AMEA-nın İqtisadiyyat İnstitutunda “Sosial Tərəqqi İndeksi (STİ) üzrə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı və beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması istiqamətləri” mövzusunda onlayn elmi seminar keçirilib.
Tədbiri müəssisənin direktoru, i.e.d., professor Nazim İmanov açaraq seminarın gündəliyi barədə iştirakçılara məlumat verib.
Sonra institutun Xidmət sahələrinin inkişafı problemləri şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyevin məruzəsi dinlənilib. Professor qeyd edib ki, Sosial Tərəqqi İndeksi (STİ) 2014-cü ildən başlayaraq Harvard Universitetinin professoru M.Porterin rəhbərliyi ilə “Sosial İnkişaf İmperativi” adlı beynəlxalq layihə çərçivəsində analitik qrup tərəfindən nəşr olunur. İndeks sosial inkişafı qiymətləndirməyə və cəmiyyətin rifahının ölçülməsinə xidmət edir. Alimin sözlərinə görə, STİ-ni digər indekslərdən fərqləndirən xüsusiyyət onun iqtisadi göstəricilər üzrə deyil, xalis sosial göstəricilər üzrə hesablanmasıdır. Bu zaman 62% statistik məlumatlardan, 25% ekspert qiymətləndirməsindən və 13% sorğu məlumatlarından istifadə olunur. İndeks iqtisadi inkişaf və sosial tərəqqi arasındakı əlaqəni daha dərindən təhlil etməyə, sosial inkişaf üçün iqtisadi imkanlardan istifadə edərək fərqli ölkələrdə ortaya çıxan uyğunsuzluqların həm obyektiv, həm də subyektiv səbəblərini müəyyənləşdirməyə imkan verir.
Sosial Tərəqqi İndeksi (STİ) ən mübahisəli və ölçülməsi ən çətin olan indekslərdən biridir. Buna baxmayaraq, bu göstərici yüksək gəlirli və ya az gəlirli, inkişaf etmiş və ya inkişaf edən cəmiyyətlərin imkan bərabərliyini müqayisə etmək üçün əsas şərtlərə kifayət qədər cavab verir. İndeksdə “İnsanın təməl ehtiyacları”, “Rifahın təməli” və “İmkanlar” adlı üç sub indeks fərqləndirilir. Burada insanların əsas ehtiyaclarının nə dərəcədə ödənilməsi, rifahının yaxşılaşdırılması, ekologiyanın, təhsilin, səhiyyənin və s. vəziyyəti araşdırılır. 54 sosial tərəqqini ifadə edən göstəricidən istifadə olunur. Məsələn, “İnsanın təməl ehtiyacları” sub indeksi üzrə Azərbaycan 163 ölkə arasında 83,40 balla 76-cı yerdədir ki, bu da orta göstəricidən 8,75 bal yüksəkdir.
Prof. M.Atakişiyev reytinqdə Azərbaycanın mövqeyini yüksəltmək üçün bir sıra təkilflərlə də çıxış edib.
Sonra məruzə ətrafında suallar cavablandırılıb, geniş müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.