Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  КОНФЕРЕНЦИИ, СОБРАНИЯ

02.11.2023 15:45
  • A-
  • A
  • A+

Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib.

Tədbiri Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədr müavini, akademik Teymur Kərimli açaraq gündəlikdə qoyulan məsələlər barədə məlumat verib. O, şanlı Zəfər bayramının 3-cü ildönümünün layiqincə qeyd edilməsi məqsədilə Humanitar Elmlər Bölməsində hazırlanmış Tədbirlər planını iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, qarşıdan gələn Zəfər Günü ilə əlaqədar Humanitar Elmlər Bölməsinin elmi tədqiqat müəssisələri tərəfindən “Ədəbiyyat İnstitutunun zəfər sevinci” (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu), “Azərbaycan xalqının şanlı zəfər tarixi” (Nəsimi adına Dilçilik İnstitutu), “Bu da nida!” (Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu), “Dastanlaşmış şanlı zəfər” (Folklor İnstitutu), “Zəfər yolu Azərbaycan incəsənətində” (Memarlıq və İncəsənət İnstitutu) mövzusunda tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Elmi şuranın iclasında Humanitar Elmlər Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlının “Ədəbiyyat üzrə Nobel mükafatçıları: dünya bədii yaddaş olimpinin ədəbi və əbədi ulduzları” mövzusunda elmi məruzəsi dinlənilib. O, bildirib ki, həyat üçün vacib əhəmiyyət kəsb edən elm sahələri ilə eyni sırada ədəbiyyat üzrə mükafatın təsis edilməsi Alfred Nobelin mənəvi dəyərləri yüksək qiymətləndirdiyinin göstəricisidir. Alfred Nobel öz vəsiyyətnaməsində ədəbiyyat üzrə mükafatların “idealist yönümlü ən dəyərli ədəbi əsərlər yaradan” müəlliflərə verilməsini qeyd edib. Namizədlərin müəyyən edilməsinə milli, irqi, dini faktorların təsir göstərməməsini, yalnız əsərlərin bədii keyfiyyəti nəzərə alınmaqla ən layiqlilərinin seçilməsini tövsiyə edib.

Ədəbiyyat üzrə laureatın seçilməsində həlledici söz sahibi olan İsveç Akademiyası 1786-cı ildə təsis edilib. Yarandığı gündən ədəbiyyat və dil yönümlü tədqiqatlar üzrə ixtisaslaşdığından oranı çox zaman qeyri-rəsmi səkildə İsveç Ədəbiyyat Akademiyası adlandırırlar. Alfred Nobelin vəsiyyətinə və Nobel Fondunun nizamnaməsinə əsasən, ədəbiyyat üzrə mükafatçıların müəyyənləşdirilməsi bu quruma həvalə olunub.

1901-2023-cü illər ərzində 116 dəfə təqdim edilən Ədəbiyyat üzrə Nobel mükafatının 120 qalibi olub. 1914, 1918, 1935, 1940, 1941, 1942, 1943-cü illərdə bəzi obyektiv və subyektiv səbəblərdən Ədəbiyyat üzrə Nobel mükafatının laureatı olmayıb. 2019-cu ildə ədəbiyyat üzrə Nobel mükafatı 2 nəfərə təqdim edilib. Mükafatın 2018-ci il üzrə qalibi məşhur yazıçı, şair və dramaturq Olqa Tokarçuk, Nobel mükafatı qazanmış sayca 5-ci polşalı sənətkardır. 2019-cu ilin mükafatı isə yazıçısı və ssenarist avstraliyalı Peter Hadnkeyə təqdim edilib. 1904, 1917, 1966 və 1974-cü illərdə bu sahədə mükafatın həmin illər üzrə iki qalibi olub.

1901-2023-cü illərdə bütün sahələr üzrə Nobelin cəmi 14 müsəlman mükafatçısı olub. Onlardan 3-ü Ədəbiyyat üzrə Nobel mükafatının qalibidir. Bu sahədə mükafat qazanan ilk müsəlman yazıçı Nəcib Məhfuzdur. Əsərlərini ərəb dilində yazan yazıçı yalnız fransız dilinə tərcümə olunduqdan sonra dünya tərəfindən kəşf edilib. 1988-ci ildə Nobel mükafatına “bütün bəşəriyyət üçün məna kəsb edən, incəliklərlə zəngin ərəb hekayələrinə və realizmə görə” layiq görülüb. 2006-cı ildə isə Ədəbiyyat üzrə Nobel mükafatı “Doğma şəhərin melanxolik ruhunun axtarışı nəticəsində mədəniyyətlərin toqquşması üçün yeni simvollar tapdığına görə” türkiyəli yazıçı Orhan Pamuka təqdim edilib. 2021-ci ildə ərəb əsilli yazıçı Əbdülrəzzaq Qurna bu mükafatın müsəlman dünyasında alan ən son qalibidir. Tanınmış yazıçı mükafata “mədəniyyətlər və qitələr arasındakı uçurumda müstəmləkəçliyin təsirlərinə, mühacirlərin taleyinə barızmaz və şəfqətli anlayışına” görə layiq görülüb.

Ədəbiyyat üzrə Nobel mükafatı almış yazıçıların ən uzun ömürlüsü Bertran Rasseldir. 98 il ömür sürən ingilis filosofu, məntiqşünas, riyaziyyatçı və ictimai-siyasi xadim, ensiklopedist Bertran Rassel 1950-ci ildə Nobel ədəbiyyat mükafatına layiq görülüb. Bu sahədə mükafat qazanan yazıçıların ən qısa ömürlüsü isə Alber Kamyudur. 47 il yaşayan fransız yazıçı və filosof, ekzistensializm cərəyanının nümayəndəsi Albert Kamyu 1957-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatının qalibi olub.

Nobel ədəbiyyatı mükafatını qazanan ən yaşlı yazıçı Doris Lessinq 2007-ci ildə Nobeli aldığında 88 yaşındaydı. Bu sahədə ən gənc mükafatçı isə Ridyad Kiplinqdir. O, 1907-ci ildə mükafata layiq görüldüyndə 41 yaşından idi. Bu, indiyədək təkrarlanmayan br rekorddur.

1901-2023-cü illərdə Ədəbiyyat üzrə Nobel mükafatının 16 qadın qalibi olub.

Filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı qeyd edib ki, məşhur Nigeriyalı yazıçı, dramaturq, şair, 1986-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatının qalibi Vole Şoinka 2016-cı ildə V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olub. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə institutda tanınmış yazıçı ilə görüş keçirilib.

Elmi şuranın iclasında Humanitar Elmlər Bölməsinin elmi tədqiqat müəssisələrində 2023-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri elan edilib. Doktorant və dissertantlar üçün təyin edilən mövzular Elmi şuranın üzvləri və müəssisə rəhbərləri ilə müzakirə edilib, ən aktual və elmi əhəmiyyət kəsb edən sahələrdə tədqiqatların aparılmasına xüsusi diqqət yetirilib.

Akademik Teymur Kərimli qeyd edib ki, 2023-cü ildə görkəmli dilçi alim, filologiya elmləri doktoru, professor Rəhilə Məhərrəmovanın anadan olmasının 100 illik yubileyidir. Professor Rəhilə Məhərrəmova bütün həyatı boyu - 1945-2011-ci illərdə (66 il) Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat və Dil İnstitutunda, 1969-cu ildən Nəsimi adına Dilçilik İnstitutunda çalışıb. 1950–1968-ci illərdə Azərbaycan dili tarixi şöbəsinin baş elmi işçisi, 1968–1974-cü illərdə həmin şöbənin müdiri, 1974–1978-ci illərdə baş elmi işçisi, 1987–1990-cı illərdə Azərbaycan dili tarixi şöbəsində tarixi qrammatika üzrə qrup rəhbəri, 1990–1995-ci illərdə aparıcı elmi işçisi, 1995-ci ildən 2011-ci ilin avqustun 22-dək (ömrünün sonunadək) baş elmi işçi vəzifəsində səmərəli fəaliyyət göstərib. “Sabirin satirik şeirlərinin leksikası” (1968), “Sabirin dili” (1976), “Mirzə Ələkbər Sabirin söz dünyası” (2006), “Kitabi-Dədə Qorqud”un söz xəzinəsi” (2007) kitabları və çoxsaylı elmi məqalələri Azərbaycan filologiya elminin qiymətli töhfələridir. İclasda professor Rəhilə Məhərrəmovanın xatirəsinin yad edilməsi və yubileyinin yüksək səviyyədə qeyd olunmasına dair Nəsimi adına Dilçilik İnstitutuna müvafiq tapşırıqlar verilib.

Elmi şuranın sədr müavini akademik Teymur Kərimli sonda qarşıdan gələn Zəfər Günü münasibətilə hamını ürəkdən təbrik edib, gənc tədqiqatçılara Azərbaycan elminin məsuliyyətli yollarında uğurlar diləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: