Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

“Dədə Qorqud” jurnalı beynəlxalq elmi bazaya daxil edilib
29.03.2021 15:11
  • A-
  • A
  • A+

“Dədə Qorqud” jurnalı beynəlxalq elmi bazaya daxil edilib

AMEA-nın Folklor İnstitutunun elmi məqalələr toplusu olan “Dədə Qorqud” jurnalı “Index Copernicus” beynəlxalq elmi bazasına daxil edilib.

“Dədə Qorqud” jurnalı Azərbaycan, rus, ingilis və türk dillərində akademik səviyyədə araşdırılan və elmi heyət tərəfindən müsbət qiymətləndirilən orijinal məqalələrin nəşrini həyata keçirir. Jurnalda folklor nəzəriyyəsi, folklorun janr sistemi və poetikası, folklor və yazılı ədəbiyyat, dünya xalqlarının folkloru, Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqi məsələləri yer alır.

“Dədə Qorqud” elmi-ədəbi jurnalında “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar”, “Folklorşünaslıq: problemlər, tədqiqlər”, “Azərbaycan folklorundan yeni nümunələr”, “Qardaş türk folklorundan örnəklər”, eləcə də “Folklorşünas təqvimi”, “Folklor həyatından”, “Rəylər” və “Yeni nəşrlər” kimi başlıqlar altında məqalələr dərc olunur. 2001-ci ilin aprel ayından ildə dörd buraxılışı nəşr edilən jurnalın bu günə kimi 71 sayı işıq üzü görüb.

Son illər ölkəmizin hüdudlarından kənarda Avropada və Orta Asiyada da jurnal böyük marağa səbəb olub. Belə ki, “Dədə Qorqud” jurnalında Orta Asiya respublikaları, eləcə də İran, Rusiya, Türkiyə, Estoniya və s. ölkələrdən də məqalələr əksini tapıb. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan elmi nəşrlər sırasındadır.

Qeyd edək ki, “Dədə Qorqud” jurnalının baş redaktoru filologiya elmləri doktoru, professor Ramazan Qafarlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: