyişikliklər baş verib. Onun sözlərinə görə, sosial müdafiə sahəsində aparılan islahatlar, həyata keçirilən bütün tədbirlər Naxçıvan əhalisinin rifah halının yaxşılaşdırılmasına, yaşam səviyyəsinin yüksəldilməsinə xidmət edir. Diqqətə çatdırıb ki, ötən müddət ərzində Naxçıvan ölkəmizin ən qabaqcıl və inkişaf etmiş bölgələrindən birinə çevrilib.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: