Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

01.03.2021 18:06
  • A-
  • A
  • A+

YT Parkın baş direktoru “Postkonflikt vəziyyətlərdə yenidənqurma və bərpa” mövzusunda beynəlxalq konfransda çıxış edib

YT Parkın baş direktoru “Postkonflikt vəziyyətlərdə yenidənqurma və bərpa” mövzusunda beynəlxalq konfransda çıxış edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə “Postkonflikt vəziyyətlərdə yenidənqurma və bərpa” mövzusunda videoformatda beynəlxalq konfrans keçirilib.

Konfransda Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) baş direktoru, professor Əbülfəz Babayev, bir sıra qurumların nümayəndələri, eləcə də respublika və xarici ölkələrdən alim və mütəxəssislər iştirak ediblər.

Beynəlxalq tədbirə "Qarabağda erməni vandalizminin ekoloji təsirlərinin öyrənilməsi" mövzusunda məruzə təqdim olunub.

Konfransın plenar bağlanış mərasimində çıxış edən professor Əbülfəz Babayev böyük iqtisadi potensiala malik işğal olunmuş ərazilərin bərpası istiqamətində görüləcək işlərdən bəhs edib. O, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ərazilərdə həyatın yenidən dirçəldilməsi, sosial-iqtisadi infrastrukturun qurulması, ekoloji tarazlığın bərpası istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini bildirib. AMEA-da da bu istiqamətdə görülən işləri diqqətə çatdıran Əbülfəz Babayev bu məqsədlə “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Tədbirlər planı”nın hazırlandığını vurğulayıb.

Alimin sözlərinə görə, ölkə başçısının çağırışlarına cavab olaraq, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə akademiyada bu istiqamətdə sistemli tədqiqatlar aparılır, Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfələrin verilməsi məqsədilə əhəmiyyətli işlər görülür: “Hazırda AMEA-da işğaldan azad olunmuş ərazilərin geologiyası, ekologiyası, kənd təsərrüfatı və s. ilə bağlı araşdırmalar aparılır, bu ərazilərin innovasiya siyasətinin formalaşdırılması istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Akademiyada milli intellektual potensialın gücləndirilməsinə töhfələr verilir, aparılan islahatların əsasını elmi tədqiqatların tətbiqi istiqamətləri təşkil edir”.

Baş direktor ölkəmizin bu ərazilərdəki yeraltı və yerüstü təbii ehtiyatlarının hasilatı və emalını həyata keçirə biləcək təcrübə, ixtisaslı kadr, ixrac və investisiya imkanlarına sahib olduğunu vurğulayıb. Qeyd edib ki, azad edilən ərazilərdə iqtisadiyyatın yenidən qurulması üçün ən yeni texnologiyaların tətbiq olunması qısa zamanda yüksək nəticələr əldə edilməsinə şərait yaradacaq.

Professor Ə.Babayev aparılan elmi tədqiqatların nəticələrinin istehsalatda tətbiqini həyata keçirən YT Parkın ölkə iqtisadiyyatının güclənməsinə, elmtutumlu biznesin inkişafına daim dəstək verdiyini, həmçinin biliklər iqtisadiyyatının formalaşmasına və elmi innovasiyaların həyata keçirilməsinə imkan verən platforma rolunu oynadığını bildirib. Qeyd edib ki, texnopark elmi nailiyyətlərin səmərəli təşkilini həyata keçirən qurum kimi ölkəmizdə elmi məhsulların brend kimi formalaşmasına, eləcə də onların daxili və xarici bazarlara çıxışının təmin olunmasına öz töhfəsini verir.

Konfransda, həmçinin postkonflikt vəziyyətlərdə yenidənqurma, bərpa, münaqişənin uzunmüddətli təsirləri, iqlim dəyişikliyi, iqtisadi siyasətin prioritetləri, iqtisadi təhlükəsizlik, mədəni-tarixi obyektlərin bərpası, təhsil, elm, postkonflikt siyasətin və planlaşdırmanın nəzəri məsələləri müzakirə olunub.

İki gün davam edən konfransın sessiyalarında ümumilikdə 55 məruzə dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: