Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

26.02.2021 16:09
  • A-
  • A
  • A+

Botanika İnstitutunda Xocalı soyqırımına həsr olunan anım tədbiri keçirilib

Botanika İnstitutunda Xocalı soyqırımına həsr olunan anım tədbiri keçirilib

AMEA-nın Botanika İnstitutunda Xocalı faciəsinin 29-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun elmi işlər üzrə direktor müavini, b.e.d. Eldar Novruzov tədbiri açaraq Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə danışıb. Qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya başlanan hücumda Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni terror dəstələri və keçmiş sovet ordusunun Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı alayı iştirak edib. Xocalıda 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın öldürülüb, 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə girov götürülüb. Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırım deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir.  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu qanlı faciəyə siyasi-hüquqi qiymət verildiyini deyib. E.Novruzov 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı zəfərindən danışaraq erməni vandalizmi qurbanlarının qisasının alındığını söyləyib.

İnstitutun Mikologiya laboratoriyasının müdiri, b.e.d. Dilzarə Ağayeva bildirb ki, son yüz ildən artıq dövrdə erməni xalqının bir neçə nəslinin Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilməsi, nəticə etibarı ilə XX əsrin sonlarında sivil dünyanın gözü qarşısında Xocalı soyqırımı kimi faciənin baş verməsinə gətirib çıxarıb. Xocalı soyqırımının hər bir azərbaycanlı üçün unudulmaz səhifə olduğunu qeyd edən alim, bu faciə haqqında dünya ictimaiyyətinin davamlı məlumatlandırılmasının vacibliyini vurğulayıb.

İnstitutun elmi katibi, b.ü.e.d., Xuraman Xəlilova bildirib ki, Azərbaycan xalqı zaman-zaman bədnam qonşularımız tərəfindən təcavüzə məruz qalıb, əzəli dədə-baba torpaqlarından didərgin salınıb, deportasiya edilib, qanlı faciələrin qurbanı olub. Ermənilərin tarixi düşmənçilik siyasəti özünün son həddini Xocalıda törədilən soyqırımı ilə dünyaya nümayiş etdirib. X.Xəlilova qeyd edib ki, ikinci Qarabağ müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin başçılığı və müzəffər ordumuzun canı-qanı bahasına Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirlən bərpa işlərində alimlərin də iştirakının vacibliyini vurğulayıb.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aidə İbrahimova bildib ki, 29 il ötməsinə baxmayaraq Xocalı faciəsinin ağrı və acısı hələ də qəlbimizdə yaşayır. Bu faciənin unudulmaması və tarixi həqiqətlərin gənc nəsillərə çatdırılması hər kəsin, o cümlədən İnstitutun əməkdaşlarının vətəndaşlıq borcudur və hər birimiz üzərimizə düşən missiyanı layiqincə yerinə yetirməliyik.

Tədbirdə soyqırımı əks etdirən videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: