Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

06.04.2021 20:27
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Aprelin 6-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin üzvləri və aidiyyəti şəxslər iştirak ediblər.

İclası akademik Ramiz Mehdiyev açaraq yığıncağın gündəliyi barədə iştirakçılara məlumat verib.

Sonra akademik Ramiz Mehdiyev Azərbaycan Respublikasında elmin inkişafında böyük xidmətlərinə görə ölkə başçısı tərəfindən “Şərəf” ordeninə layiq görülən akademik Nailə Vəlixanlıya ordeni təqdim edib. Həmçinin akademik Ramiz Mehdiyev tərəfindən akademiklər Cəmil Əliyev, Tofiq Nağıyev və AMEA-nın müxbir üzvü Qorxmaz İmanova ölkəmizdə elmin inkişafındakı xidmətlərinə görə AMEA-nın Fəxri fərmanı təqdim olunub.

Daha sonra iclasda elmi-təşkilati məsələlər müzakirə edilib. Müzakirəyə çıxarılan ilk məsələ AMEA-da aparılacaq elmi tədqiqat işlərinin planlarının təsdiq edilməsi haqqında olub. Mövzu ilə bağlı çıxış edən AMEA-nın akademik-katibi, akademik Adil Qəribov bildirib ki, elmi müəssisə və təşkilatların həm cari il, həm də 2021-2025-ci illəri əhatə edən elmi tədqiqat işlərinin planları hazırlanıb. Akademik-katib diqqətə çatdırıb ki, iş planları müəssisələr tərəfindən elmi bölmələrə təqdim olunub, geniş müzakirələr aparıldıqdan sonra ümumiləşdirilərək AMEA Rəyasət Heyətinə göndərilib. Akademik Adil Qəribov iş planlarının hazırlanması zamanı Azərbaycan dövlətinin maraqları, müasir dövrün çağırışları və real nəticələrə hədəflənən tədqiqatların nəzərə alındığını söyləyib.

Müzakirələrdən sonra AMEA Rəyasət Heyəti akademiyada aparılacaq elmi tədqiqat işlərinin planlarını təsdiq edib.

Həmçinin Akademiyanın çoxcəhətli fəaliyyətinin idarəolunması, daha dinamik və çevik şəkildə fəaliyyət göstərməsi məqsədilə AMEA Rəyasət Heyəti aparatının və AMEA-nın elmi bölmələrinin təklifləri və müəssisələrin xüsusiyyətləri nəzərə alınmaqla, Akademiyanın elmi müəssisə və təşkilatlarının yeni strukturu təsdiqlənib.

İclasın müzakirəsinə çıxarılan növbəti məsələ AMEA-da Büdcə xərclərinə nəzarət komissiyasının yaradılması haqqında olub. Müzakirələr nəticəsində akademik Adil Qəribovun sədrliyi ilə sözügedən komissiyanın yaradılmasına dair qərar qəbul edilib.

Yığıncaqda AMEA-nın elmi müəssisə və təşkilatlarında baş direktor, icraçı direktor, Təchizat və xidmət şöbəsi müdiri və menecer vəzifələrinin əməkhaqlarının “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na əsasən ödənməsi də qərara alınıb.

Daha sonra iclasın gündəliyinə Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsinə dair AMEA-nın Tədbirlər planının təsdiqi məsələsi çıxarılıb. Mövzu ilə bağlı məlumat verən akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısı tərəfindən Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalanıb və bununla əlaqədar AMEA-ya müvafiq tapşırıqlar verilib. Akademik sözügedən Sərəncamdan irəli gələrək AMEA-nın Tədbirlər planının hazırlandığını və artıq bir sıra müəssisələr tərəfindən tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

AMEA Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsinə dair AMEA-nın Tədbirlər planını təsdiqləyib.

Tədbirdə, həmçinin “Elm və həyat” elmi-populyar jurnalının 60 illik, AMEA-nın müxbir üzvləri Bəxtiyar Əliyev və Ramiz Alıquliyevin 60, Nüşabə Araslının 80 və texnika elmləri doktoru Mahir Rəsulovun 70 illik yubileyləri haqqında müvafiq qərarlar qəbul olunub.

İclasda AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi müəssisələrinin, eləcə də A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi şurasının yeni tərkibi təsdiqlənib.

Daha sonra AMEA-nın Biofizika İnstitutunda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktoranturanın yaradılması haqqında qərar qəbul olunub.

Rəyasət Heyətinin müvafiq qərarları ilə akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunun, AMEA-nın müxbir üzvü Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun, müxbir üzv Namiq Cəlilov isə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru vəzifələrinə təsdiq ediliblər.

Sonda bir sıra elmi-təşkilati və kadr məsələlərinə baxılıb.

Qeyd olunan məsələlər ətrafında AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev, vitse-prezidentlər – akademik İsa Həbibbəyli, akademik Tofiq Nağıyev, akademik İradə Hüseynova, akademik Rasim Əliquliyev, akademik-katib, akademik Adil Qəribov və İşlər idarəsinin müdiri, texnika elmləri doktoru, professor Elton Məmmədov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: