Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

12.02.2021 11:32
  • A-
  • A
  • A+

Alternativ və bərpa olunan enerji mənbələri və onun üstünlükləri

Alternativ və bərpa olunan enerji mənbələri və onun üstünlükləri

Dünya əhalisinin təbii artımı, eyni zamanda yaşanan qlobal iqtisadi aktivlik enerjiyə olan tələbatın da yüksəlməsinə səbəb olur.

Hesablamalara görə, son 50-60 ildə ümumdünya üzrə bu tələbat özünü kəskin şəkildə büruzə vermişdir. Belə ki, 1960-cı illərdə təbii ehtiyatlara olan tələbat yer kürəsinin bioloji bərpaetmə gücünün təqribən 70%-nə bərabər idisə, 1980-ci illərdə sözügedən tələbat artıq yer kürəsinin gücünü üstələməyə, yaxın 10-20 il ərzində isə istifadə edilən təbii ehtiyatlar yer kürəsinin yenidən bərpaetmə gücünün ən azı 120%-ni təşkil etmişdir. Bu isə o deməkdir ki, hal-hazıradək planetimizdə istehlak edilmiş ehtiyatların tam bərpa olunması üçün təqribən bir yarım yer kürəsi tələb olunur.

Bütün bunlara baxmayaraq, hələ də dünya əhalisinin müəyyən qisminin elektrik enerjisinə olan tələbatının tam ödənilməsində ciddi çətinliklər mövcuddur. Belə ki, hesablamalara görə hazırda, əsasən inkişaf etməkdə olan Asiya və Afrika ölkələrində yaşayan bir milyarddan artıq insan elektrik enerjisindən məhrumdur. Bu isə dünya əhalisinin təqribən 15%-ni təşkil edir. Elektrik enerjisindən məhrum olan əhalinin 600 milyonu Saxaranın cənubunda, Afrika ölkələrində yaşayır. Əgər ciddi tədbirlər həyata keçirilərsə, yaxın 10 il ərzində bu rəqəm cüzi azalaraq 530 milyon təşkil edə bilər. Bu xüsusda dünya əhalisinin elektrik enerjisinə olan tələbatının tam ödənilməsi bəşəriyyətin önündə duran ən başlıca şərtlərdən biridir.

Proqnozlara görə, ümumdünya üzrə enerjiyə olan tələbatın 2040-cı ilə qədər bir qədər də artacağı və 28%-ə çatacağı gözlənilir. Bu artımın böyük hissəsi isə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD-Organization for Economic Co-operation and Development) daxil olmayan və inkişaf etməkdə olan ölkələrin payına düşəcəkdir. Buna səbəb isə həmin ölkələrin iqtisadi səviyyələrinin yüksəlməsi və buna paralel olaraq enerjiyə olan tələbatın da artmasıdır. Xüsusilə də Çin və Hindistan kimi yüksək əhali sayına malik olan ölkələr başda olmaqla, OECD-yə daxil olmayan ölkələrin enerji istehlakı bu təşkilata daxil olan ölkələrin ümumi enerji istehlakını üstələyəcəkdir. Bu fərqin gələcək dövrlərdə daha da dərinləşəcəyi gözlənilir.

Hazırda dünyada elektrik enerjisinin əldə edilməsində alternativ və bərpa olunan enerji mənbələrinə nisbətən ənənəvi enerji mənbələrindən daha geniş istifadə edilir. Belə ki, hazırda ümumdünya üzrə enerji istehlakının 81,7%-i (o, cümlədən 2,2%-i nüvə enerjisi) ənənəvi enerji mənbələri və 18,3%-i isə alternativ və bərpa olunan enerji mənbələri hesabına təmin edilir.

Hesablamalara görə, gələcəkdə dünyada alternativ və bərpa olunan enerji mənbələri elmi-texniki tərəqqi və yüksək qabaqcıl texnologiyalar sayəsində ənənəvi enerji mənbələrinə nisbətdə ən sürətli inkişaf edən enerji mənbəyi olacaqdır. Lakin bu inkişafa rəğmən, 2040-cı ilə qədər ənənəvi enerji mənbələri hələ də əsas enerji mənbələri olaraq öz yerini qoruyub saxlayacaqdır. Belə ki, ənənəvi enerji mənbələri 2040-cı ilə qədər ümumi enerji istehlakının 77%-ni təşkil edəcəkdir. Xüsusilə, təbii qazın ənənəvi enerji mənbələrinin digər növlərinə nisbətdə daha çox inkişaf edən enerji mənbəyi olacağı gözlənilir. Həmçinin hazırda ümumi enerji istehlakının 33%-ni neft və maye yanacaqları tutduğu halda, 2040-ci ildə bu göstərici cüzi azalaraq 31% təşkil edəcəkdir. Bu müddət ərzində nüvə enerjisinə olan tələbat isə 1,5 dəfə artacaqdır. Bu göstərici ilə nüvə enerjisi dünyada ikinci ən böyük inkişaf edən enerji mənbəyi olaraq qalacaqdır.

Lakin onu da nəzərə almalıyıq ki, daş kömür, neft və təbii qaz kimi ənənəvi enerji mənbələri tükənən resurslardır. Belə ki, hesablamalara görə bu yanacaqlardan istifadə indiki inkişaf tempi ilə davam etsə, təxminən neftin 43-50, qazın 65-73, daş kömürün 150-170, boz kömürün isə 500-550 ildən sonra tükənəcəyi proqnozlaşdırılır.

Beləliklə, enerjiyə olan təlabatımızın ödənilməsində xüsusi çəkiyə malik olan karbohidrogen ehtiyatlarının tükənən olduğunu və artan enerji qiymətlərinin iqtisadiyyata mənfi təsirlərini də nəzərə alsaq, mövcud ehtiyatların gələcək nəsillər üçün qorunub saxlanılmasında, qlobal iqlim dəyişikliklərinin qarşısının alınmasında və eləcə də dayanıqlı enerji təminatının həyata keçirilməsində alternativ və bərpa olunan enerji mənbələrinin əhəmiyyətini və onlardan istifadənin zəruriliyini daha aydın görə bilərik.

Ənənəvi enerji mənbələrinin tükənən olması ilə yanaşı, onlardan istifadə zamanı ətraf mühitə qarşı ciddi mənfi təsirləri də qaçılmaz olur. Belə ki, bərk və ya maye halında olan yanacaqların yandırılması zamanı Kükürd qazı (SO2), Karbon dioksid (CO2), Azot oksidləri (NOx), Metan (CH4) eləcə də toz, his və s. bu kimi zərərli maddələr əmələ gəlir ki, bu da ətraf mühitin və atmosferin xeyli çirklənməsinə səbəb olur. Nəticədə atmosferdə “istixana effekti” yaranır ki, bu da mümkün iqlim dəyişikliklərinə və qlobal istiləşməyə səbəb olur. Təхmini hesablamalara görə isə faydalı qazıntı şəklində çıхarılan enerjidaşıyıcılarının yanmasından hər il atmosferə on milyonlarla ton Karbon qazı (CO2) atılır.

Beləliklə, mövcud ənənəvi enerji mənbələrinin tədricən tükənməsi, həmçinin onlardan istifadə zamanı ətraf mühitə vurulan zərərlərin yüksək olması, bu enerji mənbələrinin daha güvənli, tükənməyən və ətraf mühitə qarşı zərərsiz təsirlərə malik alternativ və bərpa olunan enerji mənbələri ilə əvəz edilməsi zəruriyyətini yaradır.

Beynəlxalq Enerji Agentliyinin (İEA) təsnifatına əsasən, alternativ və bərpa olunan enerji mənbələri beş qrupa bölünür:

1.  Külək enerjisi

2.  Günəş enerjisi

3.  Bioenerji

4.  Geotermal enerji

5.  Hidro enerji (okean və dənizlərdə qabarma daxil olmaqla)

Bütün bunları nəzərə alaraq biz faydalı qazıntılara və nüvə enerjisinə əsaslanan ənənəvi enerji sistemini ilkin sistem, alternativ və bərpa olunan enerji mənbələrinə əsaslanan qeyri-ənənəvi enerji sistemini isə yeni və müasir strateji sistem hesab edə bilərik.

Nəticə olaraq, alternativ və bərpa olunan enerji mənbələrini ənənəvi enerji mənbələrindən fərqləndirən xüsusiyyəti aşağıdakı kimi təsnifləşdirə bilərik:

1. Alternativ və bərpa olunan enerji mənbələri bərpa olunandır və tükənməzdir. Ənənəvi enerji mənbələri isə məhdud ölçüdədir və tükənəndir.

2. Alternativ və bərpa olunan enerji mənbələri ekoloji cəhətdən səmərəlidir və atmosferin karbon qazı kimi zərərli tullantılarla çirklənməsinə səbəb olmaz. Xüsusilə, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə genişləndikcə gələcəkdə ənənəvi enerji mənbələrinə olan tələbat da azalacaq və beləliklə atmosferin çirklənmə səviyyəsi də aşağı düşəcəkdir.

3. Alternativ və bərpa olunan enerji mənbələri təbii və yerli enerji mənbələridir.

Məhz bu kimi mühüm üstünlüklərə malik alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, hər bir ölkə üçün dünya üzrə dominant enerji istehsalçılarına olan asılılığın azaldılması və nəticə etibarilə ölkənin enerji təminatında fasiləsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Başqa sözlə desək, dünya bazarlarında yanacaq məhsullarının qiymətində baş verə biləcək hər hansısa dəyişikliklərdən yaranan risklər minimuma enərək, ölkənin enerji təhlükəsizliyi tam təmin edilmiş olacaqdır.

Beləliklə, alternativ və bərpa olunan enerjini təbiətdə mövcud olan, istifadə zamanı tükənməyən, mühüm və strateji əhəmiyyətə malik enerji mənbəyi kimi adlandırmaq olar.

Coşqun MƏMMƏDOV, AMEA Rəyasət Heyətinin elmi katibi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: