Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

16.03.2021 10:04
  • A-
  • A
  • A+

Ordubad folklor mühitindən bəhs edən monoqrafiyanın təqdimatı olub

Ordubad folklor mühitindən bəhs edən monoqrafiyanın təqdimatı olub

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovanın “Ordubad folklor mühitinin regional xüsusiyyətləri” monoqrafiyasının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev hər bir xalqın, millətin təşəkkülü prosesində onun folklor nümunələrinin də milli sərvət kimi zənginləşdiyini, inkişaf etdiyini söyləyib.

Ulu öndər Heydər Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təsis edilməsi haqqında” 7 avqust 2002-ci il tarixli Sərəncamını xatırladan alim bölmənin fəaliyyəti dövründə Naxçıvan bölgəsinin hərtərəfli tədqiqata cəlb olunduğunu və mühüm elmi nəticələrin qazanıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı şöbələrindən olan Folklorşünaslıq şöbəsi də ötən dövr ərzində öz elmi istiqaməti üzrə yüksək işlər həyata keçirib. Yenicə işıq üzü görən monoqrafiya məhz zənginliyi və milli köklərə bağlılığı ilə seçilən Ordubad folklor mühiti ilə bağlı uzunmüddətli tədqiqatların nəticəsidir.

“Ordubad folklor mühitinin kompleks tədqiqi monoqrafik təqdimatda” mövzusunda məruzə edən institutun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov bildirib ki, təqdim edilən nəşr sanballı elmi-tədqiqat işi kimi Ordubadın tarixi, etnoqrafiyası, coğrafi xüsusiyyətləri, təsərrüfat və məişət həyatı haqqında dolğun informasiya mənbəyidir. Müəllif əsərdə Ordubad bölgəsinin folklor nümunələrinin toplayıcısı olmaqla yanaşı, həm də tədqiqatçılıq bacarığını sərgiləyib. Belə ki, kitabda folklor nümunələri həm ümumtürk folkloru kontekstində, həm də Azərbaycanın digər regionlarına məxsus örnəklərlə müqayisəli şəkildə öyrənilib.

E.Məmmədov giriş, dörd fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət əsərin hər bir fəslinin mövzunu geniş və bənzərsiz şəkildə əhatə etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Vurğulanıb ki, 200-ə yaxın Azərbaycan, rus və türk dillərində mənbələrə müraciət edən tədqiqatçı Aytən Cəfərova sonda, sözün əsl mənasında, Ordubad folklor mühiti ilə bağlı mükəmməl bir tədqiqat işi ortaya qoyub, folklorşünaslıq elmi üçün sanballı mənbə ərsəyə gətirib. Yeni monoqrafiya, həmçinin naxçıvanşünaslıq elminin zənginləşdirilməsi üçün əhəmiyyətli əsər sayıla bilər.

Sonra institutun əməkdaşları, filologiya üzrə fəlsəfə doktorları Zülfiyyə İsmayıl və Çinarə Rzayeva çıxış edərək monoqrafiya ilə bağlı fikirlərini bölüşüblər.

Sonda çıxış edən nəşrin müəllifi Aytən Cəfərova tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: