AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş "Xocalı soyqırımı- XX əsrin faciəsi" mövzusunda tədbir keçirilib.
Öncə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən MEK-in direktoru, professor Məmməd Əliyev bildirib ki, erməni-rus hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı XX əsrin ən qanlı hadisələrindəndir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən kütləvi qətl hadisəsi, Ermənistanın işğalçılıq siyasətinin nəticəsində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərin ən dəhşətlisi idi. Direktor xatırladıb ki, həmin gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər yerlə-yeksan edilib. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər dinc azərbaycanlı amansızcasına qətlə yetirilib, 1275 nəfər əsir götürülüb.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılıb. Bu həqiqətlərin bütün dünyaya çatdırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. Qanlı faciənin soyqırımı aktı kimi tanınması istiqamətində görülən silsilə tədbirlərin davamı kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası Xocalı soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından yüksək qiymətə layiqdir. Hər il dünyanın, Avropanın onlarla ölkəsində Xocalı soyqırımının ildönümlərində tədbirlər, sərgilər keçirilir, filmlər nümayiş olunur. Direktor bildirib ki, aparılan sistemli işin nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, eləcə də bir sıra ölkələrin parlamentlərinin müvafiq sənədlərində, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanında Xocalıda törədilmiş kütləvi qırğının soyqırımı aktı olduğu təsdiq edilib.
Həmin dövrü tarixi aspektlərdən təhlil edən direktor bu soyqırımın Azərbaycan xalqının müstəqillik qurmaq niyyətinin qarşısını almaq üçün həyata keçirildiyini bildirib.
"Xocalı faciəsi bizim dərdimizdir, qan yaddaşımızdır. Eyni zamanda Azərbaycan xalqının əsrlər boyu keçdiyi mübarizə yolu, milli azadlıq yoludur! Bu gün Azərbaycan xalqı möhtərəm prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin güclü siyasi rəhbərliyi altında daha qətiyyətli, mübariz və yumruq kimi birdir. İkinci Qarabağ müharibəsi zamanı qısa müddətdə qazandığımız qələbə, ölkəmizin ərazi bütövlüyünün bərpası bunun bariz sübutudur"- deyə direktor Məmməd Əliyev bildirib.
Tədbirdə iştirak edən Xocalı sakini, hazırda Qobustan rayonunda məskunlaşmış, həmin soyqırımı zamanı ailə üzvlərindən atasını, qardaşını itirmiş, o gün ailəlikcə əsir düşmüş və sonradan erməni əsir və meyitləri ilə dəyişdirilmiş Mürvət Məmmədov yaşadığı dəhşətdən danışıb. Yaddaşından heç vaxt silinməyəcək o hadisələri xatırlayan Mürvət Məmmədov hələ 14 yaşında ikən ikinci dəfə köçkün həyatı yaşamasını, 8 nəfərlik ailəsinin parçalanmasını, əsir düşdüyü zaman, düşmənlərin çörək əvəzinə, onlara torpaq yedizdirdiyini, iki qardaşının və atasının nə olüsündən, nə dirisindən 15 il xəbər tutmamasını danışıb.
28 ildən sonra Xocalı şəhidlərinin nigaran ruhlarının dinclik tapdığını vurğalayan Mürvət Məmmədov deyib: "Mən həmişə Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində dövlətin apardığı siyasətə, həmçinin Leyla xanım Əliyevanın “Xocalıya ədalət” kampaniyasına görə minnətdarlıq hiss etmişəm. Ali Baş Komandanımız İlham Əliyevə o qədər minnətdaram ki, bizim arzumuzu gözümüzdə qoymadı, Qarabağın azad edilməsi günlərini də yaşatdı bizlərə!"
Daha sonra Mərkəzi Elmi Kitabxanın rəhbərliyi tərəfindən qonağa kitabxanadan istifadə üçün abunəlik kartı və qiymətli kitab təqdim olunub.
Tədbirdə həmin dəhşətli soyqırıma həsr olunmuş sənədli film nümayiş olunub, faciəni əks etdirən foto və kitablardan ibarət sərgiyə baxış keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.