Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

19.05.2021 14:52
  • A-
  • A
  • A+

“Anadır arzulara hər zaman Qarabağ” adlı sərginin açılışı olub

“Anadır arzulara hər zaman Qarabağ” adlı sərginin açılışı olub

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Anadır arzulara hər zaman Qarabağ” adlı sərginin açılışı olub.

Azərbaycanın Vətən müharibəsində parlaq qələbəsi və torpaqlarımızın azad edilməsinə həsr olunmuş sərgi döyüş iştirakçılarına məxsus olmuş eksponatlar əsasında qurulub. Açılış tədbiri karantin şəraitini nəzərə alaraq məhdud sayda iştirakçı ilə təşkil edilib.

Tədbiri muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı açaraq qeyd edib ki, sərginin keçirilməsində məqsəd Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsidir.

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən müharibəsində qazandığımız qələbəni əbədiləşdirmək üçün yaradılmış Vətən müharibəsi fondunun böyük təşəbbüs olduğunu bildirib. İ.Həbibbəyli  Vətən müharibəsində tarix yazan şəhid və qazilərimizin qəhrəmanlığından söz açaraq, onların  şəxsi əşyalarının muzeydə əbədi qorunacağını və gələcək nəsillərə ötürülməsinin vacib olduğunu qeyd edib.

Tədbirdə muzeyin baş direktoru Nailə Vəlixanlı tərəfindən sərginin hazırlanması məqsədilə materialların toplanılması üçün göstərdikləri köməyə görə Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovaya və qardaşı İlham Həşimova, Milli Qəhrəman polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyevə, Milli Qəhrəman polkovnik Şükür Həmidovun qardaşı Əsəd Həmidova, polkovnik Babək Səmidlinin bacısı oğlu Gülməmməd Səfərzadəyə, gizir Xudayar Yusifzadənin anası Radə Qurbanovaya təşəkkürnamələr verilib.

Sərgidə 2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərinin iki qəhrəmanı (general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev), həmçinin Vətən müharibəsinin 101 şəhid və qazisinin əşyaları nümayiş olunur. Burada hərbi uniforma, ləvazimat, qəlpə və güllələr, şəxsi sənədlər, fotoşəkillər göstərilir. Sərginin hər bölməsində müvafiq informasiya panelləri yerləşdirilib.

Sərgidə Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizik Xidməti, Dövlət Sərhəd Xidməti, DİN Daxili Qoşunları, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Mina Təmizlənmə Agentliyi tərəfindən təqdim edilmiş eksponatlar da nümayiş olunur.

Ümumilikdə sərgidə 30 vitrində 557 eksponat, 12 informasiya-məlumat paneli, 7 iriölçülü banner, 204 ədəd fotoşəkil nümayiş olunur.

Həmçinin “Anadır arzulara hər zaman Qarabağ” sərgisinin tərkib hissəsi kimi təşkil olunmuş “Ermənistanın dövlət terrorizmi azərbaycanlı fotoqrafların obyektivində” adlı fotosərgidə 44 günlük müharibə dövründə Azərbaycanın dinc şəhər və kəndlərinə atılmış raket-artilleriya zərbələrinin nəticələri, eləcə də 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərdə həyata keçirilmiş siyasəti nümayiş etdirən 7 fotoqrafın çəkdiyi 50 ədəd fotoşəkil, Gəncə və Bərdəyə atılmış raket zərbələrini nümayiş etdirən onlarla eksponat, 4 iriölçülü diorama nümayiş olunur.

Sonda mərasim iştirakçıları sərgi ilə yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: