İsmailiyyə binasını Bakı milyonçusu Musa Nağıyev dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə tikdirib. Venesiya qotikası üslubunda inşa etdirilmiş sarayın memarı polyak İ.K.Ploşkodur. Azərbaycanın müstəqillik ideyaları ilk dəfə məhz bu binada səslənib. 1918-ci ilin mart hadisələrində isə bina ermənilər tərəfindən yandırılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binası (XX əsrin 60-cı illəri)
Azərbaycan Milli Elmlər Akademiyası və onun elmi-tədqiqat institutlarının böyük bir hissəsi keçən əsrin 60-cı illərində memar Mikayıl Hüseynovun layihəsi əsasında tikilmişdir. Binalar klassik memarlıq xüsusiyyətləri ilə modern memarlıq üslubunu özündə birləşdirib.
AMEA Əlyazmalar İnstitutu - Tağıyevin Qızlar Məktəbi
Tağıyevin qızlar məktəbi binasının layihəsi 1892-1904-cu illərdə Bakının baş memarı olmuş İ.V.Qoslavskının əməyinin məhsuludur. Bina qotik üslubda tikilib. O zaman belə bir məktəb nəinki Bakıda və Rusiyada, hətta bütün İslam aləmində yox idi. Bina 5 noyabr 1896-cı ildə rəsmi olaraq qızlar məktəbinə verilib.
1918-1920-ci illərdə isə bu binada Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamenti yerləşib.
Milli Azərbaycan Tarixi Muzeyi
Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi bu bina məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış evi olub. Bina Bakı şəhərinin baş memarı olmuş İ.V.Qoslavskinin layihəsi əsasında inşa edilib.
Binanın tikintisi zamanı müxtəlif memarlıq üslublarından istifadə olunmuşdu. Belə ki, simmetrik baş fasad italyan intibahının təmtəraqlı formalarında, təmizlik otağı fransız rokokosu, yemək otağı flamand barokkosu, yataq otağı isə modern üslubundadır.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi
Nizami adına Ədəbiyyat muzeyinin binası (Keçmiş “Metropol” mehmanxanası) memar Məşədi Qasım bəy Hacıbababəyovun layihəsi əsasında qotik üslubunda tikilib. 1914-15-ci illərdə memar A.A.Nikitin binanın layihəsində bir sıra dəyişikliklər etdikdən sonra burada “Metropol” oteli fəaliyyət göstərib.
Dendrologiya İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895-1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olmuşdur.