Bu gün AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyevin rəhbərliyi ilə AMEA Rəyasət Heyəti aparatının Elmi tədqiqatların əlaqələndirilməsi şöbəsinin, AzScienceNet elm kompüter şəbəkəsinin, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin, eləcə də AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin müvafiq əməkdaşlarının iştirakı ilə onlayn müşavirə keçirilib.
Tədbiri giriş sözü ilə açan akademik Rasim Əliquliyev qeyd edib ki, son dövrlərdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə AMEA-da aparılan kompleks islahatların mühüm bir hissəsini elmi müəssisələrin strukturunun yenilənməsi, idarəetmənin təkmilləşdirilməsi, elmin maliyyələşdirilməsinin optimallaşdırılması, o cümlədən, elmi tədqiqat planlarının müasir dövrün çağırışlarına və milli maraqlara müvafiq şəkildə müəyyənləşdirilməsi təşkil edir. Qeyd olunan istiqamətlərdə aparılan islahatlar, eləcə də elektron elmin formalaşdırılması və inkişaf etdirilməsi Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının informasiyalaşdırılmasının genişləndirilməsini və qarşıda duran vəzifələrin müzakirəsini zəruri edib. Alim qeyd edib ki, respublikanın elmi qurumlarında aparılan tədqiqatların təşkili və idarə olunmasında koordinasiya işlərinin effektivliyinin yüksəldilməsi üçün müasir elektron elm texnologiyalarının imkanlarından geniş istifadə olunmasına böyük ehtiyac var.
Onlayn tədbirdə çıxış edən AMEA Rəyasət Heyəti Aparatının Elmi tədqiqatların əlaqələndirilməsi şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəna Qasımova xatırladıb ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 fevral 2018-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılıb. Onun sözlərinə görə, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) dəstəyi ilə 2016-cı ildə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının nəzdində müvafiq elmi problemlər üzrə fəaliyyət göstərən 16 elmi şuranın veb-saytı hazırlanıb, 2019-cu ilin iyunundan 2020-ci ilin avqust ayınadək olan dövr ərzində 123 elmlər doktorluğu və 427 fəlsəfə doktorluğu üzrə elmi-tədqiqat işlərinin mövzusu qeydiyyata alınıb.
AMEA Rəyasət Heyətinin 4 fevral 2021-ci il tarixli Qərarı ilə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının nəzdində yaradılan 6 yeni problem şurasının informasiyalaşdırılması məsələsinə toxunan Rəna Qasımova müvafiq problem şuralarının veb-saytlarının hazırlanması, səmərəli şəkildə istismarının təmin edilməsi, informasiyaların saxlanılması və arxivləşdirilməsi üçün zəruri kompüter və yaddaş qurğularının əldə olunması, informasiyaların əlçatanlığının təmin edilməsi və s. kimi mühüm məsələlərə diqqət çəkib.
Onlayn tədbirdə çıxış edən İTİ-nin elmi işlər üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov informasiya sistemlərinin yaradılmasının konseptual məsələləri, arxitektur prinsipləri, həmçinin verilənlər bazalarının AzScienceNet elm kompüter şəbəkəsinin Verilənlərin Emalı Mərkəzində yerləşdirilməsi məsələlərinə toxunub.
Daha sonra akademik Rasim Əliquliyev Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının informasiyalaşdırılması istiqamətində qarşıda duran bir sıra mühüm məsələlərdən, bütövlükdə, elektron elmin formalaşadırılmasının təşkili və menecmentinin daha yüksək səviyyədə həyata keçirilməsinin zərurətindən danışıb.
Onlayn müşavirədə müzakirəyə çıxarılan ikinci məsələ “Elmi Kadrlar” Milli İnformasiya Sisteminin formalaşdırılması və istismar vəziyyəti ilə bağlı olub. Bununla əlaqədar çıxış edən AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin baş mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru Dilquşa Mirzəyeva qeyd edib ki, bu sistem “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə yaradılıb. Onun sözlərinə görə, “Elmi Kadrlar” Milli İnformasiya Sistemi istismara təqdim edildikdən sonra ötən müddət ərzində ümumilikdə AMEA-nın müvafiq elmi müəssisələrində çalışan 4052 nəfər qeydiyyatdan keçib.
Tədbirdə, həmçinin Milli İnformasiya Sisteminin imkanlarından söhbət açılıb, vurğulanıb ki, elmi işlər, elmi və elmi-pedaqoji işçilər haqqında informasiya resurslarının, elmi tədqiqatlar haqqında məlumat bazasının formalaşdırılması və elmi informasiyanın əlçatanlığının təmin edilməsi, elmi fəaliyyətin qiymətləndirilməsi və monitorinqi sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, eləcə də təşkilatlar üzrə elmi fəaliyyətin monitorinqinin və qiymətləndirilməsinin aparılması sistemin əsas prioritet istiqamətlərindəndir. Sistem, həmçinin elmmetrik və analitik qiymətləndirmələrin aparılması, müxtəlif kombinasiyalı sorğular əsasında hesabatların əldə olunması və elektron hesabat formalarının hazırlanması baxımından mühüm əhəmiyyətə malikdir.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov Milli İnformasiya Sisteminin istismarı ilə bağlı qarşıya çıxan problemlərin aradan qaldırılması barədə danışıb. Qeyd edib ki, sistemdə elmi kadrların müvafiq məlumatlarının mütəmadi olaraq yenilənməsi və məsul şəxslər tərəfindən diqqət mərkəzində saxlanılması vacibdir.
Sonda bir sıra həlli vacib olan məsələlər müzakirə olunub, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.