AMEA-nın Neft və Qaz İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən “Neft-qaz problemləri və perspektivləri” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.
Konfransda AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, institutun direktoru, akademik Fəxrəddin Qədirov, elmi işlər üzrə direktor müavini, professor Vaqif Qurbanov, elmi katib, təşkilat komitəsinin, eləcə də proqram komitəsinin üzvləri və aidiyyəti şəxslər iştirak ediblər.
Akademik Fəxrəddin Qədirov tədbiri açaraq ümummilli lider Heydər Əliyevin uğurlu neft strategiyasından danışıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyev 1969-cı ildə Azərbaycana rəhbər seçildikdən sonra sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft sənayesində də dərin keyfiyyətli dəyişikliklər baş verib. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin inkişaf tarixində yeni mərhələ başlayıb. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 mln. tona (şərti yanacaq) çatdırılıb. Xəzər dənizinin 80-350 m dərinliklərində zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olunub (Azəri, Çıraq, Günəşli). F.Qədirov 1994-cü il sentyabrın 20-də Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 böyük neft şirkəti ilə “Məhsulun Pay Bölgüsü sazişi” – “Əsrin müqaviləsi”nin imzalanmasının Azərbaycan üçün böyük nailiyyət olduğunu vurğulayıb.
Daha sonra Neft və Qaz İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Vaqif Qurbanov diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu “Yeni neft strategiyası”nın həyata keçirilməsinin nailiyyətlərindən biri də Qərbin qabaqcıl texnika və texnologiyalarının Azərbaycana gətirilməsi olub. Həmçinin Azərbaycan neftinin dünya bazarına sərbəst və sürətli çıxışını təmin etmək üçün ixrac boru kəmərləri sistemi yaradılıb, neft-qaz layihələrinə beynəlxalq neft korporasiyaları, bütövlükdə xarici işgüzar dairələr, iri investisiyalar cəlb edilib, dünyanın enerji daşıyıcıları bazarına sürətlə çıxış təmin olunub.
Ümumilikdə 46 tezisin təqdim olunduğu konfrans daha sonra öz işini “Neft və qaz geologiyası”, ”Geokimya”, “Geofizika”, “Geodinamika”, “Geoekologiya”, “Hidrogeologiya”, ”Neft və qaz yataqlarının işlənməsi və istismarı” və “Quyu qazma texnologiyaları” bölmələri üzrə davam etdirib.
Sözügedən bölmə iclaslarında Neft və Qaz İnstitutunun əməkdaşları Aysel Məmmədova, Səidə Pənahova, İsmayıl İsmayılov, Əli Mehdiyev, Fatimə Bayramova, Geologiya və Geofizika İnstitutunun əməkdaşı Aygün Nağızadə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşları İradə Məmmədova, Ümid Səmədli, Aytac Oruczadə və digərləri məruzələrlə çıxış ediblər.
Sonda institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədli konfransın keçirilməsində və təşkilində göstərilən dəstəyə görə müəssisə rəhbərliyinə öz minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.