www.science.az
12.03.2015 00:00

Milli Azərbaycan Tarixi Muzeyinə yeni arxeoloji eksponat daxil olub

AMEA Milli Azərbaycan Tarixi Muzeyinə tunc üzükdən ibarət yeni tapıntı təqdim olunub. Muzeyə təhvil verilmiş üzük Tərtər rayonunun Qızıloba kəndində təsadüfən tapılıb. Üzük en kəsiyi rombvari olan halqadan və yarpaqşəkilli yastı qaşdan ibarətdir. Qaşın üzərinə isə mərkəzində nöqtə olan yeddi ədəd dairə zərb edilib. Onun diametri 18, uzunluğu 21 mm-dir.

Muzeyin Arxeologiya fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə sözügedən tapıntının dövrünün XVII-XIX əsrlərə aid edildiyini bildirib. Üzük təmsil etdiyi dövrün məişətinin və metalişləmə sənətinin öyrənilməsi baxımından əhəmiyyətlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.