Həbibbəyli İsa Əkbər oğlu 16 oktyabr 1949-cu ildə Naxçıvan MR Şərur rayonunun Danzik kəndində anadan olmuşdur.
1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Naxçıvan Filialını “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1971-1975-ci illərdə Naxçıvan MR Şərur rayonunun Danzik kənd məktəbində əmək fəaliyyətinə başlamışdır.
1975-1996-cı illərdə Naxçıvan Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, Tələbə Elmi Cəmiyyətinin sədri (1968-1971, 1975-1990), 1991-1996-cı illərdə elmi işlər üzrə prorektor işləmiş, 1996-2013-cü illərdə həmin universitetin rektoru olmuşdur.
2013-2019-cu illərdə AMEA-nın vitse-prezidenti, 2019-2021-ci illərdə birinci vitse-prezidenti, 2021-2022-ci illərdə vitse-prezidenti olmuşdur. 2022-ci ilin oktyabrın 25-də AMEA-nın Ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş, 26 oktyabr 2022-ci il tarixində ölkə başçısı tərəfindən bu vəzifəyə təsdiqlənmişdir. Həmçinin 2013-cü ildən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktorudur.
1980-ci ildə “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda namizədlik, 1996-cı ildə “C.Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1997-ci ildə professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2003-cü ildə isə həqiqi üzvü seçilmişdir.
14 monoqrafiya, 1 dərslik, 2 dərs vəsaiti, 1000-dən çox elmi məqalənin, 17 broşürün müəllifidir. Türkiyə, Rusiya, Çin, Fransa, Polşa, Macarıstan, Bolqarıstan, Ukrayna, İran, Monqolustan, Qazaxıstan, Özbəkistan, Cənubi Koreya, Litva, Gürcüstan, Misir, Türkmənistan və Qırğızıstanda kitabları və məqalələri nəşr edilmiş, məruzələri dinlənilmişdir. Elmi rəhbəri olduğu 7 nəfər elmlər, 39 nəfər isə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir.
Ədəbi cərəyanlar, ədəbi növlər və janrlar üzrə tədqiqatlar aparmış, ilk dəfə satiranın ədəbi növ olduğunu müəyyən etmişdir. Azərbaycançılıq, ədəbiyyatın dövrləşdirməsi və mollanəsrəddinçilik konsepsiyalarını hazırlamışdır. XIX-XXI əsrlər Azərbaycan ədəbiyyatı tarixinə dair çoxsaylı tədqiqatları vardır. C.Məmmədquluzadənin irsini tədqiq etmiş, 4 cildlik “Əsərləri”ni Bakıda (2004), 2 cildlik “Seçilmiş əsərləri”ni Naxçıvanda (2009), əsərlərindən seçmələri Rusiya (1999), Pakistan (2004), Misir ƏR (2008), Macarıstan (2011), Litva (2017), Bolqarıstan, Özbəkistan və Tacikistanda (2019) nəşr etdirmişdir. Mirzə Cəlilin nəslinin Fransa və İrandakı davamçılarını tapmış (1992-1998), Polşadakı varislərinin Bakıya səfərini təşkil etmişdir (16-21 noyabr 2019). M.T.Sidqi, M.Şahtaxtlı, M.S.Ordubadi, E.Sultanov və M.C.Cəfərovun naməlum əsərlərini nəşr etdirmişdir.
1998-2005-ci illərdə Naxçıvan MR Ali Məclisinin deputatı seçilmiş, Beynəlxalq münasibətlər və insan hüquqları komissiyasına rəhbərlik etmişdir. AR Milli Məclisinin III (2005), IV (2010), V (2015) və VI (2020) çağırış deputatıdır. AR Milli Məclisinin Elm və təhsil komitəsinin sədri (2015-2020) kimi “Elm haqqında” (2016), “Məktəbəqədər təhsil haqqında” (2017), “Peşə təhsili haqqında” (2018), “Ümumi təhsil haqqında” (2019) qanunları hazırlamışdır. Milli Məclisin Toponimiya Komissiyasının sədridir (2015). AMEA-nın yeni Nizamnaməsinin layihələrinin (2014, 2019, 2022), “Elm məbədi” filminin, “Akademiya marşı”nın müəllifi, “Fizika və lirika” layihəsinin, Təsviri və tətbiqi sənət sərgilərinin təşkilatçısıdır. YAP Siyasi Şurasının üzvü olmuşdur (2013-2021).
Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun (1999), Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü (2001), Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının (2006) və Beynəlxalq Çingiz Aytmatov Akademiyasının həqiqi üzvü (2018), Sankt-Peterburq (2015) və Cənubi Rusiya universitetlərinin (2017), Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin (2021) fəxri doktorudur.
AR “Əməkdar elm xadimi” fəxri adına (1999), “Şöhrət” (2007), “Şərəf” (2009), 1-ci dərəcəli “Vətənə xidmətə görə” (2019) ordenlərinə, AYB-nin “Rəsul Rza mükafatı”na, Beynəlxalq Türk Akademiyasının qızıl, gümüş medallarına və digər medallara, “Tələbələrin elmi tədqiqat işlərinin ən yaxşı təşkilinə görə” döş nişanına layiq görülmüşdür. Oksford Universitetinin “Elmdə ad” və Beynəlxalq Sokrat mükafatlarının laureatıdır.