AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Xocalı soyqırımı”nın 29-cu ildönümünə həsr olunan tədbiri keçirilib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İradə Hüseynova açaraq qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən bütün beynəlxalq hüquq normaları pozularaq, 366-cı motoatıcı alayın köməkliyi ilə Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridilib. Nəticədə aralarında uşaqlar, qadınlar və qocalar olmaqla, 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Həmin gecə özlərini məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan xalq kimi təqdim edən təcavüzkar erməni millətçilərinin və sərsəm “Böyük Ermənistan” ideoloqlarının etnik təmizləmə və soyqırımı siyasətinin nəticəsində dünyanın ən dəhşətli soyqırımlarından biri törədilib.
Akademik bildirib ki, Xocalı soyqırımı bütün Azərbaycan xalqını sarsıtsa da, onun qələbə ruhunu öldürə bilməyib. Həmin gecə xocalılar özlərini əsl qəhrəman kimi apararaq, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşub, düşmən qarşısında əyilməyib, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazıblar. AR Milli Məclisinin 1994-cü il 24 fevral tarixli qərarına əsasən, 26 fevral Xocalı soyqırımı günü elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir: “Azərbaycan xalqı heç zaman soyqırımı qurbanlarını unutmayacaq. Bu gün biz bu faciəni qalib xalq kimi qeyd edirik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Bu, Xocalı faciəsinə verilə biləcək ən ədalətli cavabdır”.
Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvləri - Novruz Quliyev, Tərlan Məmmədov, İbrahim Əzizov, biologiya üzrə elmlər doktorları - Şahniyar Bayramov, Səftər Süleymanov, biologiya üzrə fəlsəfə doktorları - İsmayıl Zülfüqarov, Ələmdar Məmmədov, Ulduza Qurbanova, institutun gənc əməkdaşları - Aynurə Paşayeva, Aygün Sadıqova və Nərgiz Bayramova bu il Xocalı faciəsinin ildönümünün 44 günlük Vətən müharibəsinin qələbə əhval-ruhiyyəsi ilə qeyd olunduğunu vurğulayıblar.
Tədbirdən sonra müəssisənin bir qrup əməkdaşı Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin önünə əklil qoyaraq faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.