Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  AMEA-nın təsisçiləri

Useynov Mikayıl Ələsgər oğlu (1905-1992)
Mikayıl Ələsgər oğlu Useynov 1905-ci ilin aprel ayında Bakıda anadan olmuşdur. 1911-ci ildə Mikayıl yüksək səviyyəli ümumtədris hazırlığı ilə fərqlənən Bakı realnı məktəbinə daxil olmuş, 1921-ci ildə II dərəcəli 5-ci məktəbdə təhsilini bitirmiş və 1922-ci ildə Azərbaycan Politexnik İnstitutunun mühəndis-inşaat fakultəsinin memarlıq şöbəsinə daxil olmuşdur.
1924-1928-ci illərdə M.Useynov və S.Dadaşov Divanxana, Xan sarayı kimi bu gün də ümumi ideyası və yüksək ifa səviyyəsi ilə insanı heyran edən nadir tikililərdə müfəssəl ölçmə işləri aparmış, 1926-cı ildə dahi Azərbaycan şairi Nizaminin abidəsi üçün açıq müsabiqədə birinci mükafatı qazanmışdılar.

1929-cu ilin dekabrında “Bakı şəhərində mədəniyyət sarayı və kitabxana” mövzusunda diplom layihəsi müdafiə edən M.Useynov mühəndis-memar diplomu almışdır.

1930-1940-cı illər gənc sənətkarın yaradıcılığında məsuliyyətli dövr idi. O, bu illərdə çoxlu yeni yaşayış, ictimai və başqa təyinatlı binalar yaradaraq, Bakı memarlığını xeyli zənginləşdirmişdir. M.Useynovun əsərlərini XX əsrin Azərbaycan memarlığının ən yaxşı nümunələrinə aid etmək olar.

1934-cü ildə Bakıda Sovetlər Sarayı – Azərbaycan SSR-in Hökumət evi üçün elan olunmuş müsabiqə memarlar və bütün Azərbaycan ictimaiyyəti üçün böyük hadisə oldu. M.Useynov və S.Dadaşovun iştirak etdiyi bu müsabiqə Azərbaycanın memarlıq tarixində bir sərhəd oldu – zamanca uzun bir dövrü əhatə edən sonrakı inkişaf mərhələsi bu müsabiqədən başlandı. Artıq gənc memarlar - M.Useynov və S.Dadaşov SSRİ Dövlət mükafatı laureatları sırasında idilər.

Müharibədən əvvəlki illərdə M.Useynovun gördüyü işlər arasında Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi xüsusi yer tutur.

Böyük Vətən müharibəsi Azərbaycan memarlarının yaradıcılığının xarakterini kəskin surətdə dəyişdi. M.Useynov və S.Dadaşovun üzərinə Bakının böyük xalq təsərrüfatı və müdafiə əhəmiyyətli sənaye obyektlərində memarlıq-maskalama işləri üzrə məsuliyyətli vəzifə qoyulmuşdu.

1945-ci ildə Azərbaycan Elmlər Akademiyası sistemində Memarlıq və İncəsənət İnstitutu yaradılmış və Azərbaycan memarlıq tarixinin tədqiqi və yüksək ixtisaslı memar-alimlər və sənətşünaslar hazırlayan mühüm elmi mərkəzə çevrilmişdi.

1949-cu ildə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi münasibəti ilə şairin abidəsini də M.Useynovla F.A.Əbdürrəhmanov birlikdə layihələndirmişdilər. Böyük şairə ilk abidə M.Useynovun tərəfindən layihələndirilmiş və 1947-ci ildə Gəncədə qoyulmuşdur.

1949-cu ildə M.Useynov Azərbaycan Dövlət İctimai Kitabxanası binasının layihəsini yaratmış, Azərbaycan Elmlər Akademiyasının binalar kompleksinin layihəsini işləyib hazırlamışdır.

Müharibədən sonrakı illərdə inşaat sürətinin artması Azərbaycan memarları qarşısında kütləvi yaşayış evlərinin sənayeləşdirilməsi və tipləşdirilməsi problemini qoymuşdu. Bu çətin məsələnin həyata keçirilməsinə qoşulan M. Useynov 1949-50-ci illərdə kütləvi tikinti üçün Bakının və Abşeronun özünəməxsus təbii-iqlim şəraiti nəzərə alınmaqla, yaşayış evlərinin bir sıra layihələrini yaratmışdır.

1957-1959-cu illər görkəmli dövlət xadimlərinə, yazıçılara, şairlərə qoyulmuş abidələr cəhətdən məhsuldar olmuşdur. Bu illər ərzində M.Ə.Useynov bir-birinə bənzəməyən maraqlı abidələr: Moskvada və Naxçıvanda V.İ.Leninin, Bakıda və Qazaxda Səməd Vurğunun, Bakıda Mehdi Hüseynzadənin abidələrini və Bakıda “Azad qadın” heykəlini yaratmışdır.

Azərbaycan Dövlət Konservatoriyasının genişləndirilməsi zərurəti ilə bağlı olaraq, M.Useynov 1964-cü ildə memarlarla birgə opera studiyasının yeni korpusunun layihəsini işləyib hazırlamışdır.

Yeni “Moskva” mehmanxanası 1977-ci ildə Bakıda akademik M.Useynov tərəfindən son dərəcə gözəl relyefli sahədə, geniş park massivi ilə üzbəüz layihələndirilmiş və tikilmişdir.

1967-ci ildə istifadəyə verilmiş Bakı metropoliteni stansiyalardan biri akademik M.Useynovun layihəsi üzrə həyata keçirilmiş “Nərimanov” yeraltı stansiyasıdır.

Azərbaycan SSR Elmlər Akademiyasının mərkəzi kitabxanası M.Useynovun son illər yaratdığı parlaq əsərlərdəndir.

M.Useynov iki yüz əlli layihə yaratmış, onların çoxu tikilmişdir.

Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq Memarı, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki memarlıq doktoru, professor M. Useynovun yaradıcılıq, elmi-pedaqoji və ictimai fəaliyyəti geniş və çoxcəhətlidir.

M.Useynov ölkəmizin yeganə alimidir ki, İngiltərənin kraliçası II Yelizavetanın himayəsində olan İngiltərə və İrlandiyanın Kral Asiya cəmiyyətinin fəxri üzvü seçilmişdir.

Azərbaycanı dünyaya tanıdan, müasir klassikimiz olan M.Useynov 1992-ci ilin iyununda Beynəlxalq Memarlar Akademiyasının (BMA) fəxri üzvü seçilmişdir. Dünya şöhrətli memarlar Djonson Filipp (ABŞ), Vaqo Pyer (Fransa), Kurakava Kipo (Yaponiya), Korea Çarlz (Hindistan) və b. da bu akademiyanın fəxri üzvü olmuşlar.

Azərbaycan memarlıq məktəbinin qüdrətli nümayəndəsi, memarlıq tarixçisi, professor (1939), SSRİ Memarlıq Akademiyasının həqiqi üzvü (1950-1956; müxbir üzv 1941), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), SSRİ xalq memarı (1970), Sosialist Əməyi Qəhrəmanı (1985), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), SSRİ Dövlət mükafatı laureatı (1941), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967), memarlıq doktoru (1950), Böyük Britaniya və İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri üzvü (1985), SSRİ Ali Sovetinin IV və V çağırış deputatı (1954-1962), Azərbaycan SSR Ali Sovetinin deputatı (3-cü çağırış – 1951-1954, 6-11-ci çağırışlar – 1963-1990) olmuşdur.

Professor Mikayıl Useynov Akademiyanın həqiqi üzvü, 15 təsisçidən biri seçiləndə cəmi 40 yaşı var idi.

Mikayıl Useynov 1992-ci ilin payızında 87 yaşında vəfat etmişdir.