AMEA-nın Folklor İnstitutunda “Kamran Əliyev: tanınmış ədəbiyyatşünas, unudulmaz insan” mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbir görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Kamran Əliyevin xatirəsinə həsr edilib.
Əvvəlcə konfrans iştirakçıları mərhum alimin II Fəxri xiyabandakı məzarını ziyarət ediblər.
Tədbirdə institutun direktoru, akademik Muxtar İmanov Kamran Əliyevin yaradıcılıq yolundan danışıb, onun Azərbaycan romantizminin görkəmli tədqiqatçılarından biri olduğunu vurğulayıb. Bildirib ki, alim tədqiqatlarında problemlərə hər hansı bir yazıçının yaradıcılığının, hər hansı bir ədəbi cərəyanın poetik sistemindən çıxış edərək qiymət verməyə çalışıb.
Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək K.Əliyevin romantizm və realizmlə bağlı yazdığı əsərlərə diqqət çəkib, xüsusilə onun Cəlil Məmmədquluzadə irsinin tədqiqi ilə bağlı məqalələrini mirzəcəlilşünaslıqda yeni hadisə kimi qiymətləndirib. K.Əliyevin mükəmməl ədəbiyyatşünas və folklorşünas olduğu qədər, həm də mükəmməl bir dilçi alim olduğunu deyən akademik qeyd edib ki, folklor və romantik ədəbiyyat mövzusu mərhum alimin adı ilə bağlıdır.
Sonra institutun şöbə müdirləri - filologiya elmləri doktoru, professor Cəlal Qasımov və filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Abbasovanın məruzələri dinlənilib.
Konfrans işini dörd bölmə üzrə davam etdirib. Bölmələrdə alimin həyat və yaradıcılıq yolunu əks etdirən 40-dək məruzə dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.