AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının sədri, akademik İradə Hüseynova avqustun 4-də “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda keçirilən beynəlxalq onlayn konfransda çıxış edib.
Bəşəriyyətin zaman-zaman kataklizmlərlə müşayiət olunan bir sıra epidemiya və pandemiyalarla üzləşdiyini deyən akademik bildirib ki, ilk olaraq 2019-cu ilin dekabrın sonlarında Çinin Uhan şəhərində qeydə alınan və tezliklə bütün dünyada yayılan COVID-19 pandemiyası hətta aparıcı ölkələrin səhiyyə sistemini, iqtisadiyyatını və iş şəraitini, həmçinin müxtəlif elm sahələrini ciddi sınağa çəkmişdir. Statistik məlumatlara əsasən, hazırda bu virusa yoluxan insanların sayı 18 milyonu ötür, onun qurbanlarının sayı isə 700 minə yaxındır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatlarına görə, 139 vaksinin hələlik preklinik tədqiqatlar mərhələsində olduğunu, 26 namizəd vaksin üzərində isə kliniki tədqiqatların aparıldığını deyən akademik İ.Hüseynova bu vaksinlərdən 8-nin birinci, 12-nin ikinci, 6-nın üçüncü mərhələdə olduğunu bildirib. Qeyd edib ki, 13400 koronavirus genomu haqqında məlumatlar bazada yerləşdirilmiş, onların müqayisəli təhlili aparılmış və çoxlu sayda polimorf variantları aşkar edilmişdir.
Bu gün dünya iqtisadiyyatına dəyən zərərin miqdarının trilyonlarla ölçüldüyünü vurğulayan alim koronovirusla mübarizəyə qoşulan və onunla effektiv mübarizə aparan ölkələr sırasında Azərbaycanın da olduğunu bildirib. Onun sözlərinə görə, martın 11-də pandemiya elan olunduqdan sonra bir sıra ölkələr, o cümlədən Azərbaycan tədbirlər planı həyata keçirmiş, karantin rejimi tətbiq etmiş və müxtəlif qabaqlayıcı işlər görməklə infeksiyanın çoxalmasının qarşısını almışdır.
Vitse-prezident əlavə edib ki, Azərbaycanın vaxtında həyata keçirdiyi preventiv tədbirlər nəticəsində ölkəmiz bir çox dövlətlər üçün nümunə olmuşdur. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanda 700-dən çox səhiyyə müəssisəsi, müasir klinikalar inşa edilmiş və əsaslı təmir olunmuşdur. Pandemiya dövründə bu işlər daha da sürətləndirilmiş, səhiyyə sistemi, demək olar ki, yenidən qurulmuşdur. Çoxlu sayda klinika, o cümlədən modul tipli xəsətəxana açılmış, müasir avadanlıqlarla təchiz olunmuş müasir laboratoriyalar fəaliyyətə başlamış, ölkəmizə testlər, süni tənəffüs aparatları gətirilmişdir. Həmçinin ÜST ilə sıx əlaqələr qurulmuş, ölkəmizdən kənarda yaşayan azərbaycanlı mütəxəssislər, Rusiya, Türkiyə, İtaliya və Kubadan olan tibbi heyət ölkəmizə gətirilmişdir. Onlar koronavirusa yoluxmuş xəstələrin müalicəsində iştirak etməklə yanaşı, yerli mütəxəsslər üçün müxtəlif treninq və kurslar da həyata keçirirlər.
“Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən və müdrik siyasət nəticəsində insanların sağlamlığının təmin olunması, eləcə də sosial rifahının yaxşılaşdırıması istiqamətində atılan addımlar öz real nəticələrini verməkdədir”, – deyə vurğulayan İ.Hüseynova qeyd edib ki, bunun nəticəsidir ki, Azərbaycan pandemiya ilə mübarizədə az zərər görən ölkələr sırasındadır.
Ölkə Prezidentinin bu siyasətinə AMEA tərəfindən də dəstək verildiyini qeyd edən alim AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tərəfindən pandemiya ilə mübarizə tədbirləri çərçivəsində imzalanmış müvafiq sərəncamları xatırladıb. Bu sərəncamlarda BTEB qarşısında da mühüm vəzifələrin qoyulduğunu bildirərək, sərəncamlardan irəli gələn vəzifələrin icrası məqsədilə akademiya mütəxəssisləri tərəfindən kütləvi informasiya vasitələrində, eləcə də sosial platformalarda maarifləndirmə işlərinin aparıldığını diqqətə çatdırıb. O, bu mübarizə tədbirlərinə dünyanın aparıcı elmi-tədqiqat müəssisələrində vaksinlərin hazırlanması üzərində çalışan azərbaycanlı alimlərin də qoşulduğunu qeyd edib, onların ölkəmizin nüfuzlu ali məktəblərində təhsil alan tələbələr və gənc tədqiqatçılar üçün ustad dərsləri keçdiyini vurğulayıb.
Akademik İ.Hüseynova AMEA-da postpandemiya dövrü üçün elmi fəaliyyət proqramının hazırlandığını və Rəyasət Heyəti tərəfindən təsdiq edildiyini söyləyib. Koronavirus pandemiyası dövründə Azərbaycan populyasiyası və əhalinin sağlamlığı ilə bağlı tədqiqatların həyata keçirilməsi üçün müəyyən strukturun yaradılması istiqamətində işlərin görüldüyünü bildirib.
Həmçinin akademiyanın müxtəlif elmi-tədqiqat müəsissələrində mart ayından etibarən koronavirusla mübarizə məqsədilə müxtəlif tədbirlərin, o cümlədən respublikanın baş infeksionisti, baş epidemioloqu və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin iştirakı ilə konfransların keçirildiyini, bu tədbirlərdə mövcud vəziyyətlə əlaqədar perspektivlərin müzakirə olunduğunu nəzərə çatdırıb.
AMEA, eləcə də BTEB qarşısında həyata keçirilməsi mühüm olan bir sıra vəzifələrin dayandığını söyləyən alim bu istiqamətdə görüləcək işlərə virus genomu ardıcıllığının oxunması, mutasiya etmiş ştammların aşkarlanması, alınmış nəticələrin nüfuzlu verilənlər bazalarında yerləşdirilməsi, virusun testləşdirilməsi üçün daha dəqiq və sürətli ekspress test metodlarının işlənib hazırlanması, dərman preparatlarının hazırlanması, ÜST-lə əlaqələrin qurulması və gələcəkdə belə hallar baş verərsə hazırlıqlı mütəxəsisslərin yetişdirilməsi və s. daxil olduğunu vurğulayıb.
Vitse-prezident AMEA-nın pandemiya ilə mübarizə tədbirlərinə AR Səhiyyə Nazirliyi, TƏBİB və AR Qida Təhlükəsizliyi Agentliyinin də qoşularaq birgə multidissiplinar tədqiqatlar aparmasının müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib. Əlavə edib ki, Səhiyyə Nazirliyinin AMEA ilə sıx əlaqələr qurması və akademiya alimlərinin potensialından səmərəli istifadə etməsi gələcəkdə pandemiya ilə əlaqədar yaranan bir çox problemlərin həllində, o cümlədən ölkəmizdə vaksinlərin yaradılmasında öz müsbət nəticələrini verə bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.