AMEA-nın Elm Tarixi İnstitutunda Rusiya Elmlər Akademiyası (REA) Arxivinin elmi katibi, tarix elmləri namizədi NadejdaOsipova və
Rusiya Elmlər Akademiyası S.İ.Vavilov adına Təbiət və Texnika Tarixi İnstitutunun direktoru,
REA-nın müxbir üzvü Yuri Baturin ilə görüş keçirildi.
Öncə institutun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli akademiyanın yaranma tarixindən danışdı. AMEA-nın 70 illik tarixə malik olduğunu bildirən institut direktoru bu elm ocağında müxtəlif istiqamətlərdə aparılan elmi araşdırmalar haqqında qonaqlara məlumat verdi.
Elm Tarixi İnstitutunun Azərbaycan elminin dünyanın prioritet elmi-texniki istiqamətlərinə uyğun təşkili baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan M.Seyidbəyli institut qarşısında duran əsas hədəflərin elm və texnikanın tarixi, elmşünaslıq, elm tarixinin mənbəşünaslığı, onun təşəkkülü, inkişafı və müasir vəziyyətinin öyrənilməsi olduğunu bildirdi. Həmçinin, institutun əsas fəaliyyət istiqamətlərindən, burada həyata keçirilən layihələrdən, aparılan elmi-tədqiqat işlərindən söz açdı.
Sonra Yuri Baturin REA-nın arxivində qorunub saxlanılan elmi sənədlər barədə məlmat verərək, burada Azərbaycan elmi və AMEA-ya dair arxiv sənədlərinin də mövcud olduğunu bildirdi.
Qonaq son zamanlar REA-nın maddi-texniki bazasının daha da zənginləşdirildiyini, sənədlərin müasir texnologiyalardan istifadə olunaraq, 3-D çapı vasitəsilə arxivləşdirildiyini diqqətə çatdırdı.
Görüşdə, həmçinin AMEA və REA arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparıldı, kadr və təcrübə mübadiləsi müzakirə olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir